Qızılqum səhrasında dəhşətli faciə – 35 il öncə sovet “Tu-154”-nün qəzaya uğramasının səbəbi nə idi…

21

Uçkuduk şəhəri Özbəkistanda, Qızılqum səhrasında yerləşir. 1950-ci illərdə SSRİ-də uran ehtiyatlarının artırılması ilə bağlı mütəxəssislərə yeni yataqların tapılması üçün tapşırıq veriləndə, aparılan kəşfiyyatlar zamanı Uçkudukda zəngin uran yataqları aşkar edilib. Ərazidə kəşfiyyat işlərinə başlayan geoloqlar ilk olaraq səhrada üç su quyusu qazıblar, birindən içmək, birindən yuyunmaq, digərindən isə texniki işlərə istifadə etmək üçün. Şəhərin adı da məhz bundan götürülüb – Üç kuduk (özbək dilində “üç quyu”).

Uçkuduka əvvəlcə qəsəbə tipli şəhər statusu verilib. Ölkənin müxtəlif bölgələrindən mütəxəssislər Uçkuduka işləməyə gəliblər. Qəsəbədə böyük kombinat tikilib. Uçkuduk SSRİ üçün strateji əhəmiyyətli olduğundan qapalı strateji şəhər statusu alıb.

Uçkuduk məşhur “Yalla” qrupunun ifasındakı populyar mahnı ilə də tanınıb. Bir zamanların xitinə çevrilən “Uçkuduk, tri kolodsa” mahnısı dillər əzbərinə çevrilib.

Sovet dövründə Uçkuduku tanıdan daha bir hadisə də olub – Uçkuduk aviaqəzası. Bu aviaqəza SSRİ tarixində ən böyük qəzalardan biri sayılıb.

10 iyul 1985-ci ildə Özbəkistan Hava Yollarına məxsus, Karşı-Ufa-Leninqrad reysini icra edən Tu-154 sərnişin təyyarəsi məhz Uçkudukun üzərində qəzaya uğrayıb.

Reys Karşı şəhərində 4 saatdan artıq ləngiyib. Qum burulğanının yaranmasına görə təyyarənin uşuşuna icazə verilməyib. Temperaturun müsbət 37-38 dərəcə olması təyyarənin salonunda saatlarla oturan sərnişinlərdə narahatlıq yaradıb. O cümlədən iki saat əvvəl eniş edən təyyarə heyətinin üzvlərində də yorğunluq və narahatlıq hiss olunub. Əslində müvafiq təlimata görə, hər uçuşdan sonra təyyarə heyətinin üzvlərinə 24 saatlıq istirahətin verilməsi zəruri bənd kimi göstərilib. Amma bu təlimat növbəti dəfə Karşı-Ufa-Leninqrad reysində pozulub.

Nəhayət, uzun gözləmədən sonra saat 23.00-da təyyarənin uçuşuna start verilib. Artıq saat 23.40-da təyyarə 11600 metr hündürlükdə olub. Sonralar araşdırmalar zamanı məlum olub ki, təyyarə 4600 metr hündürlükdə olanda pilot təyyarənin idarəetməsini avtopilot rejiminə keçirib. Ehtimal olunub ki, avtopilot rejiminə keçdikdən sonra təyyarənin kabinəsində olan heyət üzvləri yatıblar. Bunun nəticəsi olaraq təyyarə lazımi hündürlüyə təlimatda göstərilən sürətlə qalxmayıb və 11600 metr hündürlükdə olanda sürət kəskin şəkildə aşağı düşüb.

Təyyarənin uçuşunda yaranmış problemi ilk olaraq bort mühəndisi hiss edib. Qəza vəziyyətindən çıxmaq isə artıq gec olub. Ehtimal olunub ki, pilot yuxudan oyananda təyyarənin sürəti saatda 260 kilometrə enib və hər şey saniyələrin ixtiyarında olub. Təyyarənin “qarq qutu”sundan pilotun yalnız bu ifadəsi eşidilib: “Təyyarə idarəetməni itirib. Qəza enişi etməyə cəhd edirəm…”

Pilotun bütün cəhdləri nəticəsiz qalıb, təyyarə 77 saniyə ərzində Uçkuduk yaxınlığında səhraya çırpılıb.

Təyyarədə 200 nəfər olub, 191 sərnişin, 9 təyyarə heyətinin üzvü. Aviaqəza nəticəsində hamısı həlak olub.

Qəza ilə bağlı Moskvada xüsusi komissiya yaradılıb. Komissiya üzvləri elə həmin gün hadisə yerinə gələrək araşdırmalara başlayıblar. Rəsmi rəydə aviaqəzanın səbəbi təyyarənin texniki nasazlığı, təyyarədə nəzərdə tutulduğundan artıq yüklənmə və pilotlun sayıqlığının itirilməsi göstərilib.

Komissiyanın tərkibində olan “Vnukovo” hava limanının baş mühəndisi Boris Kalmıkov sonralar hadisə ilə bağlı təəssüratlarını belə bölüşüb:

“Mən qəzalarla bağlı bir çox komissiyaların tərkibində olmuşam. Bu hadisə sovet aviasiya tarixində Tu-154 təyyarələri ilə bağlı ən böyük qəzadır. 200 nəfərin həlak olması dəhşətli bir faktdır. Daha dəhşətlisi isə səhradakı qum üzərində qan ləkələri idi. Bu səhnə gözlərimin önündən getmir…”

Bir qrup ekspert komissiyanın rəsmi rəyinə etirazl bildiriblər və bu haqda Mərkəzi Komitəyə məktub ünvanlayıblar. Ekspertlər təyyarə heyətinin istirahət hüququnun kəskin şəkildə pozulduğunu vurğulayıblar və məsələ ilə bağlı ciddi qərarların qəbul edilməsini zəruri sayıblar.

Qəzaya uğrayan təyyarədə sərnişinlərdən 12 nəfər Özbəkistanda kənd təsərrüfatı üzrə təcrübə mübadiləsinə gələn Polşa vətəndaşları olub. Hadisədən sonra Polşanın SSRİ-dəki səfiri SSRİ Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Həmin ərəfədə, iyul ayının 2-də Andrey Qromıko artıq SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib. Yəni, hadisədən 8 gün əvvəl. Amma 8 gün keçməsinə baxmayaraq Qromıko nazirlikdəki kabinetini tərk etməyib, təhvil-təslim işləri aparılıb.

Polşa səfirliyinin etiraz notasına da məhz Qromıko cavab verib. O, bu notanı yersiz və mənasız adlandırıb: “SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyiniz etiraz notasının hansı məqsəd daşıdığını anlamaq çətindir. Əgər qəzanın məqsədli şəkildə törədilməsini düşünürsünüzsə, nəzərinizə çatdırmaq istərdim ki, qəza zamanı həlak olanların 12 nəfəri Polşa vətəndaşıdırsa, 188 nəfəri SSRİ vətəndaşıdır. Elə bu fakta görə SSRİ Xarici İşlər Nazirliyi etiraz notanızı mənasız sayır…”/musavat.com/