Qızıl zəif dollar qarşılığında bahalaşır

387

Dolların zəifləməsi səbəbindən cümə axşamı səhərdən qızılın qiymətləri yüksəlir, London və Brüssel arasındakı ticarət razılaşması ilə bağlı nikbinlik ABŞ valyutasının bahalaşmasının qarşısını alır və riskə meylliliyi artırır.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Bakı vaxtı ilə saat 08:58-ə olan məlumata görə, Nyu Yorkun “Comex” birjasında qızılın fevral fyuçerslərinin qiyməti 0,08 % və ya 1,55 ABŞ dolları artaraq bir troy unsiyası üçün 1879,65 ABŞ dollarına yüksəlib. Gümüşün mart fyuçersləri 0,11 % artaraq bir unsiya üçün 25,95 ABŞ dollar təşkil edib.

Britaniya-Aİ ticarət razılaşması ilə əlaqədar nikbinlik səbəbiylə bazarlarda treyderlərin riskə qarşı meylliliyi müşahidə olunur. Çərşənbə günü Avropa İttifaqı ilə Böyük Britaniya arasında gələcək tərəfdaşlığa dair razılaşma ilə bağlı danışıqların artıq son mərhələdə olduğu məlum olub. Daha sonra KİV-də tərəflərin ticarət sazişini çərşənbə axşamı və ya cümə axşamı səhər elan edə biləcəyi xəbəri yayılıb.

Bununla əlaqədar ənənəvi qaydada daha etibarlı aktiv hesab edilən ABŞ dolları ucuzlaşır. Nəticədə qızıl başqa valyutada alındıqda daha sərfəli olur və bu, qiymətli metalın qiymətinə müsbət təsir göstərir. Qızıl da etibarlı aktiv sayılsa da, ilin əvvəlindən bu yana pandemiya riski səbəbindən metal artıq 20 % bahalaşıb. İndi qızıl üçün əsas amillərdən biri dolların məzənnəsi olaraq qalmaqdadır.

İnvestorlar bununla bərabər koronavirus ətrafındakı vəziyyəti izləməyə davam edirlər. ÜST-nin məlumatına görə, dünyada yoluxanların ümumi sayı artıq 76,8 milyon nəfərə çatıb. Bunun təxminən 18 milyonu ABŞ-ın, 10 milyonu isə Hindistanın payına düşür. Bir sıra ölkələrdə yoluxma hallarında gündəlik artım maksimuma yaxın olaraq qalır. Eyni zamanda, peyvənd ilə bağlı gözləntilər pandemiyanın nəzarət altına alına biləcəyinə ümid verir və bu, iqtisadiyyatın bərpasına dəstək olmalıdır.