Qiymət artımı və monopoliya olmadan taksi fəaliyyəti necə tənzimlənə bilər?

123

Rəşad Həsənov: “Əmək bazarı zəif inkişaf edən ölkələrdə taksi fəaliyyətinə tələb daha yüksək olur”

Hazırkı dövrdə taksilərin fəaliyyətinin tənzimlənməsi son dərəcə ictimai etirazlara səbəb olsa da, əslində sözügedən məsələ problem olaraq qalmaqdadır. Dünyanın əksər ölkələrində taksilər məhz xüsusi parklarda, şirkətlərin nəzdində nizamlı formada fəaliyyət göstərir. Hətta Bakıda sovet dövründə taksi təsərrüfatı “Taksi parklar”la tənzimlənirdi.

Bakıda 5 taksi parkı vardı. Türkiyədə, Rusiyada, Avropa ölkələrində bu sahə tənzimlənir. Belə ki, sərnişinlərə yalnız leqal taksi fəaliyyəti ilə məşğul olanlar xidmət edir. Azərbaycanda isə taksi şirkətləri fəaliyyət göstərsə də, ən çox əhalinin işsiz və aztəminatlı kəsimi taksidən gündəlik çörəkpulu qazanmağın bir yolu kimi istifadə edir. Bu, sözügedən xidmət sahəsində pərakəndəliyə və xidmətin keyfiyyətsiz olmasına gətirib çıxarsa da, alternativ qazanc mənbəyi kimi sosial gərginliyi bir qədər azaldır. Pandemiyanın səbəb olduğu iqtisadi böhran şəraitində isə bu sahəni nəzarətə götürmək və monopoliyaya salmaq çox risklidir. İctimai etirazlar sosial partlayış həddinə kimi qalxa bilər. Pandemiya səbəbindən işini itirmiş əksər vətəndaşlar hazırda taksi fəaliyyətinə keçib. Qarşılıqlı olaraq metronun bağlı olduğu və ictimai nəqliyyatın mövcud yükü çəkə bilmədiyi vəziyyətdə insanlar da taksi xidmətinə daha çox müraciət etməyə başlayıblar.

Ekspertlər də hesab edir ki, taksi fəaliyyətinin tənzimlənməsi gündəmdə olsa da, bunun vahid mərkəz və vahid tariflə idarə olunması doğru yanaşma deyil.

İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, hansı ölkələrdə əmək bazarı zəif inkişaf edibsə, iş yerlərində çatışmazlıq varsa, həmin ölkələrdə taksi fəaliyyətinə tələb daha yüksək olur: “Azərbaycan da o kateqoriyaya daxil olan ölkələrdəndir. Son günlərə kimi insanlar heç bir qazanc mənbəyi olmadığı təqdirdə taksi xidməti təklif etməklə ailəsinin gəlirlərini formalaşdırmağa çalışırlar. Təbii ki, burada müəyyən nöqsanlar var. Dövriyyənin müəyyən hissəsi illeqaldır, təhlükəsizliklə bağlı problemlər var, texniki çatışmazlıqlar var, idarəetmədə nöqsanlar var. Amma nəzərə almaq lazımdır ki, eyni zamanda, hazırda böyük bir sosial qrup məşğuldur. Biz bunun dəqiq sayını bilmirik. Çünki ölkədə uçot yoxdur, bu, bizim həmin istiqamətdə nə isə deməyimizi çətinləşdirir”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

Rəşad Həsənovun sözlərinə görə, müşahidələr onu göstərir ki, ölkədə hər 3 maşından biri taksi xidmətini açıq və ya gizli şəkildə təklif edir: “Bu da o deməkdir ki, 350-400 min avtomobil bu xidmətləri müvəqqəti olsa da, təklif etməklə öz ailəsinin dolanışığını təmin edir. Belə bir şəraitdə taksi fəaliyyətinin tənzimlənməsinə, təhlükəsizliyin artırılmasına  ehtiyac var. İlleqal dövriyyənin şəffaflaşdırılması istiqamətində təşviq tədbirləri hazırlanıb tətbiq edilə bilər. Konsepsiya daha çox bu formatda təşkil olunmalıdır. Ancaq istənilən halda vahid tarif sisteminin tətbiqini doğru hesab etmirəm. Bu birbaşa olaraq bazara müdaxilədir. Eyni zamanda, növbəti dövrlərdə qiymət artımlarına gətirib çıxaracaq. Faktiki qiymətlərin əlçatanlığını aşağı salacaq. Tələb aşağı düşəcək və istifadə edənlərin sayı azalacaq. Bəlkə də bu gün taksi xidməti həyata keçirənlər üçün BNA rəsmisinin təklifi cəlbedici görünür, ancaq belə olarsa, həmin sürücülər bazardan çıxacaq. Çünki qiymətlərin artım ehtimalı var. Çünki qiymət artımı və tələbin aşağı düşməsi nəticəsində hazırkı taksi sürücülərinin heç də hamısı bazarda fəaliyyət göstərə bilməyəcəklər”.

R.Həsənovun fikrincə, onu da nəzərə alsaq ki, dolayısı ilə dövlətin bu seqmentdə öz payını artırma cəhdləri var: “Əlavə olaraq 900 yeni taksinin gətirilməsi ilə bağlı məlumat da ictimailəşdirildi. Belə olan təqdirdə böyük ehtimalla, fərdi şəkildə bu fəaliyyət növü ilə məşğul olanların əhəmiyyətli hissəsi bazarda sıxışdırılıb çıxarılacaq. Bu da indiki halda kifayət qədər nöqsanlı və Azərbaycan üçün lazım olmayan addımdır. Heç bir halda qəbul olunan qərarlar iqtisadiyyatın daha da təmərküzləşməsinə gətirib çıxarmamalıdır. Liberallaşma istiqamətli olmalıdır”.

Ərşad Hüseynov: “Kombayn tarlada aşırsa...”

Ərşad Hüseynov

Nəqliyyat eksperti Ərşad Hüseynov isə bu sahənin tənzimlənməsinə ehtiyac olduğunu vurğuladı: “Bəzi ölkələrdə taksi fəaliyyəti daha sistemlidir. Qərb ölkələrində, qonşu ölkələrdə, hətta İranda da taksi fəaliyyəti Azərbaycandakından daha mütəşəkkildir və daha yaxşı təşkil olunub. Rusiyada, Amerikada, Yaponiyada daha yaxşıdır. Təbii ki, bu sahədə fəaliyyətin nizamlanmasına və tənzimlənməsinə ehtiyac var, bu hamı üçün faydalı olar. Taksi xidməti həm əlçatan, həm də rahat, təhlükəsiz olmalıdır. Nöqtədən-nöqtəyə daşıma, marşrutun işləmədiyi istiqamətlərə daşıma, gecə saatlarında daşımada taksi çox əvəzsizdir. Nizam-intizam olarsa, taksi sürücüləri üçün də vəziyyət aydın olar, qeyri-peşəkarlar sıradan çıxar. Taksi fəaliyyəti leqallaşsa, burada dövlət də qazanar. Dövlətin burada iki marağı var. Birinci maraq odur ki, yollarda  nizam-intizam olsun. İkinci qazanc isə dövlət büdcəsinə stabil vəsaitlər daxil olacaq. Bakıda 30-35 min minik avtomobili taksi kimi istifadə olunur. Ancaq onların ən çox 1500-ü vergi verir, dövlət nə qədər itirir. Peşəkar taksi fəaliyyəti ilə məşğul olan şəxs üçün aylıq 18 manat vergi böyük məbləğ deyil. Ancaq bu rəqəmi 10 minə vursaq, dövlət büdcəsi ayda 180 min  manat itirir. Bəlkə də bu rəqəm 30 mindir. Bu, illik bir neçə milyon manat büdcədən yayınma deməkdir. Burada keyfiyyətlə bağlı da rəqabət yaranır. Burada hüquq çərçivənin yaradılması ən birinci məsələdir. Bu sahədə nizam-intizama çox böyük ehtiyac var”.

“Yeni Müsavat”