Qismətində şəhidlik varmış…

294

Şəhid Mehdi Murtuzovun sağlığında yazdığı: “Hər nəyi xəyal etsək belə, xəyalımızda olanlar deyil, qismətimizdə olanlar gələcək başımıza”

Kəndimizdə əvvəllər onu tanıyan çox deyildi, bəlkə də. Onu sadəcə Mehdi kimi tanıyardılar. Vətən müharibəsi başladıqdan və ağır döyüş əməliyatlarında iştirakından sonra onu çox adam tanıdı, sevdi. O, şəhidlik zirvəsinə yüksəlməklə daha çox insanın tanıdığı, sevdiyi, fəxr etdiyi igidlərdən oldu. Artıq o, bir kəndin oğlu deyil, bütün Azərbaycanın övladıdır!!

Sadə bir kəndli ailəsində doğulub-böyüyən Mehdinin hərbçi olmaqu şaqlıq arzusu idi. Məktəbdə oxuduğu illərdən bəri bu məqsədi qoymuşdu qarşısına. Bu, onda vətənpərvərlik, qorxmazlıq hissinin yüksək olmasından xəbər verirdi. Əsgərlik illərində Mehdi etimadı doğrultmağı, hünərini təsdiq etməyi bacaran nümunəvi əsgər olmuşdur. Onun xidməti xasiyyətnaməsində yazılıb: “Fiziki cəhətdən sağlam, mənəviyyatca safdır”. Bəli, Mehdi belə oğul idi və o, Vətən müharibəsində haqq etdiyi zirvəni, şəhidlik zirvəsini fəth etdi!

Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur. Mehdi 2003-cü ildən Alpan kənd şəhid Elşad Bayramov adına tam orta məktəbində təhsil almış, 2012-ci ildə Quba rayon 103 saylı Peşə Litseyinin Rabitəçi Elektrik ixtisasına sənəd vermiş, 2015-ci ildə peşə təhsilini müvəffəqiyyətlə başa vurmuşdu. O, həmin il iyul ayının 10-da, doğum günündə hərbi xidmətə çağırılaraq Daşkəsən rayonunda yerləşən hərbi hissədə xidmətə başlamışdı. Həqiqi Hərbi xidmət keçdiyi dövrdə 4 günlük Aprel döyüşlərinin şimal cəbhəsində iştirak edib.

Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanan Mehdi qüsursuz və nümunəvi xidmətinə görə bir neçə dəfə təltif edilmişdir. 2017-ci ilin yanvarında hərbi xidmətdən tərxis olunarkən, ona müsbət xasiyyətnamə və təşəkkürnamə də verilmişdi. Hərbi xıdmətdən sonra Bakı şəhərində işlədiyi şirkətdə işgüzarlığı, səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdı.

Əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə möhkəmlənən marağı onu yenidən ordu sıralarına qaytarır. Mehdi 2020-ci ilin yanvar ayında xidmət etmək istəyi ilə bağlı Müdafiə Nazirliyinə müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) əsgər kimi öncə xidmət etdiyi Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə göndərirlər.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə qatılır. Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi, 29 sentyabrda qolundan yaralanmasına baxmayaraq, öz təkidi ilə yenidən döyüşlərə qatılır. Oktyabr ayının 1-də atası ilə danışan Mehdi yarasının çox ciddi olmadığını bildirmiş və tezliklə Zəfərin bizim olacağını demişdir.

Oktyabrin 2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüş əməliyatları Mehdinin son savaşı olmuşdur. Mehdi həmin döyüşdə düşmən gülləsindən ağır yaralanaraq, qəhrəmancasına şəhid olmuşdur. Qızğın döyüşlərin getməsi səbəbindən Mehdinin nəşini ərazidən çıxarmaq mümkün olmamışdı. Bu üzdən onun itkin düşməsi barədə də məlumat vermişdilər. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları Mehdinin nəşinin yerini aşkarlamış və 23 noyabr 2020-ci il tarixində döyüş bölgəsindən çıxarmağa nail olmuşdular. 23 yaşlı Mehdi Kəlbəcər uğrunda gedən Murovdağ döyüşündə şəhadətindən 52 gün sonra – noyabrın 24-ü, doğulub böyüdüyü Alpan kəndinin Subaba qəbiristanlığında vətən torpağına tapşırıldı.

Atasının xoş və nisgilli xatirələrindən: “Ailəmizin ilk övladı olan Mehdi çılğın təbiətli, Haqdandönməz bir oğuldu. Səmimiliyi və işgüzarlığı onun əsas müsbət cəhətlərindən idi. Elə buna görə də Mehdi düşdüyü hər bir kollektivə tez bir zamanda uyğunlaşa bilir və hər kəsin rəğbətini qazanırdı. Uşaq yaşlarından Mehdinin hərbiyə marağı hiss olunurdu. O, hərbçi olmaq istəyini əsgəri xidmətini başa vurduqdan sonra da bildirmişdi. Onu bu yolundan döndərməyə çalışsaq da, sonda öz istəyinə nail oldu. Mehdi ilə sonuncu dəfə oktyabrın 1-də telefonla danışdıq. Xoş əhval-ruhiyədə idi, həmişəki kimi zarafatlarından da qalmırdı.

Onun zəngi bizə toxtaqlıq versə də, ürəyimizdə narahatlıq qalmaqda idi. Amma onun şəhid olacağına və səsini bir daha eşitməyəcəyimizə inanmırdıq. Mehdi vətənsevər, dostcanlı mərd bir oğuldu. O, şəhidlik məqamını qazansa da, belə tezliklə bizləri tərk etməməli idi. Öncə Mehdinin itkin düşməsi barədə xəbərlər bizi bir qədər ümüdləndirmişdi. Amma 23 noyabrda bizə bildiriləndə ki, Mehdi Şəhid olub, sanki qol-qanadımız qırıldı. Yeganə təskinliyimiz, təsəllimiz onun öz seçdiyi yolda şəhid olması və sevdiyi Vətən torpağlarının azadlığa qovuşmasıdır”.

Anasının səsində qəm qarışıq qürur vardı: “Övladı haqqında keçmiş zamanda danışmaq bir ana üçün çox çətin və ağırdır. Buna baxmayaraq mən fəxr edirəm ki, oğlum Mehdi Vətən torpaqlarının azadlığı uğrunda şəhid olub. Mən fəxr edirəm ki, şəhid anasıyam! Sonuncu dəfə Oktyabrın 1-də Mehdi atasına zəng etmişdi. Sanki ürəyinə dammışdı ki, bu onun sonuncu zəngi olacaq. Hamımız onunla danışdıq. Mənə dedi ki, ana, narahat olma. Sən əsgərlərimiz üçün, mənim üçün dua et. Əgər mənə nəsə olsa mənimlə fəxr et, başını dik tut! Mehdi Şəhid olmaqla mənim və atasının oğlu olmaq doğmalığından Vətən Övladı olmaq statusuna yüksəldi. İndi biz hamımız xalqımızla birlikdə onunla fəxr edirik”!

Şəhid bacısı çox danışa bilmədi: “Qardaşımın yoxluğu ilə barışa bilmirəm hələ. Onunla bağlı xatirələrimdə hər gecə yuxuma girir qardaşım. Deyir ki, sən mənimlə fəxr etməlisən. Hər kəsə nəsib olmur şəhid bacısı olmaq…”

Zəfərimizdən sonra Ali Baş Komandan tərəfindən Vətən Uğrunda və İgidliyə Görə medalları ilə təltif edilən şəhid qardaşımız Mehdinin arzularından biri də kiçik qardaşını zabit kimi görmək idi. Onun qardaşı Elmir Murtuzov hazırda hərbi təhsil alır, gələcəyin zabiti olacaq. Bizim qəhrəman əsgərlərimiz Mehdinin qisasını mənfur düşmənimizdən almaqla bu borcu onun qardaşına saxlamadılar. Eşq olsun bizim igid əsgərlərimizə! Mehdi haqqında yazımı sosial şəbəkələrin birində onun yazıb paylaşdığı sözlərlə bitirmək istəyirəm: “Hər nəyi xəyal etsək belə, xəyalımızda olanlar deyil, qismətimizdə olanlar gələcək başımıza”.

Allah sənə qəni-qəni rəhmət eləsin, şəhidim! Bu başıbəlalı vətən, bu müzəffər xalq unutmayacaq sizi!

İlkin BALAYEV