Qismət Alıyevə 11 il oynadığı “Qəbələ”dən getmək çox ağır olub

3
“Mənə doğma olan Kəlbəcər də yaxında işğaldan azad olunar”

Premyer Liqamızda artıq ilk dövrə sona yaxınlaşır və bu məqamda gözlənilməz transfer reallaşır. Məlum olur ki, “Qəbələ”nin yetirməsi Qismət Alıyev karyerasını “Zirə”də davam etdirəcək. “Qartallar” 24 yaşlı müdafiəçini müqaviləylə bağlı olduğu əyalət təmsilçisindən alaraq 2 illik anlaşıb. Qismət sport24.az-a açıqlamasında ilk olaraq bu gözlənilməz keçiddən danışıb: “Açığı, hələ yaydan, mövsümün əvvəlində belə təklif vardı. Sadəcə, komandamda belə fikir var idi ki, qalım, kömək edim. Bu dəfə oturub “Qəbələ”ylə danışdıq, götür-qoy etdik və gələcək karyeram baxımından gedişimi qərara aldıq. Düşündülər ki, bu baxımdan “Zirə”də çıxışım daha uyğun olar. Onu da deyim ki, hazırkı danışıqlar birdən oldu – “Sumqayıt”la matçdan sonra 2 gündə həllini tapdı. Klublar öz aralarında danışdılar və belə addım atılması hər iki tərəf üçün uyğun oldu”.

Qismət 11 il formasını geyindiyi “Qəbələ”dən getməyin onun üçün çox ağır olduğunu gizlətməyib: “Bu, həqiqətən belədi. Hər halda, 11 il az bir müddət deyil. “Qəbələ”nin uşaqlıqdan üzərimdə əməyi çox olub. Mənim üçün əməyi keçən hər bir məşqçiyə, hər bir kəsə minnətdarlığımı bildirirəm ki, belə bir klubda yetişməyimə imkan yaratdılar. Bundan sonra da lazım olduğu vaxtda yenidən bu formada oynamağa hazıram. Hər bir futbolçuya uzun illər oynadığı komandaya qarşı ilk oyunda çətin olar. İnsan bu məqamda pis olar, bu, kənardan hiss oluna bilər. Hər halda, 11 il bu klubun futbolçusu olmuşam. Amma bu, bir müddətdi. Sonra keçdikcə düzələn bir şeydi, hər futbolçunun başına gələ bilər. İşim meydanda şərəfini qoruduğum komandaya fayda verməkdi”.

Məlumdu ki, Alıyevin “Zirə”nin yeni baş məşqçisi Rəşad Sadıqovla əvvəl yolu kəsişib. Bu da gənc mütəxəssis U-21 yığmasını çalışdırdığı vaxtda olub. Qismətin sözlərinə görə, bu amil də keçiddə həlledici olub: “Rəşad müəllim futbolçuya hər planda diqqət yetirir, onunla işləmək uyğun gəlir. Sadıqovun futbol biliyini hamı bilir. “Zirə”yə kənarda baxdıqda, məşqçi işi hər bir cəhətdən görünür. Düşünürəm ki, komanda Avroliqaya vəsiqə qazanmaq üçün əlindən gələni edəcək və mənim də bu planda faydam dəyər. Yeni klubumda hansı nömrədə çıxış edəcəyimi hələ müəyyənləşdirməmişəm. Əsas bunun uyğun olması yox, “Zirə”yə xeyir verməyimdi”.

Alıyev dayaq yarımmüdafiəçisi olsa da, son illərdə cinah müdafiəçisi kimi çıxış edir. Maraqlıdı, Sadıqov onunla hansı mövqedə oynadacağıyla bağlı söhbətləşibmi?: “Rəşad müəllimin vaxtında U-21-də müdafiənin sağında da oynamışam, solunda da, dayaq yarımmüdafiəçisi kimi də. Hələ bilmirəm “Zirə”də hansı mövqedə çıxış edəcəm. Bu, baş məşqçinin seçimidi, harda desə, orda da oynayacam. Həmin mövqedə komandaya əlimdən gələni etməyə çalışacam. Bəli, çoxdandı dayaq yarımmüdafiəçisi kimi çıxış etmirəm. Ancaq düşünmürəm ki, bu mövqedə oynamağa yadırğamışam. Əsas baş məşqinin sənə güvəndiyi mövqedə onun verdiyi tapşırıqları yerinə yetirməkdi”. 

Cəbhədə baş verənlərə də toxunan Qismət ermənilərə sarsıdıcı zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuza bu zəfər yürüşündə uğurlar arzulayıb: “Bir tərəfim Mingəçevirdəndi, bir  tərəfim də Kəlbəcərdən. İnşallah, Kəlbəcər və işğalda olan digər torpaqlarımız da yaxında azad olunar. Məlumdu ki, ermənilər bu yaxında Mingəçeviri də raket atəşinə tutdu. Evdəkilərlə danışmışam, şükür Allaha salamatılıqdı, ölüm faktı olmayıb. Ordumuz uğurla irəliləyir, 30 illik həsrətimiz bitir. İnşallah, bütün qarabağlılar öz torpaqlarına sağ-salamat qayıdaraq yenidən doğma yerlərində yaşayarlar. Hər zaman cəbhəyə getməyə, nə kömək edə biliriksə, etməyə hazırıq. İndi əlimizdən gələn şey işimizi görüb, kənardan mənəvi dəstək verməkdi”.