“Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanıldı – FOTO

    30

    Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb.

    Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb.

    O, ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.

    Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.