Qırğızıstanda dövlət çevrilişi cəhdi. Etirazçılar Atambəyevu azad ediblər

156

Hurriyyet.org xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkədə çevriliş cəhdi baş verdiyini bəyan edib. Prezidentin açıqlamasında deyilir: “Ötən gecə bəzi siyasi qüvvələr dövlət hakimiyyətini qanunsuz şəkildə ələ keçirməyə cəhd ediblər. Onlar seçkilərin nəticələrini bəhanə edərək, ictimai asayişi pozublar”.

Prezident deyib ki, atəş açmamaq və qan tökməmək əmrini verib. Jeenbekov deyib: “Hələlik vəziyyətin kəskinləşməsinə imkan verməmək üçün bütün mümkün tədbirləri görmüşük. Dövlətdə sabitlik, ictimai asayiş istənilən deputat mandatından daha qiymətlidir”. Onun sözlərinə görə, etirazçılar “şəhərlilərin dinc həyatını pozmuş”, asayiş keşikçilərinə itaət eləməmiş, tibb işçilərini döymüş və binaları zədələmişlər.

Dövlət başçısı qeyd edib ki, MSK-ya seçkilərdə qayda pozuntularını araşdırmağı və lazım gəldiyi hallarda nəticələri ləğv eləməyi təklif edib. Qırğızıstan Prezidenti siyasi partiyaların rəhbərlərini tərəfdarlarını sakitləşdirməyə, ölkə sahinlərini isə asayişə riayət eləməyə çağırıb.

Dörd oktyabr tarixində Qırğızıstanda parlament seçkiləri keçirilib. İlkin məlumatlara görə, parlamentə dörd partiya vəsiqə qazanıb: hakimiyyət tərəfdarı olan“Birimdik”, “Mekenim Qırğızstan” və mərkəzçi “Qırqızstan” ilə “Butun Qırqızstan”. Qalan partiyalar yeddi faizlik əngəli aşa bilməyiblər.

Parlamentə vəsiqə qazana bilməyən partiyaların dörd min nəfərə qədər tərəfdarı Bişkekin Ala-Too adlanan mərkəzi meydanına toplaşaraq nümayiş keçirib. Asayiş qüvvələri axşam saatlarında mitinqi dağıtmağa çalışıblar. Səhiyyə Nazirliyinin məlumatına görə, bu toqquşmalar zamanı 550 nəfər xəsarət alıb, 1 nəfər həlak olub.

Gecə saatlarında etirazçılar parlamentin və Prezident Administrasiyasının yerləşdiyi Ağ Evə daxil olublar, ardından Dövlət Təhlükəsizlik Komitəsinə tərəf irəliləyərək keçmiş prezident Almazbek Atambəyevi azad ediblər.