Qeyri-neft məhsullarının ixracına növbəti dəstək – hökumətdən mühüm qərar

339

Rəşad Həsənov: “Bu qərar ixrac həcmləri ilə yanaşı, onun coğrafiyasının genişləndirilməsi baxımından da əlverişlidir”

Azərbaycan hökuməti qeyri-neft məhsullarının ixracına dəstək məqsədilə növbəti addım atıb. Nazirlər Kabinetinin noyabrın 14-də qəbul etdiyi qərarla “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edilib.

Nazirlər Kabinetindən “Yeni Müsavat”a verilən məlumata görə, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir. Qaydaya əsasən, Azərbaycan ərazisində istehsal olunmuş qeyri-neft məhsulları ixracatçılara ixrac qeydi ilə satıldıqda satış ƏDV-dən azad olunur.

“Malların ixrac qeydi ilə satışı Qaydası”nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya), ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər; malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.

Malların ixrac qeydi ilə satışı Qaydası” sahibkarlara nə verəcək? |  Report.az

Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Məsələn, dövlət büdcəsinə vergi, icbari sığorta, sosial sığorta ödənişi ilə bağlı vaxtı keçmiş borcu olan istehsalçının məhsulu belə qeydlə satıla bilməz. Yaxud eyni borcu olan ixracatçı bu qeydlə mal ala bilməz.

“Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur.

İstehsalçı ixrac üçün nəzərdə tutual məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur. Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Qaydaya görə, ixrac qeydi ilə satış həyata keçirən şəxs (istehsalçı) məhsulu bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal etməli, ixrac qeydi ilə satılmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq  öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməlidir. İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirmiş olmalı,  ixrac qeydi ilə alınmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğini ödəməlidir.

Azərbaycan bankları sələmçi gəlir əldə edən strukturlardı"- Rəşad Həsənov -  YouTube

İqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirir ki, Nazirlər Kabinetinin qərarı qurumun 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş”Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan bəndin icrası məqsədi daşıyır: “Tədbirlər Planı təsdiqləndikdən sonra may ayında Vergi Məcəlləsinə müvafiq dəyişikliklər Milli Məclisdə qəbul olunmuşdu. Qaydaların təsdiqlənməsi bilavasitə qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracını təşviq etmək məqsədi daşıyır. Qərar Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlarda qiymət rəqabətliliyini artırmağa hədəflənib. Bildiyiniz kimi, ölkədə xüsusilə sabit məzənnə siyasətinin həyata keçirilməsi ötən dövr ərzində Azərbaycan məhsullarının ixrac bazarlarında qiymət aspektindən rəqabətliliyinə mənfi təsir göstərib. Qeyri-neft məhsullarının ixracı üzrə əsas ticarət tərəfdaşlarımızı olan ölkələrin bazarlarına baxsaq, görərik ki, əksəriyyətində yerli valyuta əhəmiyyətli şəkildə dəyərsizləşib – Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda və sair. Amma bunun müqabilində Azərbaycanda 2017-ci ildən bəri sabit məzənnədir. Bu isə yerli məhsulların ixrac imkanlarını məhdudlaşdırır, rəqabətliliyini aşağı salır. Nazirlər Kabinetinin qəbul etdiyi qaydalar ixrac olunacaq məhsulun maya dəyərində onun dəyərinin 18 faizi qədər azalmaya səbəb olacaq. Bu isə Azərbaycan məhsullarının xarici bazarlara daha aşağı qiymətə çıxarılmasına imkan yaradacaq. Bu qərar ixrac həcmləri ilə yanaşı, onun coğrafiyasının genişləndirilməsi baxımından da əlverişlidir”.

Ekspertin sözlərinə görə, hökumət artıq bir neçə ildir ki, qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq üçün müxtəlif dəstək tədbirləri həyata keçirir: “Nazirlər Kabinetinin son qərarı da bu tədbirlərdən biridir. Qərarda ixrac qeydi ilə satılan məhsulların ixracının reallaşdırılması üçün konkret müddət – 3 ay vaxt qoyulub. Çox ciddi fors-major halları istisna olmaqla, bu müddətdə ixracı həyata keçirilməyən məhsul daxildə satılmış hesab olunacaq və ƏDV-dən azad edilməyəcək. Eyni zamanda istehsalçı ilə ixracatçı arasında münasibətlərin tənzimlənməsi mexanizmi də qaydalarda əksini tapıb. Böyük ehtimalla, yaxın gələcəkdə Azərbaycanda yerli məhsulların istehsalı sahəsində liberallaşdırmaya gedilməsini nəzərdə tutan hüquqi addımlar da atılacaq. Əks halda, yalnız ixracın təşviqinə yönəlmiş tədbirlərlə ciddi bir nəticəyə nail olunması mümkün deyil”.

Onu da bildirək ki, Azərbaycanda qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq üçün dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri ixrac olunan qeyri-neft məhsullarının dəyərinin 3 faizi həcmində ixracatçıya ixrac təşviqinin ödənməsidir. Rəsmi məlumata görə, 2019-cu ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan  müraciətlər əsasında sahibkarlıq subyektlərinə 9 milyon manatadək ixrac təşviqi ödənilib.

Azərbaycanda İxracın və İnvestisiyalarln Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayevin verdiyi məlumata əsasən bu ilin səkkiz ayında 80 sahibkarlıq subyektinə 6 milyon 308 min manat ixrac təşviqi geri ödənilib. O qeyd edib ki, ixrac olunan məhsulların dəyəri 111 milyon 170 min dollar olub. Ümumilikdə, 2016-2020-ci illərdə ödənilən ixrac təşviqinin məbləği 23 milyon 261 min manat təşkil edib.

Budapest to host event called "Made in Azerbaijan" - AZERTAC - Azerbaijan  State News Agency

Ötən il “Made in Azerbaijan” brendinin təşviqi və ixracın dəstəklənməsi məqsədilə Çin, Polşa, Latviya, Qətər, İsveçrə, Rusiya, BƏƏ olmaqla 7 xarici ölkəyə 9 ixrac missiyası təşkil olunub. İndiyədək isə 33 ixrac missiyası təşkil edilib. Bundan əlavə, AZPROMO bir çox investisiya təşviqi agentlikləri, ticarət və sənaye palataları və digər müvafiq institutlar ilə əməkdaşlığın möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması istiqamətində işlər aparır. Ötən il 6 ölkədən olan 10 analoji qurumla 11 anlaşma memorandumu imzalanıb. Bu istiqamətdə işlər bu il də davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində AZPROMO və İtaliya Ticarət Agentliyi (ICE), İtaliyanın İxrac Kredit Agentliyi (Simest) və “K-BEKSPORT SRL” şirkəti, həmçinin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri çərçivəsində Türkiyə Dış Ekonomik İlişkiler Kurulu (DEİK) arasında anlaşma memorandumları imzalanıb.

Bu ilin yanvar-fevral aylarında – pandemiya başlanana qədər Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 3 beynəlxalq sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Almaniyanın Berlin şəhərində təşkil edilmiş “Beynəlxalq Yaşıl Həftə 2020″, Rusiyanın Moskva şəhərində ”Prodexpo 2020″ və BƏƏ-nin Dubay şəhərində “Gulfood 2020″ beynəlxalq sərgilərində ”Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirak ediblər.

2020-ci ilin ilin doqquz ayı ərzində Azərbaycandan xaricə 1,3 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edilib.Yanvar-sentyabrda Rusiyaya 485,9 milyon, Türkiyəyə 252 milyon, İsveçrəyə 166,1 milyon, Gürcüstana 99,6 milyon və Çinə 33,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor – 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon, plastmassa və ondan hazırlanan məmulatların ixracı 122,4 milyon, pambıq ipliyi ixracı 12 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9 milyon, şəkər ixracı 12,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları təşkil edib.

 Dünya SAKİT,
“Yeni Müsavat”