“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib

    6

    Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib.

    Palatadan Hurriyyet.org-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması” üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

    Görüşdə iştirak edən bankların nümayəndələrinə işçi qrupu tərəfindən “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası təqdim edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda banklar tərəfindən Kollektiv Sazişin layihəsinə dair təkliflərin təqdim edilməsi qərara alınıb.