QEYRƏT GÜNÜ

108

Qeyrətin dil açıb kainata səda saldığı gündür bu gün. Vətən qeyrətini çəkən bir qəhrəmanın vətənə əl uzadan qeyrətsizlərə divan tutduğu o gündür. Bəli, bu gün bizlər üçün Qeyrət günüdür.

İşğalçı ermənistanın ağlına da gəlməzdi ki, bir gecədə illərlə qurduqları plan suya düşəcək. Onlar saydıqların sayırdılar ki, mübariz ürəkli Mübariz düşmənə əsirlər boyu unutmayacaqları bir dərs verdi.

2010-cu ilin 18 iyun gecəsində tarixə bir qəhrəmanın adı həkk olundu. Gizir Mübariz İbrahimov Ağakərim oğlu təkbaşına düşmənin postuna qədər getdi. O iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni düşmən əsgərlərini duyuq salmadan irəliləyərək məqsədinə çatdı. Düşmən ordusu bir anda nəyə uğradığına təəccübləndi. Mübariz ermənilərin çox sayda canlı qüvvəsini məhv etdi. Beş saatdan çox düşmənlə təkbaşına döyüşən qəhrəman illərlə xalqımızın başına gətirilən müsibətlərin intiqamını aldı. Uşaqlıqdan vətən həsrəti ilə sızlayan ürəyi rahatlıq tapdı. Hər ağrılı matəm günündə qisas hissi boy atan qəhrəmanın gözlərində bütöv bir Azərbaycan canlandı. O Azərbaycan ki, Şuşasının Xarı bülbülü yenə də nişanlı qızların tellərini bəzəyirdi. Bəli, Mübariz vətən intiqamını alıb azad vətən xəyalı ilə əbədi gözlərini yumdu.

Mübarizin şücaəti düşmən ordusunu dərindən sarsdı. Mübariz adı dillərdən – dilə düşdü.Hər kəs Azərbaycan oğlunun şücaətindən danışdı. Çoxlarının örnək götürdüyü bu qəhrəman cəmi 22 il ömür sürməsinə baxmayaraq bir ömür boyu unudulmazlığı qazandı.

1988-ci il fevralın 7 – də Biləsuvar rayonunda anadan olan qəhrəmanın son dəfə addım atdığı yer erməni tapdağı altında olan Tərtər torpağı oldu. O torpaq ki, illərdi azərbaycanlı addımına həsrət qalmışdı. Mübariz vətən üçün yaşadı elə vətən üçün də ölməzlik qazandı. Ən uca məqam olan şəhidlik adı ilə mükafatlanan bu qəhrəmanı ölkə başçımız İlham Əliyev də layiqincə mükafatlandırdı. O, şəhadətindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” , “Qızıl ulduz” və “İlin adamı” adı ilə təltif olundu.

Mübarizin şəhadətindən sonra onun yazdığı məktub illərlə onun ürəyinin vətən üçün necə sızlamasından xəbər verdi.Şəhidimin son sözləri bunlar oldu:

– Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.

Bu qəhrəmanın vətən sevgisindən, tutduğu uca məqamdan nə qədər yazsam da o insanı vəsf etməkdə cümlələrim aciz qalır. Çünki İbrahimov Mübariz Ağakərim oğlu 10 il öncə özü haqqında qəhrəmanlıq salnaməsini öz qanı ilə yazıb.

MANYA SƏXAVƏTQIZI

***

MÜBARİZ MÜBARİZİM

Sən tarixdə yaşayan bir tarixin özüsən,

Bir millətin, bir xalqın tükənməyən sözüsən.

İllərin qisasını düşmənlərdən alaraq,

Çoxuna örnək olub, təbliğ etdin düzü sən.

 

İllərlə qisas hissin hopdurmuşdun qanına,

Deyirdin “çıxacağam erməninin sonuna”.

Elə dediyin kimi cəsur bir addım atıb,

Fəda etdin canını vətən və xalq uğruna.

 

Aldın günahsız gedən neçə canın qisasın,

Dedin “mən şəhid olum, mənim xalqım yaşasın”.

Şəhid tək ölümsüzlük qazanan qəhrəmansan,

Cənnətdə gözəl olar şəhidlərin dünyası.

 

Sənin adından doğur mübarizlik duyğusu,

Atdığın addım oldu düşmənlərin qorxusu.

Sənin qəhrəmanlığın dillərdə dastan olub,

Mübariz tək qəhrəman olmaq istər çoxusu.

Müəllif: MANYA SƏXAVƏTQIZI