Qərb Türkiyənin Qəndilə girməsindən niyə narahatdır? – TƏHLİL

    3

    Qardaş ölkənin həm daxildə, həm də Suriya və İraqda PKK terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa tam ixtiyarı var

    Hər bir dövlət milli maraqlarını, ərazi bütövlüyünü, eləcə də vətəndaşlarını qorumaq naminə baş qaldıran hər hansı təhlükəni dəf etmək hüququna sahibdir

    Artıq bir müddətdir ki, qonşu və qardaş Türkiyənin Silahlı Qüvvələri həm ölkə daxilində, həm də Suriya və İraqda PKK terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Belə ki, Türkiyənin Mardin şəhərinin Nusaybin mahalında həyata keçirilən əməliyyat zamanı bir terrorçu öldürülüb, Artukda isə bir terrorçu təslim olub. Ağrı vilayətində terrorçularla türk əsgərləri arasında atışma nəticəsində 5 PKK-çı öldürülüb. Türkiyə Silahlı Qüvvələrinin PKK-nın İraqın şimalındakı Avaşin-Basyan düşərgəsinə hücumu zamanı isə düşərgə darmadağın edilib, çoxlu sayda terrorçu məhv edilib.

    Bu arada, mövzu ilə bağlı Türkiyə mediasının yaydığı məlumatda qardaş ölkənin İraqda PKK terrorçularına qarşı hərbi əməliyyatları genişləndirə biləcəyi vurğulanır. Qeyd olunur, Suriyanın Afrin bölgəsində qarşıya qoyulan tapşırığın öhdəsindən tam gəlindiyini deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sırada Qəndil və Sincar bölgələrinin olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə təhlükəsizliyini təmin etmək üçün sərhəd bölgələrdə terror qruplaşmalarının yerləşməsinə imkan verməməlidir.

    Onu da nəzərinizə çatdıraq ki, Suriyanın şimalında müxalif qüvvələr bir müddət rejimə qarşı atəşkəs elan edəcək. Bu atəşkəsdən ən böyük faydanı isə qardaş Türkiyə götürəcək. Çünki bununla bölgədə yaranacaq sükutdan istifadə edəcək Türkiyə diqqətini PKK-nın əsas iqamətgahı olan Qəndilə yönəldəcək. Türkiyənin təhlükəsizlik orqanlarından olan gizli mənbənin məlumatında isə qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Qəndilə Afrində keçirilən "Zeytun budağı" əməliyyatının başlanğıcında 72 qırıcı təyyarənin iştirakı ilə keçirilən hava əməliyyatından daha şiddətli hücum təşkil edə bilər. Qəndilə hava hücumunun müddətinin Afrinlə müqayisədə daha uzun olacağı, "Fırtına" haubitsalarının da qurudan bölgəni kəskin atəşə tutacağı bildirilib: "Qəndil hədəf kimi seçiləndə ağlınıza quru qoşunlarının hücuma keçib, irəliləməsi gəlməsin. Bölgənin coğrafi mövqeyi səbəbi ilə şiddətli hava əməliyyatları ola bilər. Quru qoşunlarına isə sıra sonra gələcək". Bununla bağlı verilən informasiya o da deyilir ki, Qəndil əməliyyatı zamanı hədəfləri dəqiqliklə işarələmək üçün ərazidə Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin – "bordo bereli"lərin kəşfiyyat hücumları da qeydə alınıb.

    TÜRK ORDUSU QƏNDİLƏ DOĞRU İRƏLİLƏYİR

    Beləliklə, bütün bunların fonunda qəti şəkildə demək olar ki, qardaş ölkənin həm daxildə, həm də Suriya və İraqda PKK terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa tam ixtiyarı var. Çünki hər bir ölkə milli maraqlarını, ərazi bütövlüyünü, eləcə də vətəndaşlarını qorumaq naminə baş qaldıran hər hansı təhlükəni dərhal dəf etmək hüququna sahibdir. Heç kəs, heç bir beynəlxalq təşkilat və ya əcnəbi dövlət buna mane ola bilməz. Lakin görünən odur ki, demokratiyadan dəm vuran, durmadan terrorla mübarizədən danışan bəzi əcnəbi ölkələr Türkiyənin bu addımından ciddi narahatlıq keçirirlər. Elə bu səbəbdən də Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-ın aparıcı media orqanları Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı keçirdiyi hərbi əməliyyatların dayandırılması tələbi ilə çıxış edirlər. Türkiyə, Rusiya, Azərbaycan və digər ölkələrin siyasi analitikləri isə bu tələbin məhz Qərb hökumətlərindən gəldiyini istisna etməyib. Belə ki, ekspertlər Qərb mediasının bu cür çağırışlarını terrora dəstək kimi qiymətləndirib.

    Gördüyünüz kimi, bu, bir daha onu təsdiq edir ki, Qərb dünyası – ABŞ, İngiltərə və onların müttəfiqləri öz maraqlarını reallaşdırmaq naminə Şərq aləmini, əsasən də Türk-İslam dünyasını uçuruma yuvarlamaqda israrlıdır. Halbuki onlar son illər ərzində bəzi dövlətləri terrorla mübarizəyə cəlb etmək üçün bir sıra yollara baş vurublar. Bəs indi nə oldu ki, birdən-birə Qərbin mövqeyi dəyişdi? Məgər, PKK terror təşkilatı deyil? ABŞ, İngiltərə və onların müttəfiqləri terror bəhanəsi ilə çıxardıqları oyunları nə tez unudublar?.. Əgər onlar unudublarsa, bizə və dünyanın əksər ölkələrinə bəllidir ki, sözügedən müttəfiqlərin 2003-cü ildə İraqa girmək üçün istifadə etdiyi bəhanələr, məsələn İraq kəşfiyyatının "Əl-Qaidə" üzvləri ilə görüşdüyü iddiası yalan çıxıb. Belə ki, həmin dövrdə Çexiya kəşfiyyat idarəsinə rəhbərlik etmiş Jiri Ruzek belə bir görüşün olmadığını açıqlayıb. Məlumatı olmayanların nəzərinə çatdıraq ki, 2003-cü ildə ABŞ-ın İraqa girmək üçün iki bəhanəsi var idi. Onlardan biri İraqda nüvə silahının olması, digəri isə İraq kəşfiyyatının Çexiyanın paytaxtı Praqada "Əl-Qaidə"nin liderlərindən olan Məhəmməd Ətta ilə görüşməsi idi. Bununla bağlı açıqlama verən Ruzek isə İraq kəşfiyyatı ilə Məhəmməd Ətta arasında belə bir görüşün olmadığını, sadəcə ABŞ-ın bu məlumatı təsdiqləmək üçün Çexiya kəşfiyyatına təzyiq etdiyini bildirib. Deməli, buradan belə çıxır ki, ABŞ, Böyük Britaniya və müttəfiqləri dünya ictimaiyyətini razı salmaq üçün bu cür əsassız bəhanələrdən yararlanıblar. Buna baxmayaraq, bu gün Amerika, İngiltərə və digər bir sıra Qərb dövlətləri qardaş Türkiyənin özünün ərazi bütövlüyünü, eləcə də vətəndaşlarının təhlükəsizliyini qorumaq naminə PKK terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirməsindən ciddi narahatlıq keçirdiyi bəyan edir. Bu isə ikiüzlülük, riyakarlıqdan başqa bir şey deyil. Axı necə olur ki, sən öz maraqlarını təmin etməkdən ötrü əsassız bəhanələrdən istifadə etdiyin halda, mən əlimdə əsas, tutarlı sübut olduğu halda milli maraqlarımın keşiyində durmayım? Bunun harası ədalət, harası demokratiya, beynəlxalq hüquqdur. Bunun bir adı var ki, o da hegemonluqdur. Lakin unutmaq lazım deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, dünya 5-dən böyükdür…

    Bütün bunlar bir daha onu deməyə əsas verir ki, bir sıra Qərb dövlətləri terrorla mübarizə adı altında əslində İslam dinini və enerji resursları ilə zəngin olan müsəlman ölkələrini hədəf seçiblər. Yəni onların əsas məqsədi islamofobiyanın əhatə dairəsini genişləndirməklə dünya ictimaiyyəti arasında müsəlmanlara qarşı qəzəb, nifrət hissini formalaşdırmaqdır. Elə bu səbəbdən də bu gün əksər Avropa ölkələrinin vətəndaşları "Allahu Əkbər" sözünü eşitdikdə qorxu, təlaş keçirirlər. Halbuki ən böyük terrorçu elə məhz süper güclərin özüdür. Çünki məhz onların hazırladıqları və həyata keçirdikləri ssenarinin nəticəsində bu gün yüzlərlə, minlərlə günahsız insan, hətta körpələr belə, terrorun, islamofobiyanın qurbanına çevrilib.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org