“Qəbul olunan sərt tədbirlərə tabe olmaq lazımdır” – ASLAN İSMAYILOV

300

“Rəsmi qurumlar da insanların indiki əsəbi, gərgin durumlarını anlamalıdırlar”

“Əziz səhifə iştirakçıları, səhifələri izləyib dəstək verdiyinizə görə hər birinizə təşəkkür edirəm. İlk günlərdən Sizə söz verdiyim kimi heç vaxt kimlərinsə xoşuna gəlmək üçün fikir bildirməmişəm və bildirməyəcəm. Bu gün hakimiyyətə keçmiş səhvlərinə görə irad bildirmək vaxtı deyil. Hamı ancaq bu bəladan xilas olmaq üçün Operativ Qərargahın dediklərinə əməl etməlidir. “Koronavirus yoxdur” deyənləri qınayın, bildikləriniz konkret halları açıqlayın. Bu hadisəni yalanlayanlar cahildirlər, ya üzr istəyirəm, ağıldan kəmdirlər, ya da düşməndirlər”. Huriyyet.org xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında qeyd edib.

“Əksəriyyət bu qədər ciddi məsələ ilə məzələnməyə başladı, deyilənləri ciddiyə almadı”

A.İsmayılov vurğulayıb ki, bu gün vəziyyət çox acınacaqlıdır: “Bunun da birinci səbəbi yenə özümüzük. Bir neçə aydır ki, bu hadisələri bütün dünyada izləyirəm, gördüklərimi, bildiklərimi yazıb Sizinlə paylaşıram. Bu müddət ərzində haqqımda səslənən tənqidləri, ittihamları, təhqirləri Siz də gördünüz. Əksəriyyət bu qədər ciddi məsələ ilə məzələnməyə başladı, deyilənləri ciddiyə almadı. Bu gün elə yazılarıma lağ-lağı edənlərdən də xəstələnənlər var. Vallah, bu qədər qeyri-ciddi olmaq olmaz. Mənim də bəyənmədiyim hakimiyyətin xəbərdarlığına “öz oyunlarıdır” dedilər, məni xaricdən qrant alıb kampaniya aparmaqda ittiham etdilər. “Metroya maskasız girməyin” deyən polisi qovdular, karantin qaydalarına riayət etməyə çağıran polisin başına zibil atdılar və bunu qəhrəmanlıq, böyük uğur kimi tirajladılar. Hanı, indi həmin qəhrəmanlar, niyə heç olmasa səhv olduqlarını boyunlarına alıb üzrxahlıq eləmirlər?!”

“Hakimiyyət artıq ancaq ağır xəstələri qəbul edir”

A.İsmayılov nəzərə çatırıb ki, bu istirahət günləri Bakı ətrafındakı tıxacları, əsas yoldan çıxıb səhralıqla şütüyən maşınları görüb: “Bu qədər də cahillikmi olar?! Bütün dünyada koronavirusun ikinci dalğası gəlir. Dünyanın super dövlətləri belə bu bəlanın qarşısında gücsüzdür. Bunu anlamaq lazımdır. Hakimiyyət artıq ancaq ağır xəstələri qəbul edir, xəstəliyi yüngül keçirənlərə isə evdə qalmağı və təklif olunan qaydalara riayət etməyi tapşırır. Biz bu cür biganə yanaşacağıqsa, əminəm ki, bizdə də İtaliyada olduğu kimi artıq yaşlıları süni nəfəs aparatından ayırıb, ancaq gəncləri qoşacaqlar… Bu da doğru addım olacaq. Ona görə, bu həddə çatmamaq üçün deyilənlərə riayət etmək lazımdır”.

“İndi bəhanə, lağ-lağı vaxtı deyil”

“Hakimiyyət davasını bir neçə ay ertələyin. Onsuz da çıxılmaz durumda olan hakimiyyəti təntitməyin. Əgər vaxtında qəbul olunmuş sərt tədbirlər, məhz hakimiyyət davası döyənlərin istəyinə uyğun olaraq ağılsızcasına yumşalmasa, indi daha yaxşı durumda olardıq. Qəbul olunan sərt tədbirlərə tabe olmaq lazımdır. Cürbəcür bəhanələr uydurmayın, iki gün yığılmış zibilin dərdini çəkməyin (biz yeşiklər ola-ola zibili yeşiklərin yan-yörəsinə atanlarıq), itə-pişiyə gəzinti tələb etməyin (küçələrdə sahibsiz itləri güllələyən də bizik). İndi bəhanə, lağ-lağı vaxtı deyil. Rəsmi qurumlar da insanların indiki əsəbi, gərgin durumlarını anlamalı, onların səbrlərini sınamamalıdılar. Bu istidə 4 divar arasına salınan insanlar işıq, su və s. problemlər yaşamamalıdılar”,-deyə hüquqşünas əlavə edib.

Şamo EMİN, Hurriyyet.org