Qazilərə İqtisadiyyat Nazirliyindən “yaşıl”, Nizami polisindən “qırmızı  işıq”

189

15 gündür polis qazilərin çörək, dərman pulu köşklərini bağlayıb

Karantin rejiminin sərtləşdirilməsi ilə Nizami RPİ-nin metronun “Xalqlar dostluğu” stansiyasının çıxışında mebel təmiri köşklərində sahibkarlıqla məşğul olan Qarabağ əlillərinin və şəhid ailələrinin fəaliyyətinə NK-nın Operativ Qərargahının 4.17 maddəsinə zidd olaraq qadağa qoymasını mətbuat işıqlandırıb. Sözügedən maddəyə əsasən, mebel istehsalı və təmiri ilə məşğul olan sahələrin fəaliyyətinə icazə verilir. Di gəl, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əraziyə məsul olan sahə müvəkkili Elçin İslamov ona “yuxarıdan” yalnız ərzaq köşklərinə işləməyə icazə verməyə göstəriş verildiyini deyib, aztəminatlı sahibkarların köşklərinin qapılarını açmağa imkan vermir . Əlacsız qalan xırda sahibkarlar ali dövlət hakimiyyəti orqanlarına, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, insan hüquqları üzrə müvəkkilə, habelə Baş prokurorluğun və DİN -in rəhbərliyinə elektron qaydada şikayət ediblər. Hələ ki, İqtisadiyyat Nazirliyindən göndərilən kollektiv müraciətə Azərbaycan Respublikası   Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin 1-ci  müavini Namiq Həsənovun 25.12.2020 tarixli rəsmi cavabını alan əlil-sahibkarlara müvafiq icazə əsasında fəaliyyətlərini davam etdirə bilmələri bildirilib. Kiçik biznes yiyələri isə sahə müvəkkilini tapa bilmirlər ki, “yuxarı”nın sözü”nü çatdırıb,  işlərini görə bilsinlər. Hələ ki, qazi və şəhid ailələrinin xırda alverlə çörək, dərman pulu qazanmalarına polis qanunsuz “qırmızı işıq” yandırıb. Özü də “yuxarı”ların qanuni “yaşıl işığı”na baxmayaraq.

Məğrur BƏDƏLSOY