“Qazax elitasında postnazarbayev dövrünə hazırlıq və bununla əlaqədar rəqabət başlayıb” – ŞAHİN CƏFƏRLİ

14

“Mümkündür ki, Elbaşı qalmaqalla əlaqədar qızının və ailəsinin göz önündən uzaqlaşdırılmasını istəyir”

“Qazaxıstan prezidenti Kasım-Comərt Tokayev Dariqa Nazarbayevanın Senat üzvü səlahiyyətlərinə xitam verib”.  Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Dariqa Nazarbayevanın Senatın sədri olduğunu xatırladan siyasi şərhçinin sözlərinə görə, qərarın səbəbi açıqlanmayıb: “Qazaxıstan mediasında da hələlik bununla bağlı hər hansı məlumat yoxdur. Ola bilər ki, Dariqa Nazarbayeva ilə bağlı korrupsiya iddiaları bu qərarda rol oynayıb. Məlum olub ki, Londonda Dariqa Nazarbayeva və böyük oğlu Nurəlinin adına 3 daşınmaz əmlak var: 2 malikanə və 1 mənzil. Bunların ümumi dəyəri 80 milyon funt-sterlinqə (100 milyon dollardan çox) yaxındır”.

“Əgər Dariqa Nazarbayeva və oğlu bu əmlakın qanuni vəsaitlə əldə olunduğunu sübut edə bilməsələr, Britaniya dövləti onları müsadirə edəcək”

Hazırda qeyd olunan əmlaka həbs qoyulduğunu deyən Şahin Cəfərli hesab edir ki, əgər Dariqa Nazarbayeva və oğlu bu əmlakın qanuni vəsaitlə əldə olunduğunu sübut edə bilməsələr, Britaniya dövləti onları müsadirə edəcək: “İndi mümkündür ki, Elbaşı bu qalmaqalla əlaqədar qızının və ailəsinin göz önündən uzaqlaşdırılmasını istəyir, bu səbəblə onun Senat sədrliyindən çıxarılmasını həyata keçirib. İkinci səbəb isə Tokayevin müstəqilləşmə cəhdi ilə əlaqəli ola bilər. Prezident kreslosunda yerini möhkəmləndirməyə başlayan təcrübəli dövlət adamı Tokayevin kukla rolunu qəbul etməməsi tamamilə təbii və gözləniləndir. “Türk dünyasının ağsaqqalı” hazırda ömrünün son baharındadır və qazax elitasında postnazarbayev dövrünə hazırlıq və bununla əlaqədar rəqabət başlayıb. Tokayevin öz mövqelərini gücləndirməsi üçün yuxarılarda, o cümlədən qanunverici sistemdə etibarlı adamlara ehtiyacı var”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org