Qayıdışı gözləyən azərbaycanlılar

276
LA VANGUARDIA, İspaniya
16.12.2020

Müəllif: Xordi Xoan Banyos

Azərbaycan kəndlərindən biri. Qara rəngli “Mercedes” ilə gümüşü “Volqa”nın arasından qızılı qoyun sürüsü keçir. Əlində çomaq tutmuş gənc çoban sürünü cəmi bir ay əvvəl şiddətli döyüşlərin getdiyi bölgədən əks istiqamətə sürür. Buradan bir qədər uzaqda, gözəl Bakıda isə azərbaycanlı zabitlər və əsgərlər ermənilərlə döyüşdə yeni qazanılmış Qələbə münasibətilə parad keçirir…

Paradın fəxri qonağı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın parçalanmasından kədərlə danışır, diplomatik şüarlar səsləndirməkdə ev sahibi İlham Əliyevdən geri qalmırdı. Prezident İlham Əliyev isə Ermənistanın paytaxtı İrəvanın belə, qədim Azərbaycan torpağı olduğunu deyirdi.

27 illik işğal nəticəsində Azərbaycanın Ağdam və Füzuli də daxil olmaqla, 7 rayonunun, həmçinin təxminən 300 Azərbaycan kəndinin amansızcasına dağıdılması son günlərin əsas xəbərləri arasındadır. Müharibə nəticəsində Bakı məhz bu əraziləri işğaldan azad edib. Bu, 90-cı illərdəki müharibənin ağrılı nəticələrini tam şəkildə üzə çıxarıb. Məlum olub ki, işğal altında olmuş Azərbaycan şəhərlərindəki, kəndlərindəki evlər birinci müharibədə qalib gəlmiş ermənilər tərəfindən mərmi yağışına tutularaq, yerlə-yeksan edilib. O zaman müstəqillik tələb edən Dağlıq Qarabağ ermənilərinin özləri üçün təhlükəsizlik zolağı yaratması nəticəsində bu bölgədə yaşayan azərbaycanlılar buradan qaçmağa məcbur olmuşdu.

“Biz onları bağışlamayacağıq. Daha onlarla birlikdə yaşaya bilmərik. Lənətə gəlsinlər”, – deyə 27 ildir öz kəndindən didərgin düşmüş 60 yaşlı müəllimə Aida xanım bildirir.

Ömrünün yarısını qəzəb içərisində yaşamış Aida xanımın şəhəri tamamilə dağılıb. İndi burada yalnız 150 illik məscid salamatdır. Odur ki, Aida xanım öz evini tapa bilmir. Onun fikrincə, məscidin dağıdılmamasının da 2 səbəbi var: ilk növbədə, müsəlmanların təhqir edilməsi məqsədilə oranı donuz tövləsinə çeviriblərmiş. Bununla yanaşı, məscidin uca minarələri erməni silahlı birləşmələri üçün sanki hərbi müşahidə obyekti olub.

Aida xanımdan bu vəziyyətdə geri dönmək istəyib-istəmədiyini soruşuruq. O, suala dərhal və tərəddüd etmədən cavab verir: “Əlbətdə! Mən yenə burada yaşayacağam!”.

Məcburi köçkün düşərgələrindən birində elektrik işlənmiş Məhəmmədin gözləri dolub. O, gözlərini yerə dikir. Məhəmməd müharibədə bir qardaşı da daxil olmaqla, bir neçə ailə üzvünü itirib. “Ən çox istədiyim qəbiristanlığı tezliklə ziyarət edə bilməkdir. Hələ ki, basdırılmış minalar buna imkan vermir”, – deyə o, bildirir.

Məhəmməddən nisbətən cavan olan bir fermer isə bu torpaqlardan gənc yaşlarında ayrılmaq məcburiyyətində qaldığını söyləyir. O, şəhərə qayıdarkən də eyni dərəcədə şoka düşüb. Bu fermer bu torpaqlardan zorla köçürülmüş 40 mindən çox sakindən biridir: “Minlərlə insan bu torpaqlara geri qayıda bilmədən həyatımı dəyişib. İndi onların ruhu burada dolaşır”.

Ərazilərin minalardan təmizlənməsilə məşğul olan ANAMA-nın şöbə müdiri deyir ki, “bütün bölgənin tam təmizlənməsi üçün 5-7 il vaxt lazım olacaq”. Artıq onlarla tank əleyhinə mina zərərsizləşdirilərək azərbaycanlıların dayandığı nəzarət-buraxılış məntəqəsinin yanına yığılıb. Burada səngərlər uzun və dərindir. Onların qarşısı torpaq dolu kisələrlə kəsilib.

Digər yanda əslində dümağ olmalı olan pambıq tarlası görünür. Müharibə üzündən pampığı toplamaq mümkün olmayıb. Nəticədə məhsul zay olub – indi o, kül rəngindədir.

Qəflətən güclü partlayış səsi gəlir. Dərhal Dağlıq Qarabağ bölgəsi tərəfdən tüstü qalxır. Bu, növbəti minanın zərərsizləşdirildiyindən xəbər verir.

Quzanlı, Çıraqlı və Baharlı köçkün düşərgələrində yüz minlərlə azərbaycanlı ailə son 2 ayda baş verənlərə görə böyük coşqu yaşayır. Amma evlərinin illərdir qiymətli zinət əşyası kimi qoruyub saxladıqları açarlarının xatirədən başqa heç nə olmadığını, açmağa kilid qalmadığını bildikdə onlar həm də kədərlənir, xəyala dalırlar. Bəli, işğaldan azad olunmuş şəhər və qəsəbələrdə dağılmış divarlardan, sökülmüş damlardan başqa heç nə yoxdur. Nə kilidlər, nə qapılar…

Bir zamanlar qovulduqları torpaqlara qayıdan azərbaycanlılar 27 il ərzində ermənilərin burada daşı daş üstündə qoymadıqlarına şahid olur. 27 ildə ermənilər burada heç bir tikinti aparmayıb, heç nə əkib-becərməyib. Amma bu dağıntıların yaratdığı məyusluq torpaqlara yenidən qayıtmağın verdiyi sevincin yanında cılız qalır.

90-cı illərin müharibəsində Ermənistana məğlub olmuş Azərbaycan təbii qazı sayəsində yenidən silahlanırdı

Ağdam məscidinin qoşa minarələrinin zirvəsindən bütün ətraf görünür. Böyük şənliklər, toylar təşkil etməyi xoşlayan ağdamlıların şəhərində dağıdılmış binalardan başqa heç nə görünmür.

İran sərhədinə doğru yerləşən Füzuli rayonuna keçirik. Burada da məhv edilmiş ətraf, boz tarlalar insanı vahiməyə salır. Bir vaxtlar Füzuli üzümü ilə məşhur olub. İndi burada nə bağ var, nə əkin sahəsi.

Yaxınlıqda nə vaxtdan qaldığını müəyyənləşdirə bilmədiyimiz, məhv edilmiş paslı tank görünür. Polis əməkdaşı deyir ki, o, köhnə savaşdan qalmayıb. Yəni son müharibədə vurulub. Tankın üzərinə raket düşübmüş.

Bir qədər aralıda içərisindəki peyinin təmizlənməsinə rəğmən, hələ də tövlə iyi verən daha bir məscid…

Məlum olur ki, ermənilər Dağlıq Qarabağın ən məhsuldar torpaqlarını işğal ediblərmiş. Ətrafda hələ də mərmilər görünür. Bəziləri adam boyundadır. Müharibə bitsə də, onlar hər an partlaya, hansısa istiqamətdə uça bilər.

Burada su anbarı da yerləşirmiş. Bu, bölgənin strateji əhəmiyyətindən xəbər verir.

Bir az şimalda daha bir şəhər mərkəzi yerləşir – Füzuli. Ermənilər döyüşlər nəticəsində 4 şəhərdən, üstəlik Şuşadan çıxmağa məcbur olublar. Daha 3 şəhərisə onlar döyüşsüz tərk etmək məcburiyyətində qalıb.

Bu gün Füzuli Ağdamla müqayisədə bitki örtüyünün daha sıx olduğu şəhərdir.

Bir sözlə, tərk edilmiş kənd və qəsəbələr, daha doğrusu buradakı tikililərin qalıqları uzun illər yağıntılar altında aşınmış hansısa mədəniyyətin xarabalıqlarını xatırladır. Füzulidə bu, özünü daha aydın göstərir. Qəbiristanlıqda yalnız üzərində rus dilində yazı olan bir məzar toxunulmaz qalıb.

Ətrafda yenə də Ermənistan hərbçilərinə aid zirehli texnika qalıqları görünür. Bir az aralıda partlamamış 2 metrlik mərmi də var. Daha möhkəm təsir bağışlayan digər divarın qarşısında ətrafa səpələnmiş mərmi qəlpələri, erməni dilində sözlərin yazıldığı lövhələr, yararsız halda olan Milad ağacı və yenə də parça-tikə olmuş hərbi maşınlar…

Beləliklə, təxminən 25 il əvvəl müharibədə məğlub olmuş Azərbaycan, son illərdə təbii qaz ixrac edən ölkə kimi, istər siyasi, istərsə də hərbi vəziyyəti dəyişə bilib. İndi onlar bütün Qarabağın bərpa olunacağından əminliklə danışırlar.

“Burada doğulmuş ermənilər bu torpaqlarda yaşamağa davam edə bilər. Ancaq bu, Ermənistan, Livan və ya Suriyadan gətirilmiş ermənilərə aid deyil”, – deyə valideynləri Ağdam rayonundan olan Rövlan bildirir.

İndi əcnəbilərə bələdçilik edən Rövlan bu torpaqlarda uşaq yaşlarında olub. Bu üzdən oraları yaxşı xatırlamır. Amma istənilən halda, xoşbəxtdir. Çünki Ermənistanla imzalanmış barışıq sazişi bu yoxsul ölkəni Azərbaycana təzminat ödəməyə də məhkum edib: “Bu, artıq bizim problemimiz deyil”.

(İspan dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: LA VANGUARDIA