Qayda bilməyən sürücülərin yaratdığı tıxaclar – Çarə nədir?

3

"Paytaxt yollarında tıxac yaradan səbəblərdən biri də sürücü məsuliyyətsizliyidir. Bir çox hallarda sürücülərin qaydaları kobud şəkildə pozması nəticəsində yüzlərlə insan saatlarla tıxacda qalır".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Akif Mustafayev "MediaPost"a açıqlamasında subyektiv səbəblərdən yaranan tıxaclardan bəhs edəkən söyləyib:

"Bir çox tədris müəssisələri, universitetlərin, nazirliklərin, komitələrin binası və sair Bakı şəhərinin mərkəzində yerləşir. Bununla əlaqədar şəhərdə saatlarla davam edən tıxac yaranır. Ümumiyyətlə, tıxacı yaradan obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Subyektiv səbəblər isə sürücülərin qaydaları pozması nəticəsində yaranır. Məsələn, dəfələrlə deyilib ki, digər nəqliyyat vasitələri avtobus dayanacağında saxlamamalıdır, amma sürücülər buna əməl etmir. Ona görə də dayanacaqda yer tapmayan avtobus sürücüləri bəzən nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamağa məcbur olur. Bu da tıxac yaradır. Deməli, nəqliyyat vasitəsini avtobus dayanacağında saxlayan sürücü qayda-qanunlardan xəbərsizdir".

A.Mustafayev bildirib ki, bir sürücünün məsuliyyətsizliyi ucabtından yaranan tıxac avtobusların intervalına da təsir göstərir:

"Bir avtobusda 50-60 nəfər sərnişin olduğunu nəzərə alsaq, deməli, bu həm də eyni anda 60 insanın hərəkətinə mane olmaq deməkdir. Sürücülərin dönmə əməliyyatlarını düzgün yerinə yetirə bilməməsi də tıxaca səbəb olan amillərdən biridir. Sürücü bilməlidir ki, dönmə istiqaməti üzrə olan zolaqla hərəkət etməlidir. Nəqliyyat vasitəsini idarə edən şəxsin 4 zolaqlı yolda ən sağdakı zolaqdan ən soldakı zolağa doğru hərəkət etməsi ani olaraq tıxac yaradır. Bundan əlavə, sürücülərin kəsişmə yerlərini keçmə qaydalarına riayət eməməsi eyni anda bir neçə yolda tıxac yaranmasına səbəb olur".

Ekspertin sözlərinə görə, subyektiv səbəblərdən yaranan tıxacların aradan qaldırılması üçün maarifləndirmə işinin aparılmasına ehtiyac var:

"Tıxaclarla bağlı obyektiv səbəbləri həll etmək üçün böyük xərclər tələb olunur. Bu problemin aradan qaldırılması üçün universitetlər və bir sıra müəssisələr şəhərətrafı ərazilərə köçürülməlidir. Subyektiv səbəblərdən yaranan tıxacların həlli isə sürücülərdən asılıdır. Bir müsəssisə daxilində çalışan sürücülərə qayda-qanunun öyrədilməsi asandır. Amm ayrı-ayrı vətəndaşlara təbliğat aparmaq, onları bir yerə yığmaq çətin məsələdir. Buna görə də vətəndaşlar, sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri sürücülərin məlumatlandırılmasında aktiv iştirak etməlidirlər".