Qasım Süleymaniyə sui-qəsdlə bağlı iddia!

345

Huriyyet.org xəbər verir ki, Yeni il ərəfəsində Yaxın Şərqdə gərginliyi artıracaq bir iddia səsləndirilib. İddiaya görə, İranın İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Qasım Süleymaniyə qarşı sui-qəsdin ildönümündə İraqın paytaxtı Bağdad şəhərindəki ABŞ bazasına hücum planlaşdırılıb.

İraq mətbuatında yayılan xəbərlərə və cümə axşamı günü sosial şəbəkələrdə yayılan şayiələrə görə, gizli sənədi İraqın Daxili İşlər Nazirliyi sızdırıb. Hücum iddiaları da bu sənədə istinadən yayılıb. Sənədin kim tərəfindən, necə  və hansı məqsədlə ortaya atıldığı hələlik dəqiq deyil.

Bəlli olduğu kimi, bu il 3 yanvar tarixində İranın Qüds Qüvvələrinin komandanı Qasım Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələrinin başçısı Əbu Mehdi əl Mühəndis avtomobillə Bağdada gedərkən ABŞ tərəfindən təşkil edilən hava hücumunda öldürülmüşdülər.

Meydana çıxan gizli kəşfiyyat sənədlərində deyilir: “Qanunsuz ünsürlər, yüksək texnologiyalı raketlərlə Bağdad aeroportunun yaxınlığındakı Viktoriya ABŞ hərbi bazasına hücum edəcək. Hücum üçün 2021-ci il 3 yanvar tarixi seçilib. Sənəddə hücumu kimin planlaşdırdığı bildirilmir”.

Ötən bazar günü naməlum şəxslər Bağdadakı ABŞ səfirliyinin yerləşdiyi Yaşıl Rayona səkkiz raket atmışdılar. İraq ordusundan verilən açıqlamaya görə, raketlərin çoxu korpuslara düşüb, biri isə təhlükəsizlik nəzarəti məntəqəsində partlayaraq, bir hərbçinin ağır şəkildə yaralanmasına səbəb olub.

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü etdiyi çıxışında ölkəsinin Bağdaddakı səfirliyinin ötən bazar günü raket hücumuna məruz qaldığını açıqlayıb, İrana İraqdakı ABŞ vətəndaşlarına sui-qəsd cəhdlərinin nəticələrinin ağır olacağı barəsində xəbərdarlıq edib.

Vaşinqton İranla əlaqədar olan iraqlı silahlı qrupları ABŞ səfirliyinə və ABŞ hərbçilərinin yerləşdirildiyi hərbi bazalara hücum eləməkdə ittiham eləmişdi. ABŞ-İran gərginliyinin yüksək olması İraqı iki əks qüvvənin mübarizə meydanına çevirib. 2019-2020-ci illərdə artan hücumlar 2020-ci ilin 3 yanvar tarixində ən yüksək həddə çatımışdı.

Parlament qərarı və gərginlik

İranla əlaqəsi olan İraq Hizbullah briqadaları da daxil olmaqla, şiə milisləri İraqdakı xarici qüvvələrin, parlamentin xarici hərbi qüvvələri ölkədən çıxarmaq qərarına müvafiq olaraq, geri çəkilmədikləri təqdirdə bütün xarici hərbi ünsürləri hədəfə almaqla təhdid ediblər.

Süleymani ilə Əl Mühəndisə qarşı Bağdad Beynəlxalq Hava Limanında təşkil edilmiş sui-qəsddən sonra İraq parlamenti səs çoxluğu ilə xarici hərbi qüvvələri ölkədən çıxarmaq qərarını vermişdi.