“Qarşıdakı 10 gün Azərbaycan üçün həlledicidir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

198

“Azərbaycan Şuşanı götürməklə Ermənistanı fakt qarşısında qoyacaq, Rusiya və digər ölkələrin təzyiqləri səmərə verməyəcək”

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti danışıqları uğursuz bir formatdır. Baxmayaraq ki, bu danışqlarda “baza prinsipləri” və qoşunların çıxarılması üçün “təqvim” əsas müzakirə predmeti olacaq. Bu, Azərbaycan üçün siyasi tələdir”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Fransa və Rusiya Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılmasında maraqlı deyil: “Rusiyada “sülhməramlı qüvvələr”in yerləşdirilməsində maraqlıdır. Ötən gün Ərdoğan və Putin danışıqları da nəticəsiz yekunlaşıb. Həmsədrlər Ermənistana vaxt qazandırmaq və Azərbaycanı razı salmaq üçün “təqvim” planını müzakirə edib, atəşkəsə məcbur etməyi planlaşdırırlar. Bu istiqamətdə əldə edilən razılaşma yalnız Ermənistanı toparlamaq və Qarabağın müstəqilliyinə nail olmağa hesablanıb. Hətta iki günlük atəşkəs Azərbaycan üçün ağır fəsadlara gətirib çıxarar. Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan belə bir sənədlərə imza atmayacaq. Çünki Ermənistan rəhbərliyinin davakar siyasəti davam edir və onlar yalnız Qarabağın müstəqilliyində israrlıdırlar. Həmçinin, Yerevan qəti şəkildə güzəştə razı deyil. Gəncə və Bərdəyə qarşı hərbi cinayət törədən Ermənistan rəhbərliyi heç bir razılaşmada səmimi olmayacaq. Azərbaycan ilk öncə “Yenilənmiş Madrid prinsiplərində” göstərilən rayonların bir neçəsini azad edib”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, artıq Azərbaycan üçün baza prinsipləri, həmçinin, “Yenilənmiş Madrid prinsipləri” əsas müzakirə predmeti olmamalıdır: “Əsas tələb Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və mülki insanların yenidən Azərbaycan ərazisində adi vətəndaş kimi yaşamasında israrlı olmalıdır. Qəbul edib və etməmək isə Ermənistanın öhdəsinə buraxmalıdır. Minsk Qrupu beş rayonu Azərbaycana güzəştə getməklə, prosesi irəliyə doğru addım və atəşkəs üçün bir plan kimi irəli sürəcək. Prezident İlham Əliyev də buna razı olmayacağını açıq bəyan etdi. Artıq Azərbaycan Şuşanın azad olunması istiqamətində həlledici əməliyyat aparır və Ermənistan tərəfinə heç bir güzəştə getməyəcəyini açıq bəyan edib. Sadəcə, bu danışıqlar artıq Azərbaycan üçün imitasiya xarakterlidir. Fransanın mövqeyi anti-Azərbaycan və beynəlxalq hüquqa qarşı olduğundan bu ölkənin təsdiq etdiyi plana Azərbaycan necə razı ola bilər?! Ümumiyyətlə, Fransanın Minsk Qrupunda həmsədrliyi bu format çərçivəsində aparılan danışıqları fiaskoya uğradır. Artıq Qarabağ münaqişəsinin siyasi həllini yoxdur. Siyasi həll variantı olmadığına görə hərbi eskalasiya zərurətə çevrildi. ABŞ, Fransa və Rusiya rəsmilərinin “siyasi danışıqlarla münaqişəni həll edin” çağırışı Azərbaycana atəşkəsə getmək və Ermənistana güzəştə getməyə əsaslanır. Ona görə də belə bir danışıqlar absurddur və regionda yeni güclər balansının dəyişməsi, yeni geosiyasi proseslərdə Azərbaycan yalnız ərazi bütövlüyü çərçivəsində uğurlu bir mövqe əldə edəcək”.

Politoloq onu da qeyd edib ki, Cenevrə danışıqlarından sonra Azərbaycana təzyiq edilə bilər: “Amma Azərbaycan bu prosesdə tək deyil. Əsas danışıqlar formatı Ankara və Moskva arasında aparılmaqla yeni bir siyasi format baş tuta bilər. Türkiyə Azərbaycanın istəyi ilə Qarabağ məsələsində əsas moderatordur və güc balansını qoruyub saxlayır. Azərbaycan Şuşanı götürməklə Ermənistanı fakt qarşısında qoyacaq. Rusiya və digər ölkələrin Azərbaycana təzyiqləri səmərə verməyəcək. Qarşıdakı 10 gün Azərbaycan üçün həll edici məqam olacaq. Burada Rusiya və Türkiyə qarşı-qarşıya gəlməyəcək. Ermənistan rəhbərliyinin provakasiyaları baş tutmayacaq. Ermənistan artıq Qarabağda uduzub”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org