“Qarşıda bizi müqəddəs müharibə gözləyir…” – POLİTOLOQDAN AÇIQLAMA

69

Məhəmməd Əsədullazadə: “Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı müharibəyə hazırdır və düşmən üzərində qələbəni dadmaq istəyir”

“Erkin Qədirlinin bu mövqeyi xalqın öz topraqlarına qayıdışı inamına zərbə vurmaq, xalqın vətənpərvərliyinə şübhə ilə yanaşmasıdır”

Bildiyiniz kimi, mayın 21-də Azərbaycanın işğal altındakı Şuşa şəhərində separatçı qondarma rejimin yeni lideri Araik Arutunyan “andiçmə” mərasimi keçirib. Ardınca o, Dağlıq Qarabağdakı qondarma rejimin “parlamentini” Şuşaya köçürmək niyyətində olduğunu bəyan edib. Təəssüf ki, olub-bitənlərə lazımı qaydada reaksiya verə bilmədiyimizdən, əlimizdən bir şey gəlmədiyindən sadəcə, danışırıq. Özü də diqqət yetirsəniz görərsiniz ki, bu barədə hərə bir söz deyir. Xalqın böyük bir hissəsi isə işğal altındakı torpaqlarımızın həsrətilə yaşayır.

Deyəsən, torpaq həsrətilə yaşamaq bizim alnımıza yazılıb. Qanlı sovet imperiyasının boyunduruğu altında olduğumuz dönəmlərdə Cənubi Azərbaycanı görmək, oradakı soydaşlarımızla ünsiyyət qurmaqdan ötrü sərhədə qədər gedir, uzaqdan Təbrizə baxır və yenidən geri qayıdırdıq. 1991-ci ildə müstəqillik əldə etdik və indi ürəyimiz istədiyi vaxt Güneyə gedə və Təbriz də daxil olmaqla, bütün Cənubi Azərbaycanı gəzib-dolana bilərik. Düzdür, hələ ki, Güneylə Quzey vahid Azərbaycan dövləti adı altında birləşməsə də, ən azından bu gün oraları ziyarət etməklə müəyyən qədər təsəlli tapırıq. Lakin əbədi və əzəli düşmənimiz olan ermənilərin işğalı altında olan torpaqlarımızı – Qarabağı və onun ətrafındakı rayonları görmək, orada gəzmək, İsa bulağından su içmək, Cıdır düzündə at çapmaq, Gövhər ağa məscidində namaz qılmaq, Daşaltı dərəsində kabab çəkmək imkanımız yoxdur. 30 ilə yaxındır ki, bütün bunlardan məhrum olmuşuq. Kimin günahkar, kimin günahsız olmasından asılı olmayaraq, son nəticə odur ki, biz Qarabağı itirmişik. Torpaqlarımızı məhz hərb yolu ilə geri qaytarmaq əvəzinə ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq təşkilatların boş-boş sözlərinə əhəmiyyət verir, onlardan pənah umuruq. Nə yaxşı ki, Pənahəli xan bizim bu günümüzü görmür. Əgər o, bir anlıq qəbirdən başını qaldırıb bu mənzərəni görsəydi, üzümüzə loppa ilə tüpürərdi. Çünki babalarımızdan miras qalmış torpaqlarımızın böyük əksəriyyətini bəzən itirə-itirə, bəzən də sadəcə verə-verə gedirik.

1994-cü ildən bəri atəşkəsdir. Ancaq ortada heç bir irəliləyiş yoxdur. Birdəfəlik bilməliyik ki, torpaqlarımız yalnız müharibə yolu ilə azad oluna bilər. Artıq hamı anlayır və qəbul edir ki, Ermənistan hakimiyyəti işğal etdiyi əraziləri danışıqlarla geri qaytarmaq fikrindən çox-çox uzaqdır. Nikol Paşinyan və komandasında təmsil olunan rəsmi şəxslər az qala hər çıxışı zamanı açıq şəkildə bunu qeyd etməkdən çəkinmirlər. Odur ki, artıq danışıqlar prosesini dayandırıb Ermənistanı top-tüfənglə başa salmağın vaxtı çoxdan çatıb. Çünki uzun illərdir davam edən danışıqlarda heç bir konkret nəticə əldə olunmayıb. Hər dəfə danışıqların həlledici məqamında Ermənistan tərəfi müxtəlif əsassız bəhanələr gətirərək, konstruktiv mövqe nümayiş etdirməkdən boyun qaçırır. Odur ki, tez bir zaman ikinci Qarabağ savaşına başlamalı, tarixi ədaləti bərqərar etməliyik.

Deputatın fikrincə, cəmiyyətimiz müharibəyə hazır deyil

Təbii ki, bu cür düşünməyənlər, daha doğrusu məsələyə bir qədər fərqli prizmadan yanaşanlar da var. Məsələn, Respublikaçı Alternativ Partiyasının (REAL) parlamentdəki deputatı Erkin Qədirli “facebook” səhifəsində paylaşdığı statusunda qondarma rejimin “andiçmə” mərasimi ilə bağlı fikirlərini bölüşərkən, müharibə mövzusuna da toxunub. Belə ki, “Tədbirin Şuşada keçirilməsi heç nəyi dəyişmir (bir yenilik yaratmır). Xankəndi bizim deyilmi? Xankəndində olan tədbirlərə heç belə emosional yanaşmırıq. Şuşadakı tədbirlə bağlı reaksiyamız Xankəndini Şuşadan daha az istəməyimiz, Şuşanın bizdə qalması şərtilə Qarabağı ermənilərə verməyə hazır olmağımız anlamına gələ bilər (elə yozula bilər). Onu da deyim ki, zamanında belə söhbət olub (xarici diplomatlar belə suallar veriblər)” deyən deputatın fikrincə, cəmiyyətimiz müharibəyə hazır deyil: “Ermənilərin Qarabağda keçirdikləri seçkiləri heç bir dövlət və ya beynəlxalq təşkilat tanımır: “Qarabağın özünü də dövlət sayan yoxdur. Odur ki, ermənilərin oradakı bu tədbiri özlərinə təsəlli, bizə isə acıq vermək üçündür. Heç birisinin də siyasi anlamı yoxdur. Bilirəm, ağırdır, ona görə də qəzəbini bildirənləri haqlı sayıram. Bununla belə, dövlət qərarları duyğular əsasında verilmir (verilməməlidir). Cəmiyyətimizin demokratiyaya hazır olmadığını bir kərə yazmışdım. İndi də müharibəyə hazır olmadığını yazım. Ordumuzun hazır olduğuna inanıram, amma müharibəni udan ordu deyil, cəmiyyət olur. Ordu döyüşləri uda bilir ancaq. Ordunun udduğu döyüşlərin siyasi nəticələri isə cəmiyyətin durumundan asılıdır. Yanlış anlaşılmasın deyə, bunu da yazım – problem hazır olmamağımızda deyil, hazırlaşmamağımızdadır. Aydındır ki, burada ən böyük məsuliyyət hökumətin üzərinə düşür. Müharibə ehtimalını hələlik qoyaq bir qırağa. Gələk siyasi danışıqlara. Danışıqların da öz resursları olur – sənədlər, arqumentlər, rəmzlər, arxivlər, kəşfiyyat məlumatları və s. Ermənilərin bizdən güclü olduğu resurs rəmzlərdir. Ermənilər rəmzlərlə yaxşı oynayırlar, bizi da oynadırlar. Məsələn, Xocalını Sumqayıt hadisələrinin ildönümü günündə, Şuşanı sovetlərin Böyük Vətən Müharibəsinin bitdiyi gündə işğal etdilər, Dilqəmlə Şahbaza 22 illik qondarma hökmü Kəlbəcərin işğalının 22-ci ildönəmində verdilər və s. İndi də Şuşada qondarma prezident seçkilərinin nəticələrini bayram ediblər. Biz bunu ermənilərdən hələ yeni öyrənməyə başlamışıq. Məsələn, Aprel Döyüşlərini Kəlbəcərin işğalı günündə başlamışdıq. Düşməndən də öyrənmək lazımdır. Hələ çox öyrənməliyik. Məsələn, arxiv işlərini də ermənilər bizdən yaxşı bacarırlar, kəşfiyyat məlumatlarını isə əsasən Rusiyadan alırlar”. Qarşıdan 28 May bayramının gəldiyini vurğulayan Erkin Qədirli bildirib ki, biz hələ də Rusiyanın arxivlərindən Cümhuriyyət Ordumuzun alay bayraqlarını ala bilməmişik: “Belə olunca, biz rəmzlərdə ermənilərə uduzmağa davam edəcəyik. İndi də gələk danışıqlarda gerçəkdən güclü olduğumuz resurslara – hüquqi sənədlər və arqumentlər. Burada üstünlük tam bizim tərəfimizdədir. Bununla belə, nədənsə özümüzü (cəmiyyət olaraq) zəif hiss edirik. Nədən belə olur? Çünki: a) işin ancaq informativ tərəfinə güvənirik, performativ tərəfinə yetərli önəm vermirik; b) sənədlərlə yaxşı işləmirik – mətni oxuya bilsək də, onu oxumağı bacarmırıq (bunlar ayrı-ayrı bacarıqlardır – birincisi savadı, ikincisi hermenevtik bilikləri tələb edir); c) hələ də ədalətli bir dövlət qura bilməmişik”.

“Torpaqları işğal edilən, 1 milyon qaçqını, məcburi köçkünü olan bir ölkənin tanınmış siyasətçisinin bu mövqeyi qəbul edilməzdir”

Liberal iqtisadiyyat ölkəmizin inkişafı üçün əsas şərtdir ...

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə tam fərqli mövqedədir. “Biz cəmiyyət və xalq olaraq öz ərazilərimizin işğaldan azad olunması üçün çalışmalıyıq” deyən politoloq bu qənaətdədir ki, Ermənistanla müharibəmiz hələ qabaqdadır: “Heç bir azərbaycanlı torpaqlarının işğalda qalması ilə barışmır. Bizim Ermənistanla müharibəmiz qarşıdadır. Qarşıda bizi müqəddəs müharibə gözləyir, ona hazırlanırıq. Ordumuz məhz bu istiqamətdə gücləndirilir. Amma cəmiyyətin müharibə əhval-ruhiyyəsini öldürən bəzi siyasətçilərlə üz-üzəyik. REAL Partiyasının Milli Məclisdəki deputatı hörmətli Erkin Qədirli qeyd edir ki, Azərbaycan xalqı müharibəyə hazır deyil. Erkin Qədirlinin bu mövqeyi xalqın öz topraqlarına qayıdışına inamına zərbə vurmaqdır. Xalqın vətənpərvərliyinə şübhə ilə yanaşmasıdır”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, torpaqları işğal edilən, 1 milyon qaçqını, məcburi köçkünü olan bir ölkənin tanınmış siyasətçisinin bu mövqeyi qəbul edilməzdir: “Erkin Qədirli ola bilsin özü müharibəyə hazır deyil. Hazırkı durumda Azərbaycan xalqına bunu demək, birbaşa xalqa qarşı mövqe qoymaqdır. Erkin Qədirli ola bilsin ki, öz arşını ilə bunu ölçüb. Hörmətli Erkin Qədirli 2016-cı il aprel döyüşlərini görəsən unudub, yoxsa xatırlmaq istəmir. Azərbaycan xalqı aprel döyüşlərində ayaq üstə idi, bir idi. Minlələrlə könüllülər istər kişi, istərsə xanımlar müharibəyə getmək üçün hərbi komissarlığa müraciət edirdilər. Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı müharibəyə hazırdır və düşmən üzərində qələbəni dadmaq istəyir. Qeyd edim ki, bir müddət bundan əvvəl Erkin Qədirli özünün siyasətçi olmadığını vurğulamışdı. Parlamentə necə düşdüyünün də fərqində olmadığını qeyd etmişdi. Belə bir şəxsin xalqın müharibəyə hazır olmaması ilə bağlı açıqlama verməsi məsuliyyətsizlikdir. Görünür, Erkin Qədirli REAL-lıq hissini itirib”.

Valeh TÜRKSOY, Hurriyyet.org