Qarsda ermənilərin ruslara və yunanlara qarşı törətdiyi soyqırımı

147

 

1877-1878-ci illər türk-rus savaşından qalib çıxan Rusiya Qars, Ərdahan, Oltu, Kağızmandan ibarət bir hərbi vilayət qurmuşdu. Geniş çapda müstəmləkəçilik siyasəti yürüdən Çar Rusiyası yerli müsəlman (türk) əhalinin işğal bölgəsindən köç etməsinə yol açdı. Müsəlmanlar (türklər) tərəfindən boşaldılan yerlərə erməni, rum (yunan), yezidi, süryani (aysor), ukraynalı, eston, malakan kimi çeşidli etnik və dini qruplar yerləşdirildi

30 sentyabr 1918-ci il təslimçi Mudros Barış andlaşması gərəyincə Osmanlı ordusu İran, Qafqaz və Doğu Anadoludan çəkilmək məcburiyətində qaldığından Qars bölgəsində də hakimiyyətsizlik yarandı və yerli əhali tərəfindən Qars Vilayətində bu hakimiyyət boşluğunu aradan qaldırmaq üçün 17/18 Ocaq (yanvar) 1919-cu ildə demokratik əsaslarla “Cənub-Qərbi Qafqaz Hökuməti” quruldu.

***

Bəzi tarixi sənədlərə görə, İngiltərə öncə bu hökuməti tanıdığını bildirmiş, sonra qərarını dəyişmişdi. İngiltərənin Qafqaz üzrə məsul şəxsi albay Tamperlinin Cənubi-Qərbi Qafqaz Respublikasına “Hökumətimiz İngiltərə hökumətinizi tanımışdır. Kabinənizdəki nazirlərin tam siyahısı göndərilsin!” tələbi qarşılığında qurulan Kabinədə xristianları təmsil edən nazirlər də yer almaqda idi:

Milli Təhsil Naziri – Mikail Andryanov [rum –yunan];

Poçt, Teleqraf, Telefon Baş Müdiri – Arlov [rus].

Bu seçimi tanımaq istəməyən “… İngilislər 12000 nəfərlik şotlandiyalı və yeni zelandiyalı əsgərlə (13 aprel 1919-cu il tarixində – X. İ.) parlamentə hücum etdilər. İki nəfəri öldürdülər. Ərzurumda bulunan xarici işlər naziri Fəxrəddin Ərdoğanla Batumdan qaçan daxili işlər naziri Ali Rza Atamandan başqa  hamını Malta Adasına sürgün etdilər. Sürgün olunanlar sırasına ermənilərin donosları əsasında Qars yönətimində (Parlamentində) təmsil olunan bəzi başqa xalqların nümayəndələri də salınmışdı: Matvey Radjinski (Rus Şura üzvü), Pavlo Camusev [Rum (Yunan) Şura üzvü], Stefani Vafiades (Yunan Şura üzvü, Sosial Yardım Naziri).         

Qarsda İngilis işğalçılarının hərbi-siyasi dəstəyi ilə Gümrüdən gətirilmiş bulunan erməni generalları Garganof (Korqanov) və Osibyan (Osipyan) komandanlığı altında qurulan erməni hökuməti isə yerli xalqlara (müsəlman və xristian) qarşı sözün əsl mənasında soyqırımı, talanlar və deportasiya siyasəti həyata keçirməyə başladı. Bu faciələrlə bağlı Azərbaycan, Rusiya və Türkiyə arxivlərində saxlanan aşağıdakı tarixi sənədlərə diqqət yetirək:

“BU YAXINLARDA QARS VİLAYƏTİNDƏ BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA RSFSR-in GÜRCÜSTANDAKI SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİNƏ

                                                    MƏLUMAT

 

1917-ci il siyahıya almasına görə, Qars vilayətində 394 min adam yaşayırdı: müsəlman – 205 min, erməni (Türkiyə ermənilərindən başqa ) – 85 min (hazırda 20 min Şimali Qafqazdadır), yunan – 48 min, rus – 31 min (hazırda 12 minə qədəri Şimali Qafqazdadır), başqa millətlər – 5 min.

1918-ci ilin yazında türklərin Qars vilayətinə hücumu zamanı müsəlmanlar, 3 rus və 15-20 yunan kəndi (Göl nahiyəsinə aid) istisna olmaqla, demək olar, bütün əhali vilayətdən qaçmış və yalnız türklər Qars vilayətindən çıxdıqdan və vilayətdə əhalini öz yerlərinə qaytarmağa çalışan millətlərarası hökumət –Milli Şuraya malik Cənub-Şərq Respublikası elan edildikdən sonra əhali oraya qayıtmağa başlamışdı. 1919-cu ilin yazında ingilislər bu hökuməti həbs etmiş, bütün hakimiyyət isə erməni milli partiyalarının nümayəndələrinə, əsasən daşnaksakanlara verilmişdir. Bu vaxtdan etibarən Erməni Respublikası yaradılmağa başlanmışdır.

Daşnaklar qeyri-erməni əhalinin ermənilərdən azı 3 dəfə artıq olduğu Qars vilayətində müvəffəqiyyətlə Erməni Respublikası yaratmaq üçün qanlı yol seçdilər. Bu məqsədlə onlar kaqtoqonlardan – oğrular və quldurlardan mauzerçilər adı altında partizan dəstəsi yaradaraq onlara quldurluq və soyğunçuluqla məşğul olmaq üçün tam sərbəstlik verdilər, qoşunlar isə yenicə qayıdıb gəlmiş və heç nə ilə silahlanmamış qeyri-erməni əhalini tərk-silah etməyə (silahsızlaşdırma –X.İ.) başladılar; müsəlmanlar isə qaçmamalarına baxmayaraq, hələ bundan əvvəl ingilislər tərəfindən tərk-silah olunmuşdular…

Moskva hadisələrindən (Oktyabr Çevrilişi –X.İ.) sonra ruslar və yunanlar etibarsız ünsürlərə aid edildilər. Talanlar və zorakılıq başlandı. Çox adam öldürldü və həbs edildi, qadınlar zorlandı. Yunanlar bu zülmə dözməyərək ev-eşiklərini tərk etdilər, daşınar əmlakı dəyər-dəyməzə satdılar və indi Gürcüstana gedirlər. Özü də hökumət onlara öz əmlaklarını qızıla, Nikolay pullarına və bonlara satmağı qəti qadağan etmişdi. Onlar əmlaklarını yalnız çeklərə sata bilərdilər, bunları isə heç yerdə pula dəyişmirlər. Buna görə də yunanlar pulsuz-parasız köçüb gedir və yollarda aclıq çəkirlər. Acından ölmə halları da olmuşdur.

O ki qaldı rus əhalisinə, onlar hələ də erməni mauzerçilərinin zülmü altındadırlar. Heç kim torpağı şumlamır və başqa işlər görmür, bunu hədər zəhmət hesab edirlər. Əslində, işləmək də mümkün deyil: atları yığırlar, taxıl yoxdur, hökumət rus əhalisinə həftədə adam başına ¾ funt Amerika taxılı verir. Əhali pencərlə qidalanır. Acından ölmə halları çoxdur. Bundan başqa, hökumət atları yığaraq cəbhəyə göndərmiş, əhalini pulsuz olaraq duz daşımağa, cavanları isə hərbi hissələrdə işləmək üçün səfərbər etmişdir. Atların və əkinçilik alətlərinin olmadığı və günün günortaçağı mauzerçilər tərəfindən qarət edilmək və öldürülmək təhlükəsinin qaldığı bir şəraitdə, belə hadisələr kəndlərin həndəvərində hər gün baş verir, rusların əkdikləri taxılı da, çox güman ki, yığmaq mümkün olmayacaqdır. Payızda rus məktəblərinin 2/3-si işləməyəcək, belə ki, yerli hakimiyyətin xəyanətkar kimi təqib etdiyi müəllimlər qaçıb getmişlər, onların əmlakı müsadirə olunmuşdur. Hətta gizlənənlərin ələ verilməsini tələb etmək üçün onların qohumlarının girov götürülməsi halları da var.

O ki qaldı yeni müəllimlərin gəlməsinə, bu, böyük çətinliklərlə bağlıdır: gəlmə ziyalılar hakimiyyət tərəfindən nəzarət altına alınır və azacıq şübhə doğurduqca, onları geri qaytarırlar.

Daşnakların zorakılığından və özbaşınalığından danışarkən aşağıdakı hadisələri göstərmək olar:

  1. Əvvəllər Blaqodarnoye kəndindən 820 baş mal-qara, 210 at, 2/3 milyon manat pul təzminat almışdılar; kənd bir aya yaxın bir rota (bölük –X.İ.) əsgəri yedizdirmişdi, indi isə 500 pud yağ verməlidir. Bir neçə adam öldürülmüş, hakimiyyət tərəfindən təqib olunanların çoxu qaçıb dağılmışdır.
  2. Novosəlim kəndindən 20 at, 80 öküz, 17 pud yağ alınmış, bir rota əsgər bir ay kəndin hesabına dolanmışdır, 35 at arabası arabaçılarla birlikdə cəbhəyə, 5 at arabası isə duz daşımağa göndərilmişdir, 15 qadın zorlanmış və kəndxuda öldürülmüşdür.
  3. Vladiqars kəndindən 18 at, 5 öküz və 30 qoyun alınmışdır.
  4. Novopetrovka kəndində 22 at, 40-a qədər qaramal və davar oğurlanmış və zorla alınmışdır. Günün günortaçağı kəndin yaxınlığında 4 at və furqon götürülmüş, 4 kişi öldürülmüş, bir qadın və onun 10 yaşlı qızı zorlandıqdan sonra döşləri və cinsi orqanları kəsilmişdir. Kəndin nümayəndələri cinayətkarların adlarını göstərməklə qubernator Karqanyansa şikayət etdikdə isə şallaqla döyülmüşlər.

Başqa kəndlərdə də vəziyyət belədir. Bütün bu qarətçiliyin və təzminatların dözülməzliyi bir də ondadır ki, rus əhalisi buralara yaxınlarda qayıtmışdır, son dərəcə müflisləşmişdir və özünü güclə dolandırır. Məsələn, Novosəlim kəndində cəmi 100 at var idi, onlardan 20-ni zorla aldılar, 35-ni cəbhə üçün, 18-ni isə arabaya qoşmaq üçün götürdülər.

Açıq-aşkar qarətçilikdən əlavə, gecə oğurluğu və soyğunçuluğu var, onlardan qorunmaq mümkün deyil, belə ki, əhalidəki silah hakimiyyət tərəfindən yığılmışdır və silah saxlamaq qəti qadağandır. Hakimiyyət isə əhalinin şikayətlərinə məhəl qoymur, üstəlik onları söyərək – “Siz bolşeviklərə belə lazımdır” – deyir.

Böyük Ermənistan bax belə yaradılır, Qarsın divarları proletariatın qanına və göz yaşlarına bulaşmışdır. 205 min müsəlmandan sərhədyanı zolaqda 50 mini qalmışdır, yunanlar tamamilə çıxıb getmişlər; ruslar qalmışlar, onlar da nəzərlərini Şimala dikmişlər. Bütün əhali bizdən xahiş edib ki, ən qısa müddət ərzində köçmək imkanlarını aydınlaşdıraq, o vaxta qədər isə artıq dərəcədə xahiş edirlər ki, Qars vilayəti əhalisinin həyatını daşnakların zorakılığından qorumaq üçün Sizdən asılı olan bütün tədbirləri görəsiniz.

Bu məqsədlə Sizdən habelə xahiş edirik ki, tezliklə Şimali Qafqaza getməkdə bizə kömək göstərəsiniz.

Qars vilayəti Rus Milli Şurasının üzvü Nümayəndə-müvəkkil

9 iyun 1920-ci il.

***

Qars vilayətindəki rusların və başqa xalqların erməni hökuməti tərəfindən qətliam, talan və deportasiyaya məruz qalmaları Rusiya Dövlət Sosial-Siyasi Arxivində saxlanan bir sənəddə də öz əksini tapmışdır. Dövrümüzdə türk araşdırmaçısı M.Pərinçək tərəfindən üzə çıxarılan bu sənəd S. M. Kirovun Rusiya xarici işlər naziri Çiçerinə 29 iyun 1920-ci il tarixində göndərdiyi 94 saylı teleqramdır. Həmin teleqramda erməni daşnaklarının hakimiyyətdə olduqları Qars vilayətində və Aleksandropolda (Gümrü –X.İ.) müsəlmanlara və ruslara qarşı qətliam və köçə zorlama (deportasiyaya məruz qoyma) fəaliyyətlərindən bəhs olunur: “Qars vilayətinin otuz min rus əhalisindən yalnız on beş mini qalıb, qalanları canını qurtarmaq üçün Türkiyə və ya Rusiya qaçıb, ya da (erməni hökuməti tərəfindən) öldürülüb…” Sənəddə həmçinin Tuxurtsk bölgəsindəki 15 müsəlman kəndinin də ermənilər tərəfindən qılıncdan keçirildiyi ifadə olunur...

Qarsda Erməni hökumətinin fəaliyyəti dönəmində müsəlmanlara və xristianlara qarşı soyqırımı və köçə zorlama fəaliyyətlərini sübut edəcək növbəti arxiv sənədlərini isə Türkiyə arxivlərindən əldə etdiyimiz bəlgələri tədqiq edərkən bulduq. Bu sənədlərdən biri  ermənilərin Qars və civarındakı müsəlman və rus (malakan) kəndlərinə ermənilərin hücumu, digəri isə yenə də həmin vilayətdəki Novoselim rus kəndi və civarındakı müsəlman kəndləri əhalisinin ermənilər tərəfindən silahlı təcavüzə, talanlara uğradılması haqqındadır. Bu sənədlərdən biri – 25.05.1920-ci il tarixli bəlgədə top və makinalı tüfənglərlə (pulemyot) silahlanmış erməni dəstəsinin Qarsın müsəlman və malakan (rus) kəndlərinə hücum çəkərək onları zülmə və talanlara məruz qoyduğu və müsəlmanlardan başqa, hətta malakan kəndlərinin də sərhəddəki Türk komandanlığına müraciət edərək yardım istədikləri bidirilir. İkincisi – 9.06.1920-ci il tarixli bəlgədə isə ermənilər tərəfindən Novoselim rus kəndi və onun ətrafında yerləşən Karaçayır, Iğdır, Kırkpınar və Cavlah müsəlman kəndlərinin yağmalanaraq 10 nəfərin öldürüldüyü, Yedikilise və Asbuğa sakinlərinin də kütləvi qırğınlara məruz qaldığı ifadə olunur.

Başqa sözlə, yuxarıda nəzərə çatdırdığımız 4 arxiv sənədindəki faktlar bir-biri ilə səsləşərək, Qars Vilayətində 1919-1920-ci illərdə mövcud olmuş Erməni hakimiyyətinin rəsmi hərbi birləşmələri tərəfindən orada yaşayan müsəlmanlardan başqa, xristianların (rus və yunanların) da, bugünkü beynəlxalq hüquq meyarları ilə desək, soyqırıma, etnik “təmizləməyə” məruz qaldıqlarını təsdiq edir.

 Xaqani İsmayıl,

yazıçı-tarixi araşdırmaçı