“Qarabağın status məsələsi uzun müddət gündəmdə qala bilər”

114

Xaqani Cəfərli: “Ordumuzun işğal altındakı torpaqlarımızı azad edilməsiylə bu məsələnin dərhal gümdəmdən çıxmasını gözləmək bir qədər doğru olmaz”

“Bu gün döyüş meydanında Ermənistan və ona yardım edən terrorçu qruplarla döyüşürüksə, diplomatiyaya masasında qarşımızda Rusiya, Fransa, ABŞ və digər ölkələr olacaq”

“Bundan sonra olacaq danışıqlar prosesində Dağlıq Qarabağ ermənilərinə status məsələsinin müzakirəsi zamanı, Zəngəzur və Göyçənin də eyni statusa malik olmasını gündəmə gətirməliyik”

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Qarabağdakı savaş onun statusu üçün aparılır. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Paşinyan qeyd edib ki, Ermənistan zamanında əraziləri versəydi və Qarabağın qeyri-müəyyən statusuna razılaşaydı, savaşdan qaçmaq mümkün olardı. Düşmən ölkənin baş naziri guya bu halda Qarabağ üçün hansısa qəbul edilən statusun əldə edilməyəcəyini bildirib. Onun sözlərinə görə, Qarabağ üçün danışıqlarda son şans 2011-ci ildə Kazanda itirilib.

“Dağlıq Qarabağ tarix boyu heç vaxt müstəqil olmayıb və bundan sonra da olmayacaq”

Nəzərinizə çatdıraq ki, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop isə Bakıda jurnalistlərlə keçirdiyi görüş zamanı birmənalı şəkildə, Dağlıq Qarabağın tarix boyu heç vaxt müstəqil olmadığını və bundan sonra da olmayacağını bildirib: “Təkcə dostumuz olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq. Azərbaycan tarix və beynəlxalq hüquq baxımından da haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb. Müharibə cinayətləri törədənlərin bu gün, sabah da olmasa, başqa vaxt mühakimə olunduğu dünyada yaşayırıq. Ermənistan tək Azərbaycan üçün deyil, bölgədə və dünyada sülhə təhdiddir. Buna görə də Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bizim dostluğumuz əbədiyyətə qədər davam edəcək. Dağlıq Qarabağ tarix boyu heç vaxt müstəqil olmayıb və bundan sonra da olmayacaq. Bütün beynəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini bildirir”.

Bu arada, Rusiya mətbuatı isə yazır ki, Ermənistan ordusu özünün 20-ci əsrin 80-ci illərinə aid taktika və silahları ilə Azərbaycanın 21-ci əsrə aid silahlara məxsus, yüksək döyüş ruhu və başlanan işi sona çatdırmaq niyyəti olan ordusunu dayandıra bilməz. Trend-in məlumatına görə, yazıda o da qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağda parlaq qələbə qazanıb, Ermənistan isə məğlub olub və onun Qarabağdan çıxması an məsələsidir: “Aradakı fərqi ortaya çıxaran əsas amil müdafiə planlaşdırmasına yeni yanaşma, idarəçilik və kəşfiyyatın, o cümlədən kosmik kəşfiyyatın keyfiyyəti, havada üstünlük, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi taktikası olub. Ermənistan artıq 700-dən çox hərbçisinin həlak olduğunu açıqlayıb. Bu, yaralılar da nəzər alınmaqla erməni döyüş bölmələrinin qüvvəsini itirdiyini göstərir. Həm də onların pilotsuz uçuş aparatları probleminə qarşı həlli yoxdur. Azərbaycan təkcə dronlarda deyil, həm də döyüş əməliyyatlarının planlamasında və idarə olunmasında üstünlüyə sahibdir, şəxsi heyətin ruh yüksəkliyi gözəçarpan dərəcədədir. Azərbaycanlılar mümkün olan hər yerdə irəliləməyə çalışır”.

“Həmin ərazilərdə bir erməni qalmasa belə, ermənilərə o ərazilərdə hansısa bir statusun verilməsiylə bağlı Azərbaycana bir müddət diplomatik, siyasi təzyiqlər olacaq”

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən politoloq Xaqani Cəfərli isə qeyd etdi ki, Dağlıq Qarabağın status məsələsi Azərbaycana təzyiq üçün uzun müddət gündəmdə qala bilər: “Yəni ordumuzun işğal altındakı torpaqlarımızı azad edilməsiylə bu məsələnin dərhal gümdəmdən çıxmasını gözləmək bir qədər doğru olmaz. Bildiyiniz kimi, böyük dövlətlərin maraqları var və onların Azərbaycana təzyiq üçün əllərindəki əsas kart işğal olunmuş torpaqlarımız, Dağlıq Qarabağın statusuyla bağlı məsələlər idi. Odur ki, indi işğal olunmuş ərazilərin azad edilməsi kartı əllərindən çıxdıqdan sonra əllərində qalacaq yeganə təzyiq vasitəsi Qarabağın statusu ilə bağlı məsələ olacaq. Hətta həmin ərazilərdə bir erməni qalmasa belə, ermənilərə o ərazilərdə hansısa bir statusun verilməsiylə bağlı Azərbaycana bir müddət diplomatik, siyasi təzyiqlər olacaq. Fikrimcə, Azərbaycan gücləndikcə, həm də paralel olaraq Türkiyənin regionda güclənməsiylə həmin təzyiqlərin təhlükəlilik dərəcəsi azalacaq. Məsələn, 30 il bundan öncə hər hansısa təhdidlər, təzyiqlər bizim üçün təhlükəli idi və ağır nəticələr verə bilirdi. Bu gün isə o qədər də həyati təhlükə doğurmayan təzyiqlər ola bilər. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan diplomatiyası mümkün qədər davamlı olmalıdır. Dünya tarixində belə bir məqamlar var ki, bəzən dövlətlər döyüş meydanında qazandıqlarını diplomatik danışıqlarda uduzub. Yaxud da döyüşdə uduzduqlarını diplomatik danışıqlarda geri alıblar”.

“Yaxşı olar ki, Xarici İşlər Nazirliyində beynəlxalq hüququ mükəmməl bilən, o cümlədən münaqişənin tarixi ilə bağlı dərin bilikləri olan şəxslərlə birlikdə komanda hazırlansın”

Bütün bunların Azərbaycan diplomatiyasının qarşısında çox böyük vəzifələrin durduğundan xəbər verdiyini vurğulayan politoloqun sözlərinə görə, danışıqlar prosesində bizə daha çox təzyiqlər olacaq: “Biz bu gün döyüş meydanında Ermənistan və ona yardım edən terrorçu qruplarla döyüşürüksə, diplomatiyaya masasında, danışıqlar prosesində artıq qarşımızda Rusiya, Fransa, ABŞ və digər ölkələr olacaq. Bu səbəbdən də bizə daha çox təzyiqlər olacaq. Ona görə də Azərbaycan diplomatiyasını çıx gərgin işlər gözləyir. Mən arzulayardım ki, Azərbaycan Ordusundakı döyüş ruhu, qətiyyət Azərbaycan diplomatiyasında da olsun. Çox güman ki, Azərbaycan diplomatiyasını daha güclü kadrlarla komplektləşdirmək zərurəti yaranacaq”.

Xaqani Cəfərli onu da əlavə etdi ki, bundan sonra olacaq danışıqlar prosesində Dağlıq Qarabağ ermənilərinə status məsələsinin müzakirəsi zamanı, Zəngəzur və Göyçənin də eyni statusa malik olmasını gündəmə gətirməliyik: “Təbii ki, bu məsələni gündəmə gətirmək olar və lazımdır. Lakin hazırkı mərhələdə bunun ciddi nəticələri ola biləcəyinə inanmıram. Amma buna baxmayaraq, bu məsələnin də müzakirəsinə nail olmaq lazımdır ki, gələcəkdə hansısa bir mərhələdə bunun üzərində imkanlar yarana bilər. Ancaq mövcud şəraitdə Azərbaycan çox gərgin diplomatik danışıqlara hazırlaşmalıdır. Yaxşı olar ki, Xarici İşlər Nazirliyində beynəlxalq hüququ mükəmməl bilən, o cümlədən münaqişənin tarixi ilə bağlı dərin bilikləri olan şəxslərlə birlikdə komanda hazırlansın. Bu halda, qarşıda bizi gözləyən diplomatik danışıqlarda işimiz daha yüngül olar”.

Vazeh BƏHRAMOĞLU