“Qarabağın “müstəqilliyi”nin tanınması mümkün deyil…”

165

Məhəmməd Əsədullazadə: “Artıq ölkə başçısı İlham Əliyev də birmənalı şəkildə qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyan istənilən ölkə ilə diplomatik əlaqələri dərhal kəsəcək”

“Heç bir ölkə kiçik, hərbi, siyasi və iqtisadi cəhətdən o qədər də əhəmiyyəti olmayan, forpost rolunda çıxış edən Ermənistana görə Cənubi Qafqazın əsas gücü, regionun enerji və nəqliyyat körpüsü olan Azərbaycanla münasibətlərini pozmaz”

Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, düşmən ölkə Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə Fransanın “Tv5 Monde” telekanalına verdiyi müsahibəsində Emmanuel Makrondan Qarabağın müstəqilliyinin tanınmasını gözlədiyini bildirib: “Fransa prezidentinin tutduğu səmimi, dürüst və doğruçu mövqedən Ermənistanın və Dağlıq Qarabağın erməni xalqının məmnunluğunu ifadə etmək istəyirəm. Mən açıq deyə bilərəm ki, Fransa prezidentinin və Fransanın Dağlıq Qarabağın müstəqilliyini tanımasını gözləyirəm, çünki Emmanuel Makronun ifadə etdiyi narahatlığın başqa həll yolu yoxdur, yoxsa bu, böyük humanitar fəlakətə çevrilə bilər”.

Onu da nəzərinizə çatdıraq ki, artıq müxtəlif sosial şəbəkələrdə və bəzi saytlarda Ermənistan parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanıyacağı haqda məlumatlar yer almaqdadır. Maariflənmiş Ermənistan fraksiyasının rəhbəri Edmon Marukyan isə bu barədə erməni mediasına açıqlamasında, Arayik Arutyunyanın atəşkəs olmasa, Ermənistan səlahiyyətlilərinə Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün müraciət edəcəyini bildirdiyini deyib: “Baş nazirlə qapalı görüşdə bu məsələ gündəmə gətirildi. Mən dedim ki, əgər Ermənistan qondarma Qarabağın müstəqilliyini tanımalı və bu tanınmada tək qalmalıdırsa, deməli, bu mənasızdır”.

“İnanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın, çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə bütün diplomatik əlaqələrimizi kəsərik”

Yeri gəlmişkən, oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən məsələyə də toxunub. Ölkə başçısı hesab edir ki, Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir: “Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Baxın, Minsk Qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər”.

Xatırladaq ki, bu barədə “Hürriyyət”ə danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu qənaətdədir ki, hazırda belə bir məlumatın yayılması daha çox məqsədyönlü şəkildə ortaya atılmış dezinformasiyaya bənzəyir. ADP sədrinin sözlərinə görə, bu gün Ermənistan parlamentinin Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanıması beynəlxalq səviyyədə qalmaqala səbəb olmaqla yanaşı, rəsmi İrəvanın özünün əleyhinə işləyəcək: “Əgər Ermənistan parlamenti Dağlıq Qarabağın “müstəqilliyini” tanıyarsa, o zaman Azərbaycan Milli Məclisi İrəvan da daxil olmaqla, Qərbi Azərbaycanda olan bütün tarixi torpaqlarımıza iddia edən qərar qəbul etməlidir”.

“Paşinyan başqa olmaqla, bütün Ermənistan rəhbərliyi panika, isterikadadır, buna görə də çalışır ki, yenidən müəyyən təxribatlara əl atsın”

Məsələ ilə əlaqədar mövqeyini öyrəndiyimiz Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə “Hürriyyət”ə açıqlamasında bildirdi ki, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində Ermənistanın hərbi təcavüzünə qarşı başlatdığı əks-həmlə əməliyyatları nəticəsində düşmən ölkənin silahlı qüvvələri ciddi itkilərə məruz qalıb: “Belə ki, artıq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdəki hərbi obyektlərinin böyük əksəriyyəti və çoxlu sayda canlı qüvvəsi sıradan çıxarılıb. Nəticədə Azərbaycan strateji bölgələri və böyük bir əraziləri işğaldan azad edib. Təbii ki, bütün bunlardan sonra Nikol Paşinyan başqa olmaqla, bütün Ermənistan rəhbərliyi panika, isterikadadır. Buna görə də çalışır ki, yenidən müəyyən təxribatlara əl atsın. Heç kimə sirr deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyanın avantürist çıxışları, guya Qarabağın Ermənistan ərazisi olmasına, o cümlədən Dağlıq Qarabağdakı separatçıların danışıqlarda tərəf kimi iştirak etməsinə dair sərsəm açılamaları münaqişənin alovlanmasına səbəb oldu. Nəticədə göründüyü kimi, Ermənistan artıq məğlub tərəfdir”.

“Fransanın da belə bir məsuliyyətsiz addım atacağını düşünmürəm, çünki Makronun nə deməsindən asılı olmayaraq, ermənipərəst siyasət yürütməsinə baxmayaraq, Fransa oturuşmuş, hüququn aliliyinə, beynəlxalq hüquqa dəyər verən dövlətdir”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd etdi ki, Ermənistan parlamentinin və ya hansısa bir başqa dövlətin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanıyacağı haqda səsləndirilən fikirlər beynəlxalq hüquqa tamamilə ziddir: “Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı səsləndirilən bütün fikirlər absurtdur. Bu, həm də Ermənistanın bir dövlət kimi obyektivliyini bir daha şübhə altına salacaq. Yeri gəlmişkən, onu da əlavə edim ki, hazırda Qarabağda demək olar ki, erməni yoxdur. Məsələn, artıq Xankəndindəki ermənilər Ermənistana köçüblər. Yəni, artıq muxtariyyətdən də söhbət gedə bilməz. Hazırda Qarabağda erməni silahlı qüvvələri və bir də terrorçu dəstələrdir. Bundan başqa, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı bəyanatı, növbəti dəfə sülhə və danışıqlar prosesinə vurulan zərbədir. Ümumiyyətlə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, o zaman Minsk Qrupunun vasitəçiliyinə də zərbə vuracaq, həmsədrlərin fəaliyyətini şübhə altına salacaq. Onu da əlavə edim ki, Ermənistan buna getməklə, Azərbaycan daha da irəliyə gedərək Xankəndində şanlı bayrağımızı asacaq”. Politoloq hesab edir ki, Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanımaqla heç bir siyasi divident əldə etməyəcək: “Həmçinin, Fransanın da belə bir məsuliyyətsiz addım atacağını düşünmürəm. Çünki Emmanuel Makronun nə deməsindən asılı olmayaraq, ermənipərəst siyasət yürütməsinə baxmayaraq, Fransa oturuşmuş, hüququn aliliyinə, beynəlxalq hüquqa dəyər verən dövlətdir. Bu səbəbdən də Fransa bu cür yanlış addıma yol verməz. Bundan başqa, artıq ölkə başçısı İlham Əliyev də birmənalı şəkildə qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyan istənilən ölkə ilə diplomatik əlaqələri dərhal kəsəcək. Odur ki, heç bir ölkə kiçik, hərbi, siyasi və iqtisadi cəhətdən o qədər də əhəmiyyəti olmayan, forpost rolunda çıxış edən Ermənistana görə Cənubi Qafqazın əsas gücü, regionun enerji və nəqliyyat körpüsü olan Azərbaycanla münasibətlərini pozmaz. Bu səbəbdən də Dağlıq Qarabağın müstəqilliyinin tanınması mümkün deyil və beynəlxalq hüquq da bunu inkar edir”.

Vazeh BƏHRAMOĞLU