Qarabağın işğaldan azad olunması Baydenin məsuliyyətini azaldacaq

93

Son illər ABŞ-da prezident seçkisinin nəticələrinə şübhə ilə yanaşırlar.

“Report”un məlumatına görə, ABŞ-ın seçki sistemi dünyanın ən etibarlı seçmə forması sayılır. Bununla belə, namizədlərin seçkinin nəticələrinə şübhəli yanaşmaları və ya ondan narazılığı bu sistemin də günün tələblərinə cavab vermədiyini söyləməyə əsas verir.

ABŞ-da seçkinin nəticələrinə Seçənlər Heyətinin səsi həlledici təsir göstərir. Hazırda onların sayı 538 nəfərdir. Ştatlar üzrə say fərqlidir. Ən çox seçicisi olan əyalətin seçənlərinin sayı da çoxdur. Onlar səslərini ştat üzrə daha çox səs toplayan namizədə verirlər. ABŞ-da hər 10 ildən bir əhali siyahıya alınır. Bu, sonuncu dəfə 2010-cu ildə keçirilib. Belə siyahıya alınmaya əsasən, hansı ştatın Seçənlər Heyətinə nə qədər üzv verəcəyi də müəyyən edilir.

ABŞ-da prezident seçkisinin ən əhəmiyyətli cəhəti hər ştatdan əldə olunan nəticənin ümumi nəticədən üstün tutulmasıdır. Buna misal olaraq, 2000-ci ildə keçirilmiş seçkini göstərmək olar. Həmin siyasi kampaniyada Corc Uoker Buş 50 456 002 seçicinin, onun rəqibi Albert Qor isə 50 999 897 seçicinin səsini toplamışdı. Səslərin ümumi sayına əsasən, Qor qələbə qazansa da, 30 ştatda üstünlük əldə etmiş Buş prezident seçilmişdi.

Bu baxımdan, ümumi say çoxluğundansa ayrı-ayrı ştatlarda üstünlük qazanmaq namizədlər üçün daha önəmlidir. Oxşar hadisə 2016-cı ildə də baş verib. Onda mübarizə keçmiş dövlət katibi Hillari Klintonla hazırkı prezident Donald Tramp arasında gedib. Klinton ümumilikdə daha çox səs toplasa da, Seçənlərin daha çox səsini qazanmış Tramp prezident seçilib. Builki siyasi kampaniyada Demokratlar Partiyasından prezident olmuş Barak Obama və Hillari Klinton Cozef Baydenin namizədliyini dəstəkləyiblər.

59-cu prezident seçkisi Respublikaçılar Partiyasının nümayəndəsi, 45-ci prezident Donald Trampla Demokratlar Partiyasının lideri Cozef Bayden arasında keçirilib. Seçkidən, səsvermənin nəticələrinin böyük qismi elan edildikdən sonra hər iki namizəd – Tramp və Bayden seçiciləri qarşısında çıxış ediblər. Demokratların lideri qələbəsini ehtiyatla elan edərək, deyib: “Biz qələbəyə yaxınıq. Hər səs sayılacaq. Nəticədən razıyıq”.

Onun sözlərinə görə, səslərin sayılması bir az gecikə bilər. Bununla belə, demokrat namizəd nikbin ovqatda olduğunu da vurğulayıb. Baydenin seçki qərargahından əminlikə bildiriblər ki, səslərin sayılma prosesi başa çatdıqdan sonra onların namizədi qalib elan olunacaq.

Doğrudan da səslərin sayı ənəvi vaxtdan gec elan olundu. Bəlkə də ABŞ-ın müasir seçki tarixində bu, nəticəsi ən gec elan olunan siyasi kampaniyadır.

Tramp isə rəqibindən fərqli olaraq səsvermənin nəticələrinə etiraz etdi. O, saxtakarlıqdan yayınmaq üçün poçt vasitəsilə səsvermənin dayandırılmasını istədi. Tramp Ağ Evdə çıxışı zamanı seçkidə qələbəni bayram etməyə hazır olduğunu, ancaq “bir qrup”un dələduzluq etdiyini bildirdi. Respublikaçılar Partiyasının namizədi seçkidə qələbəsinin oğurlanmağa cəhd edildiyini söylədi: “Biz buna imkan verməyəcəyik. Mən Baydenin qələbə qazanmasından şübhələnirəm”.

O, çıxışında məhkəməyə müraciət edəcəklərini də vurğuladı: “Ali Məhkəmə vasitəsilə seçkidə qələbə qazandığımı sübut edəcəyəm”.

Yeri gəlmişkən, Baydenin seçki qərargahından da bildirilmişdi ki, bütün səsvermə bülletenlərinin məhkəmə yolu ilə yoxlanılmasının təmininə nail olmağa hazırdırlar. Seçənlər Heyətinin səsverməsinə əsasən, Cozef Baydenə 290 üzv və 75 mln 404 min 182 (53,9 faiz) seçici, Donald Treampa isə 214 üzv və 70 mln.903 min 094 (39,8 faiz) seçici səs verib.

Müxtəlif ştatlarda namizədlərin tərəfdarları səsvermənin nəticəsinə etiraz aksiyalar keçirdi. Bütün hallarda ABŞ-da 59-cu prezident seçkisi başa çatdı. Düzdür, Tramp seçki ilə bağlı bir neçə mitinq keçirəcəyini bildirib. Ancaq onun aksiyaları siyasi kampaniyanın nəticəsinə təsir etməyəcək.

Bu siyasi kampaniyada ştatların yeni, 46-cı prezidenti Cozef Bayden seçildi. Kamale Harris isə ABŞ-ın vitse-prezidenti oldu.

Yeni prezidentin kimliyi ABŞ-ın dövlət siyasətinə az təsir göstərir. Bayden Azərbaycanda “907 saylı düzəliş”in həmmüəlliflərindən biri kimi tanınır. Bu sanksiya o zaman müstəqilliyini yeni bərpa edən dövlət üçün çox ağır zərbə idi.

İqtisadi sanskiya ilə yanaşı, o vaxt ABŞ konqresi Azərbaycanı öz ərazilərini işğaldan azad etdiyi üçün “işğalçı” da adlandırılmışdı. Bu baxımdan ehtimal etmək olar ki, ötən 28 ildə Baydenin Azərbaycanın coğrafiyasını öyərənməyə vaxtı olub.

Bununla belə, diqqətin ABŞ-da kimin prezident olmasına deyil, ştatların dövlət siyasətinə yönəldilməsi daha məqsədəuyğundur. Çünki bu ölkədə dövləti sistem idarə edir, prezident bu sistemin təmsilçisi və sozçüsüdür. ABŞ-ın Cənub Qafqaz üzrə maraqları çətin dəyişə.Qarabağın işğaldan azad olunması isə ABŞ-ın məsuliyyətini azaldacaq…