“Qarabağdan olan deputatların mandatları geri alınmalıdır” – XAQANİ CƏFƏRLİ

45

“Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun da istefası tələb olunmalıdır”

“YAP İcra Katibinin müavini Siyavuş Novruzov Milli Məclisin iclasında məcburi köçkünlər üçün inşa edilmiş evləri nəzərdə tutaraq deyib ki, “Dövlət həmin insanlara (məcburi köçkünlərə – red.) dədə-babalarının tikdiyindən də yaxşı evlər tikib verib”. Səviyyəsi xalqımıza yaxşı məlum bu şəxsin açıqlaması ilə bağlı daha önəmli hesab etdiyim, xalqımızın bilməli olduğu mqamlara diqqət çəkmək istəyirəm”. Hurriyyet.org xəbər verir ki, politoloq Xaqani Cəfərli bu barədə fikirlərini bölüşüb.

“Siyavuş Novruzovun təbirincə desək, məcburi köçkünlər üçün üçün dədə-babalarının tikdiyindən də yaxşı evlər tikib verən dövlət kiminsə dədə-babasının xüsusi mülkiyyəti deyil”,-deyə politoloq əlavə edib.

“Dövlət üzərinə düşən bütün işləri görməyə məcburdur”

Cəfərli hesab edir ki, dövlət əsas missiyasını, vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmədiyi üçün doğma torpaqlarından didərgin düşərək məcburi köçkünə çevrilmiş insanların ləyaqətli yaşaması üçün üzərinə düşən bütün işləri görməyə məcburdur.

X.Cəfərli Siyavuş Novruzovun ev haqqında uşaqlıq xatirələrinin nədən ibarət olduğunu bilmədiyini qeyd edib: “Amma bu şəxsin diqqətinə çatdırmaq istərdim ki, mənim doğulub-böyüdüyüm Ağdamdan olan insanların ev haqqında təsəvvürləri Bakıda son illər tikilən “villa”lara görə formalaşmayıb”.

“Bu vəzifənizi yerinə yetirə bilmirsinizsə, deputat mandatlarınızdan imtina edin”

Cəfərli sual edir ki, yüz minlərlə insanın şərəf və ləyaqəti aşağılandığı vaxt onları təmsil edən deputatlar hansı haqla həmin Milli Məclisdə otururlar: “Qarabağlılara yönəlmiş təhqir və aşağılamaların cavabını vermək İlham İsmayılın deyil, sizin vəzifənizdir. Bu vəzifənizi yerinə yetirə bilmirsinizsə, şərəfli bir addım atın, deputat mandatlarınızdan imtina edin.

X. Cəfərlinin fikrincə, əgər deputatlar mandatlarından imtina etməsə, qarabağlılar onların mandatlarına son verilməsi üçün bütün hüquqi yollara müraciət etməlidir: “Eyni zamanda onları müdafiə etməli olan yerli icra hakimiyyəti orqanlarının rəhbərlinə də etimadsızlıq göstərilməlidir. Məcburi köçkünlər arasında daha çox ərkim çatan ağdamlılara müraciət edərək, onları bu işin öncülü olmağa səsləyirəm. Milli Məclisdə sizlərin təmsilçisi olmalı olan, ancaq bu vəzifələrini yerinə yetirməyən deputatalar, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Elman Məmmədov və Ağalar Vəliyevin mandatlarına son verilməsi üçün hüquqi addımlar atın. Eyni zamanda Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun da YAP İcra Katibinin müavini Siyavuş Novruzovun bədnam açıqlamasına səssiz qalmasına görə istefası tələb olunmalıdır. Bu şəxslər sizləri təmsil etməyə və sizə rəhbərlik etməyə layiq deyil”.

“Yataqxana həyatı Siyavuş Novruzova yad olmamalıdır”

“YAP İcra Katibinin müavini Siyavuş Novruzov koronavirusun ən çox yataqxanalarda və digər ictimai binalarda məskunlaşmış məcburi köçkünlər üçün təhlükə törətdiyini bilirmi? Axı, yataqxana həyatı ona yad olmamalıdır”,-deyə Cəfərli vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org