Qarabağdakı qələbələr milli diasporumuzun qürur mənbəyinə çevrilir

45

Diasporumuz gecə-gündüz bilmədən Azərbaycan həqiqətlərini dünyaya çatdırır

Bu il sentyabr ayının 27-də Ermənistan öz təcavüzkar siyasətinin yeni mərhələsinə başlamaq üçün silahlı qüvvələrini hərəkətə gətirərək cəbhəboyu pravakasiyaları ilə daha da irəli getmək hədəflərini sərgilədiyini heç də gizlətmək niyyətində olmadığını elan etdi. Ancaq, bu dəfə gözlənilmədən Azərbaycan Ordusunun genişmiqyaslı və ildırım sürətli hücumları işğalçı qüvvənin Füzuli, Cəbrayıl, Tərtər, Zəngilan, Xocavənd və digər bölgələrdəki mövqelərini darmadağın etmək iradəsini ortaya qoydu. Bunun ardınca dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev: “Biz sülh danışıqları üçün bir  daha 30 illik müddəti gözləyə bilmərik. ATƏT-in Mİnsk Qrupunun, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, Avropa Şurası və Avropa Birliyinin məlum qərarlarına Ermənistan tərəfi 30 ildir əməl etmir. Beynəlxalq qurumlar qapalı diplomatik görüşlər və müzakirələrdə Azərbaycanın dolayı yolla olsa da, “qalib” tərəfin şərtlərinə əməl etməsi kimi təzyiqləri olubdur. Bizlər heç bir zaman bu tip addımları qəbul etməmişik. Qarabağ Azərbaycandır və bunu hər kəs birdəfəlik dərk etməlidir!” deməklə sadəcə öz fikrini deyil, bütövlükdə Azərbaycan xalqının milli iradəsini ortaya qoydu. Beləliklə də Azərbaycanda cəmiyyət və dövlət, ordu və xalq vahid komanda şəklində addım atır. Bütün bunlardan ruhlanan milli diaspor təşkilatlarımız da hərəkətə keçərək min bir əzab-əziyyətlə beynəlxalq qurumların qarşısında gecə-gündüz demədən aksiyalar keçirir və yaşadıqları dövlətlərin rəhbərlərinə, siyasi partiyalarına, vətəndaş cəmiyyəti və sadə insanlarına Qarabağ həqiqətlərini, Ermənistanın hərbi təcavüzkar siyasətini ifşa edən sənədləri, eləcə də son günlərdə dinc əhalinin qanunla yasaq edilmiş kaset bombalarla öldürməsi faktlarını bütün cəmiyyətə tanıtdırırlar.

BMT-nin Baş Assambleyasının qarşısında möhtəşəm aksiya

İsveçrədə yaşayan Azərbaycan icmasının nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrə şəhərində, Millətlər sarayının qarşısında dinc aksiya keçirib. “İsveçrə Azərbaycan Mədəniyyət Mərkəzi”nin, “İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası”nın və “Azərbaycanın Dostları” cəmiyyətinin təşkilatçılığı ilə təşkil olunan aksiyada soydaşlarımızla yanaşı, “Azərbaycan İtaliya Gənclər Assosiasiyası”nın üzvləri və Fransada yaşayan azərbaycanlı gənclər də iştirak edib. Aksiyadan öncə Azərbaycanın Dövlət Himni oxundu və sonra “İsveçrə Azərbaycan Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov çıxış edərək, işğalçı Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktları barədə məlumat verib. Terror qurbanlarının şəkilləri önünə güllər düzərək onların xatirəsini yad edən soydaşlarımız Gəncə və Bərdə şəhərlərində mülki vətəndaşların, xüsusi ilə azyaşlı uşaqların həlak olmasından dərin təəssüf hissi keçirdiklərini bildiriblər. Aksiyada “Erməni işğalına son qoyun!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” şüarlarının əks olunduğu plakatlar qaldıran soydaşlarımız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmamasını bir daha ictimaiyyətin diqqətinə çatdırıb, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları erməni terroruna son qoymağa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə səsləyiblər.

Amerikadakı soydaşlarımızdan Bərdə sakinlərinə dəstək

“Amerika Azərbaycanlıları Şəbəkəsi” (USAN) oktyabrın 28-də işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Respublikasının Bərdə şəhərinə edilən raket hücumu ilə bağlı Tramp administrasiyasını, media şəbəkələrini, tanınmış rəsmi şəxsləri və ictimai xadimləri məlumatlandırmaq üçün məktub kampaniyasına başlayıb. Məktubda qeyd edilir ki, raket hücumu nəticəsində 21 nəfər həlak olub, 60-dan çox şəxs yaralanıb, xeyli sayda yaşayış ərazilərinə, mülki obyektlərə ciddi ziyan dəyib. “Ermənistan Respublikasının ərazisindən edilən raket hücumunun şəxsən bu ölkənin müdafiə naziri David Tanoyanın sifarişi ilə edildiyi bildirilir. Döyüş meydanında Azərbaycan ordusuna uduzan Ermənistan, Azərbaycanın çevik cavab tədbirlərinə davam gətirə bilməyərək genişmiqyaslı regional müharibəyə başlamaq qərarı verib. Sizdən xahiş edirik ki, bu qısa məktubu seçilmiş rəsmilərə, Tramp administrasiyasına və media şəbəkələrinə göndərməklə onları Ermənistanın təcavüzkar hərəkətləri və beynəlxalq hüququ pozması ilə bağlı məlumatlandırasınız”- deyə məktubda bildirilir.

 

Hyustonda Azərbaycan milli davasına dəstək aksiyaları

 

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib. “ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi” (USACRA), “Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası” və “Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyası”nın birgə təşkilatçılığı ilə keçirilən bu aksiya ilk ğncə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırım olduğunu xatırladan aksiyaçılar dünya ictimaiyyətini Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, “Gəncə üçün dua et!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə üçün dua et!” və s. kimi şuarların yazıldığı plakatlar qaldıran soydaşlarımız Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.

 

Sidneydə soydaşlarımız yenidən ayağa qalxdılar

Avstraliyada yaşayan soydaşlarımız erməni təxribatına və işğalçı Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaqda yerləşən, yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına etiraz olaraq aksiyalar keçiriblər. Soydaşlarımız Gəncə şəhərinin ardından bu dəfə Bərdə şəhərinin dəfələrlə raket atəşinə tutulması ilə mülki vətəndaşların, xüsusi ilə də azyaşlı uşaqların həlak olmasından təəssüf hissi keçirdiklərini bildiriblər. İşğalçı Ermənistan ordusunun dinc əhalini hədəfə alması sonucu olaraq həlak olmuş körpələrin, dağıdılmış yaşayış məntəqələrinin görüntüsünü əks etdirən foto və videlardan ibarət xüsusi elektron slaydların yerləşdirildiyi yük maşınları Sidney və Brizben şəhərlərində dövrə vuraraq şəhər sakinlərinin diqqətini erməni vandalizminə cəlb etməyə çalışıb. “Erməni işğalına son!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” və s. şüarlar ilə yanaşı, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyi şəhər sakinlərinin diqqətinə çatdırılıb.

“Hürriyyət”