Qarabağda Rusiya hərbçiləri üçün üçüncü şəhərcik istifadəyə veriləcək

387

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, 60 nəfərin yaşayışı üçün nəzərdə tutulan, Dağlıq Qarabağda sayca üçüncü olan blok-modul tipli şəhərcik Qarakənd yaşayış məntəqəsində tikiləcək.

Maddi-texniki təminat mütəxəssisləri dekabr ayında Xankəndində və Kəlbəcər rayonunun Qozlukörpu (Rusiya MN kəndi ermənilərin təhrif elədiyi kimi, kəndi “Getavan” adlandırır) məntəqəsində iki şəhərcik qurublar.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Bu gün RF Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bilqakova verilən hesabatda yeni modul şəhərciklərinə 300 nəfərdən artıq adam yerləşdirildiyi bildirilir. Cari ilin yanvar ayında Qarakən yaşayış məntəqəsində istifadəyə veriləcək şəhərdə daha 60 nəfərin yerləşdirilməsi planlaşdırılır”.

Blok-modul şəhərcikləri elektrik, istilik sistemi, sanitar qovşaqlar və su qovşaqları, həmçinin məişət texnikası ilə təchiz edilmiş tam avtonom obyektlərdir. Hər bir şəhərciyin ərazisində süni örtüklü idman zalı, hamam, tibb məntəqəsi, quruducu, yeməkxana, ərzaq anbarı və digər obyektlər mövcuddur.

RF Müdafiə naziri bir il ərzində sülhməramlılar üçün 32 belə şəhərciyin qurulmasının nəzərdə tutulduğunu bildirib.

İşğalçı ermənilərin və Rusiya rəsmilərinin “Getavan” adlandırdığı Qozlukörpu kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldükdən sonra Kəlbəcər rayonunun ərazisinə daxil olub.