Qarabağda PKK təhlükəsi hələ qalırmı?

351

Habil Şirinov: “Bundan sonra heç bir qüvvə bizə qalib gələ bilməz”

Ermənilərin bu günki məğlubiyyəti elə PKK-nın məğlubiyyətidir

“Düşünürəm ki, ən azı 5 il müddətində müxalifətçilik kənara qoyulmalıdır. Azərbaycanın naminə hakimiyyətə gəlmək fikri kənara qoyulmalıdır. Yəni gücümüzü hakimiyyət uğrunda mübarizəyə yox, Azərbaycanın dirçəldilməsi uğrunda mübarizəyə sərf etməliyik”

Mediada Ermənistanın sentyabrın 27-də başlayan müharibə ərəfəsində İraq və Suriyadan yüzlərlə (bəzi mənbələrə görə minlərlə- müəl.) PKK/YPG terrorçularını daşıyıb, işğal altındakı Azərbaycan ərazilərinə yerləşdirdiyi barədə məlumatlar yayımlanırdı. O cümlədən, bu haqda xarici KİV-lər də yazmışdı. Nəhayət, PKK terror təşkilatının özü də həmin xəbərləri təsdiqlədi.

Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, PKK-nın strukturlarından biri, qadın dəstələrinin  cəmləşdiyi “YJA Star”-ın rəhbərlərindən olan Layika Gültekin bu haqda danışıb. “PKK-nın bitdiyini, tükəndiyini deyirlər. Amma PKK bitmədi. Qarabağa qədər gedib, erməniləri azad edirik. Erməni xalqı nə zaman istəsə təbii ki, gedib onların sıralarında yer alacağıq”,- deyə PKK-ya bağlı KİV-lərə açıqlamasında bildirib.

Bəs, bundan sonra da işğaldan azad olunan rayonlarımızda və Qarabağda PKK təhlükəsi mövcud ola bilərmi? Ermənilər məğlubiyyətin qisasını almaq üçün terrorçulardan dinc sakinlərə qarşı istifadə edə bilərmi? Bu və digər suallarla bağlı hərbi ekspert Habil Şirinovun mövqeyini öyrəndik.

– Habil bəy, PKK artıq Qarabağda döyüşdüyünü etiraf edir. Necə düşünürsünüz, terror təhlükəsi hələ də qalırmı və bu açıqlamadan sonra beynəlxalq səviyyədə PKK-ya qarşı nə kimi tədbirlər görülməlidir?

– Ümumiyyətlə, PKK birinci gün deyil ki, Azərbaycanın daxili işinə qarışır. PKK Azərbaycanda çox dərin kök salıb. İndi yox, çoxdan. Kütləvi İnformasiya Vasitələrində bu xəbər tez-tez verilir. Mən 1989-cu ildən Dağlıq Qarabağa getdiyim səfərlərdə PKK izi gördüm və hər zaman deyirdim ki, PKK bizə böyük problemlər yaradacaq. Mənim dünyagörüşüm imkan verir deyim ki, hətta bizdəki neft satışında da onların barmağı var. PKK (buradan) maliyyələşir.

Son zamanlar bizim Ali Baş Komandanın atdığı addımlar göstərdi ki, ölkəmiz türk dünyasına sözdə yox, əməldə yaxınlaşır. Bu, onun göstəricisidir ki, PKK getdiyi yolu dəyişməsə, düz yola gəlməsə sonu pis olacaq. Türk dünyası qurulmaqdadır, türk dövlətlərinin Turanda birləşməsi qaçılmazdır. Məcbur edəcəklər ki, PKK-ya qarşı bütün gücləri birləşdirək. Necə ki, bizim bu günki qələbənin əldə olunmağında da dünyada elə bir əsgər olmayıb ki, belə mürəkkəb bir şəraitdə qalib gəlsin. Bu da bizim Ali Baş Komandanın atdığı addımlar sayəsində oldu.

– PKK-nın nümayəndəsinin özü təsdiq edir ki, Azərbaycanda vuruşublar, lazım gəlsə, gəlib yenə döyüşəcəklər. Azərbaycan konkret PKK-ya qarşı nə kimi addımlar atmalıdır?

– Dediyim kimi, mənim bu barədə 1989-cu ildən məlumatım var. Bu gün Qarabağda məhv olan terrorçular arasında olmasa-olmasa 1000-ə qədər, bəlkə də çox PKK-çı terrorçu məhv edilib. Sadəcə olaraq hələ ortaya qoyulmur, yəqin ki, kəşfiyyat bu yöndə işləyir. Güman ki, ordunun əlində PKK-çı əsirlər də, məhv olunmuş döyüşçülər də var. Ermənilərin bu günki məğlubiyyəti elə PKK-nın məğlubiyyətidir. Çünki hər ikisi terrorçudur. Söhbət kürd xalqından yox, separatçılardan gedir. Azərbaycanın içində də separatçı çoxdur. Hamıya məlumdur ki, Öcalan uşaq qatilidir. Amma burada – Azərbaycanda “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanov öz yazılarında Öcalanı Milli Hərəkatın Başçısı hesab edirdi.

– Kürd Milli Hərəkatının?

– Bəli. İndi uşaq da qəndi qənddandan oğurlayır, əlində tutursan, deyirsən ki, sən bu qəndi buradan oğurladın, deyir yox e mən oğurlamadım. Boynuna qoya bilmirsən. Amma fakt faktlığında qalır. Mənim yadımdadır, Tahir Süleymanov “Diplomat” qəzetinin bir nüsxəsini göndərmişdi Sabir Rüstəmxanlının ünvanına. Sabir Rüstəmxanlıdan da soruşun ki, belə bir şey var? Yadımda deyil, Rüstəmxanlı öz yazısında yazmışdı, yoxsa hardansa eşitmişdim. PKK nə qədər istəsə, bizdə yaşayan kürd xalqını yoldan çıxarda bilməyəcək. Kimsə düşə bilər o tora. Onlar hesab edirlər ki, Azərbaycanda yaşayan kürdlərdən dəstək ala bilərlər. Bu qeyri-mümkündür. Türkiyədə nə qədər kürd xalqı yaşayır.

– Habil bəy, ümumiyyətlə PKK-nın erməni təşkilatı olduğu və əksəriyyətinin də kürd adı altında gizlənən ermənilər olduğu deyilir.

– PKK-nın içində ermənisi də, kürdü, də fransızı da var. Avropanın bütün ölkələrindən var. Sadəcə, söhbət ondan gedir ki, bütün xalq separatçı ola bilməz. Söhbət PKK-nı dəstəkləyənlərdən gedir. Hər bir millətin içində çaqqal da var, kişi də var. Meşə çaqqalsız olmadığı kimi, kürdlərin içində də separatçılığa meylli, inanıb aldanan insanlar var.

– Bildiyimiz kimi, Qarabağda minalardan təmizlənmə işləri getdikdən sonra əhalimiz ora qayıdacaq. Necə düşünürsünüz, PKK-çılar sivil erməni adı altında gizlənib, qayıdan əhalimizə qarşı terror aktı törədə bilərmi?

– Artıq Azərbaycanda dövlət səviyyəsində hüquq-mühafizə orqanları çox güclü iş qurub. İnanıram ki, zaman-zaman belə şeylər olarsa da, onların qarşısı alınacaq. Bütün xalq bu yoldadır. Sadəcə, PKK-dan belə bəyanatların verilməsi psixoloji təzyiq xaraktei daşıyır. Bütün xalqıma müraciət edərək deyirəm ki, biz böyük xalqıq və bunu sübut etdik. Heç kim bizə üstün gələ bilməz. Bizim hərbçilər Şuşanı bombalamadı, sildırım qayalardan Şuşaya dırmandı. Onu heç kim edə bilməzdi. Mən şəxsən bundan sonrakı həyatımı Qarabağda, Ağdərədə keçirmək fikrindəyəm. Orada səhiyyənin yenidən qurulmasında bir həkim kimi yaxından iştirak etmək istəyirəm. İnamım olmasaydı, bu qərarı verməzdim. Nəsə ola bilərsə də, kimsə bu yolu getməlidir. Onlar kimdir ki, nəhəng türk dünyasına qalib gəlsinlər?! Bir zaman Almaniya müharibəni uduzanda Bismark demişdi ki, mən alman analarına inanıram. İndi mən deyirəm ki, mən Azərbaycan əsgərinə inanıram. Bütün dünya da bilsin ki, Azərbaycan xalqı prezidentinin ətrafında sıx birləşib. Bundan sonra heç bir qüvvə bizə qalib gələ bilməz. Hakimiyyətə gəlmək istəyən hansısa qüvvələr ara qarışdıra bilərlər. Amma düşünürəm ki, ən azı 5 il müddətində müxalifətçilik kənara qoyulmalıdır. Azərbaycanın naminə hakimiyyətə gəlmək fikri kənara qoyulmalıdır. Yəni gücümüzü hakimiyyət uğrunda mübarizəyə yox, Azərbaycanın dirçəldilməsi uğrunda mübarizəyə sərf etməliyik.

 

Ülviyyə ŞÜKÜROVA