“Qarabağa özəl status verilməsi artıq mümkün deyil” – NATİQ CƏFƏRLİ

189

“Ağdərə, fürsət düşən kimi Şuşa azad edilməlidir, o zaman artıq həftə sonu Moskvada və Vaşinqtonda masaya oturmaq olar”

“”Madrid prinsipləri” dağılıb, 5+2 formulu artıq yoxdur. Çünki Füzuli və Cəbrayıl rəsmən azad edilib, hələ bonus olaraq Hadrudu, Soqovuşanı da yağı düşməndən təmizləmişik. O zaman Minsk Qrupu çərçivəsində görüşüb nə danışmaq olar?!” Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloq hesab edir ki, artıq yeni formul və yeni prinsiplər olmalıdır: “Bu həftənin sonuna qədər əks-hücum əməliyyatı davam edəcəksə (təəssüf ki, təzyiqlər və dayanmaq ehtimalı artır), bu zaman köhnə 5+2 formulundan kənarda olan ərazilərin düşməndən təmizlənməsi daha önəmlidir. Ağdərə, fürsət düşən kimi Şuşa azad edilməlidir. O zaman artıq həftə sonu Moskvada və Vaşinqtonda masaya oturmaq olar, çünki biz sülh istəyirik, sülhün bədəli isə son Ermənistan əsgərinin Azərbaycandan çıxmasıdır. Masada yeni formul isə qrafikə bağlı olmalıdır – Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın noyabr ayı ərzində boşaldılır, Qarabağın gələcək statusu ilə ancaq Avropa Xartiyasına uyğun olaraq yerli özünüidarəetmə institutları vasitəsi ilə müəyyən edilir. Bunun üçün yeni Ana Yasa hazırlanır (zatən sistemdə, idarəetmədə olan problemləri də həll etmək lazımdır), mer institutu təsis olunur, yerli özünüidarə institutları ölkə ərazisinin hər yerində eyni qaydada tədbiq olunur, icra Hakimiyyəti institutu ləğv edilir. Paralel olaraq ölkənin təmərküzləşməsi və effektiv idarə olunlası üçün iri iqtisadi regionlar (mahallar, ya ellər) yaranır (ADR xəritəsinə uyğun), prezidentdə mahal rəhbəri, ya elbəy təyin etmə səlahiyyəti verilir. Bu şəxs ancaq dövləti təmsil edir, Ana Yasanın pozulması halları olduqda müdaxilə edə, hərbi və fövqaladə vəziyyətlərdə birbaşa idarəetmə səlahiyyətinə malik olur. Məsələn, Xankəndi özünə Sureni mer seçə bilər, o kommunal-təsərrüfat işləri ilə məşğul olur, amma Xankəndində həm də Elbəy, məsələn, general Bərxudarov oturur və dövləti təmsil edir”.

Natiq Cəfərli bildirib ki, danışıqlar ancaq bu istiqamətdə ola bilər, Qarabağa ayrıca, özəl status verilməsi artıq mümkün deyil: “Gələcək üçün də təhdiddir. Ermənistan bu şansı qaçırdı, özəl status artıq tarixə qovuşdu”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org