Qarabağa fransız jurnalisti qanunsuz gətirən Ermənistanın ifşa olunan hiyləsi – yeni məlumatlar

156

Statusundan asılı olmayaraq Azərbaycan ərazilərinə icazəsiz gələn bütün insanlara görə məsuliyyəti özləri və Ermənistan daşıyır

Oktyabrın 1-də mediada məlumat yayıldı ki, Fransanın “Le Monde” nəşrinin iki əməkdaşı – xüsusi müxbir Allan Kaval və onu müşayiət edən fotoqraf Qarabağın Xocavənd (Martuni) şəhərində atəş altına düşərək, yaralanıblar.

İlk sual budur: Onlar Xocavəndə necə, kimin dəvəti ilə gəliblər, döyüşlərdən reportaj hazırlamasına kim icazə verib?

Cavabı gizli deyil, ermənilər özləri də etiraf edir ki, fransalı jurnalistləri Qarabağa onlar dəvət edərək gətiriblər. Beləliklə, ilk növbədə bu aydın olur ki, “Le Monde”nin əməkdaşları Azərbaycanın işğal altında olan bölgəsinə qanunsuz, Ermənistan ərazisindən keçərək gəliblər.
Qarabağ Azərbaycan ərazisi olduğu üçün ora istənilən səfər üçün Azərbaycan dövlətindən müvafiq icazə alınmalıdır. İndiyədək Qarabağa qa nunsuz səfərlər edən bütün əcnəbilər “qara siyahıya” alınıb və onların barəsində ölçü götürülməsi üçün müvafiq addımlar atılıb.
“Le Monde” redaksiyası bölgədəki durumu nəzərə alaraq, hüquq və beynəlxalq normalara uyğun şəkildə davranmalı idi və davranmalıdır. Onlar əlbəttə bilir ki, hazırda Qarabağda döyüşlər gedir, işğalçı Ermənistan ordusunun sentyabrın 27-dən başladığı növbəti təxribatlara və hücuma Azərbaycan Ordusu layiqli və tam qanun, beynəlxalq normalara uyğun şəkildə cavab verərək, əks-hücuma keçib. Ordumuz işğal altındakı torpaqlarımızı azad etməkdə davam edir. Bu vəziyyətdə istənilən xarici jurnalist Azərbaycan ərazisi olan Qarabağda vəziyyəti izləmək, reportaj hazırlamaq üçün mütləq qaydada Azərbaycan tərəfinin razılığını almalıdır.

Bu, həm Azərbaycan dövlətinə, həm beynəlxalq hüquqa hörmətlə yanaşma anlayışının tələbidir, həm də həmin jurnalistlərin təhlükəsizliyi üçün ən başlıca şərtdir. Əgər jurnalist döyüş bölgəsində çəkiliş aparırsa, buna rəsmi və de-yure icazə verməli olan tərəfdən razılıq alınmalıdır, həmin tərəf də müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirir. Əgər jurnalist işğal altındakı döyüş zonasına icazəsiz, separatçıların, yaxud işğalçı Ermənistanın dəvəti ilə qanunsuz gəlibsə, bu halda onun başına gələcək istənilən hadisəyə görə həmin tərəf və eyni zamanda jurnalistin özü, redaksiyası məsuliyyət daşıyır. Bu, iki vur iki qədər aydın məsələdir.
İndiki halda fransalı jurnalistlərin Qarabağda yaralanan jurnalisti və fotoqrafı ilə bağlı bütün məsuliyyət ermənilərin, bir də onların təmsil olunduğu “Le Monde” qəzetinin üzərindədir.

Bu hadisə bütün dünya mediasına, xarici jurnalistlərə dərs olmalıdır. Onlar fərqində olmalıdırlar ki, gizli, qanunsuz şəkildə işğal altındakı ərazilərimizdə gedən döyüşlərdə reportaj hazırlayırlarsa, başlarına hər an bomba düşə, yaralana, hətta ölə də bilərlər.
Azərbaycan Ordusu Qarabağı işğalda saxlayan işğalçı ordu ilə döyüşür, statusundan, peşəsindən asılı olmayaraq hansısa şəxs gizlicə onların arasında bir iş görürsə, onlar beynəlxalq normalarını və Azərbaycan qanunlarını pozmaqla yanaşı, özlərini tam təhlükəyə atmış olurlar.
Nəhayət, sonda bir maraqlı məqamı da qeyd edək: döyüşləri çəkməyə gələn jurnalistlərin vətəndaşı olduqları Fransa və onun prezidenti açıq-aşkar ermənipərəst mövqe tutur, ədalət prinsiplərini pozur və həmsədr ölkə missiyasına tamamilə zidd olan mövqe sərgiləyir. Bu baxımdan fransız jurnalistlərin Qarabağa qanunsuz gəlişi də bu dövlətin siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Əgər fransızların mövqeyi ədalətli və qanunlar çərçivəsində olsaydı, bu ölkənin vətəndaşları da Qarabağa qanunsuz şəkildə və özlərini təhlükəyə ataraq deyil, Azərbaycandan icazə alaraq gedərdilər.

Bütün faktlar eyni zamanda onu da düşünməyə əsas verir ki, erməni və fransız görəvliləri bu işi düşünülmüş şəkildə qurublar. Onları bura gətirməklə və ən qaynar nöqtəyə clb etməklə, atəş altına salmaqla jurnalistlərin yaralanması və bundan Azərbaycana qarşı istifadə etmək məqsədi güdüblər. Hətta belə məlumatlar da var ki, fransız jurnalisti erməniləri özləri gizli şəkildə arxadan kiçik ölçülü mərmi ataraq yaralayıblar.

Amma düşünməyiblər ki, istənilən variantda Azərbaycana qarşı hansısa bir irad bildirilə bilməz. Niyəsini, səbəbini yuxarıda təfsilatı ilə diqqətə çatdırdıq.

Ola bilsin ki, müəyyən xarici QHT-lər, qərəzli hüquq-müdafiə təşkilatları müxtəlif bəyanatlar da verəcəklər. Ancaq onlar da bilməlidir ki, bu məsələdə bütün məsuliyyət işğalçı ermənilərin və əməkdaşlarını Qarabağa qanunsuz şəkildə göndərən “Le Monde” nəşrinin redaksiyasının üzərindədir. Hesabı onlardan sorun. Azərbaycan sadəcə öz işğal olunmuş ərazilərini azad edir. Azərbaycan yalnız o halda xarici jurnalistlərin təhlükəsizliyinə cavabdeh olar ki, onlar Qarabağdakı döyüşləri çəkmək üçün Azərbaycana gəlsinlər.

Hazırda bir çox xarici jurnalistlər Azərbaycana gəlib və cəbhə bölgəsində çəkilişlər də aparırlar. Onların burnu da qanamır, çünki təhlükəsizlikləri dövlətimiz tərəfindən qorunur.