QARABAĞA DAİR SORĞUNUN TƏƏCCÜB DOĞURAN NƏTİCƏLƏRİ – Hər 3 nəfərdən biri Rusiyaya ümid bəsləyir?

1062

Türkiyə və Rusiya hərbi kontingentlərinə aid nəticələr reallığı əks etdirirmi?

İstənilən rəy sorğusunun subyektiv məqamlarla müşayiət olunması təbii haldır. Bununla yanaşı, əsas etibarilə demokratik institutların inkişaf etdiyi ölkələrdə ciddi qəbul olunan mərkəzlərin keçirdikləri rəy sorğularının nəticələri cəmiyyət və siyasi qüvvələr tərəfindən maraqla izlənilir. Çünki həmin nəticələr kiçik kənarlaşmalarla da olsa, bu və ya digər məsələ ilə bağlı cəmiyyətdəki, əhali arasındakı ab-havanı aydın təsəvvür etməyə imkan yaradır.

Təəssüf ki, Azərbaycanda rəy sorğularını peşəkar və mümkün qədər obyektiv şəkildə keçirən, eləcə də əhalinin, cəmiyyətin etibar etdiyi, inandığı mərkəzlərin mövcudluğunu iddia etmək çətindir.

Bu gün Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin (STM) əsasən Qarabağ Müharibəsi mövzusuna həsr olunan sorğusunun nəticələri dərc olunub. Bəri başdan deyək ki, təqdim olunan nəticələri tam obyektivlikdən, reallıqdan uzaq kimi dəyərləndirmək doğru olmaz.

 

 

Doğrudan da bir çox istiqamətlər üzrə dərc olunan nəticələr həqiqətə olduqca yaxın görünür. Misal üçün, STM-in təqdim etdiyi nəticələrə görə, əhalinin cəmi 1 faizi yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini düşünür. Doğrudan da, ölkəmizdə çox nadir kimsə tapılar ki, bölgədə sülhün və təhlükəsizliyin yalnız rus sülhməramlılarının ixtiyarına verilməsinə tərəfdar olsun. Lakin elə həmin sorğuya görə, bölgədə sülhün təminatçısı rolunda yalnız Türkiyə sülhməramlılarını görən respondentlərin göstəricisi cəmi 29 faizdir.(!)

Nəticələrdəki daha bir mübahisəli və ziddiyyətli məqam Rusiya sülhməramlılarının bölgəyə gəlişinə münasibətlə bağlıdır. Belə ki, STM-in təqdim etdiyi nəticəyə görə, əhalinin 35.5 faizi Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür – yəni üç nəfərdən biri. Bu, nə dərəcədə inandırıcı görünür?

Həmçinin, burada sual yaranır ki, əhalinin cəmi 1 faizi yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini düşündüyü halda, necə ola bilər ki, elə həmin insanların 35 faizi rus sülhməramlılarının gəlişinin nəticələrinin müsbət olacağını düşünsün?…

Daha bir nəticəyə görə, əhalinin cəmi 57 faizi Türkiyə sülhməramlılarının bölgədəki postlarda Rusiya sülhməramlılarıyla birlikdə olması ilə ermənilərin qanunsuz (anti-konstitusion) fəaliyyətinin qarşısının alınacağını düşünür.

Respondentlərin yarıdan da azı, yəni cəmi 47.3 faizi isə Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görürmüş. Bu bəndlər də kifayət qədər mübahisəli və obyektivlikdən uzaq görünür.

 

 

 

Çünki Azərbaycan cəmiyyətinin Türkiyəyə, onun münaqişənin həllindəki roluna münasibəti STM-in açıqladığı bu rəqəmlərlə yumşaq desək, heç cür uyğun gəlmir. İstər müharibə dövründə, istərsə də ondan sonra cəmiyyətimizin, həmçinin ölkə rəhbərliyinin Türkiyəyə münasibəti, mesajları, ölkə başçısının hətta razılaşma imzalanan gecə Türkiyənin həmin razılaşmanın icrasındakı iştirakı barədə dedikləri hər kəsə məlumdur.

Bu günə qədər paytaxtda və rayonlarımızda insanların evlərini, balkonlarını, iş yerlərini, avtomobillərini, hətta geyimlərini belə Azərbaycan və Türkiyə bayraqları ilə bəzəməsi ölkəmizdə qardaş dövlətə olan məhəbbətin hansı səviyyədə olduğunun əyani göstəricisidir. Bunu görmək üçün hər hansı bir sorğuya ehtiyac yoxdur.

 

 

Ona görə də “respondentlərin 47.3 faizi Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görür” bəndini heç cür reallığa uyğun nəticə saymaq olmur.

Çünki reallıqda müşahidələr göstərir ki, bu göstərici açıqlanan rəqəmdən haradasa iki dəfə artıq olmalıdır. Eyni fikri guya Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasının diplomatik mərhələdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını və mövqeyini gücləndirəcəyini düşünənlərin cəmi 33.8 faiz təşkil etdiyinə dair nəticəyə də aid etmək olar. Bu rəqəm də kifayət qədər kiçildilmiş görünür.

Bir sözlə, STM-in sorğusunun nəticələrində həqiqət olduğu şübhə doğuran, reallığa uyğun gəlməyən məqamlar kifayət qədər çoxdur.

Qeyd edək ki, deputat Zahid Orucun rəhbərlik etdiyi STM yaydığı məlumatda sorğunun təsadüfi üsulla seçilmiş 603 respondent arasında telefon müsahibəsi üsulu ilə aparıldığını bildirir. Bəlkə də belədir… 

Ancaq sorğunun nəticələri onun Rusiyada və ya ölkədəki bir qrup rusiyameyilli “elitanın” arasında aparıldığı təəssüratını yaradır. 

 

 

Ümid edirik ki, bu, qəsdən edilməyib, təsadüfən belə alınıb. Çünki indiki zamanda Azərbaycan və Türkiyə arasında soyuqluq yaratmağa, “Bir millət, iki dövlət” şüarına zidd fəaliyyət yürütməyə, saxta, dəqiqliyi şübhə doğuran məlumatları yaymaqla iki ölkənin cəmiyyətində bir-birinə olan inamı sarsıtmağa yönəlmiş cəhdlər dövlətə, millətə və dövlət başçısına qarşı ən böyük xəta sayıla bilər.

İnanırıq ki, bu cür yanlış nəticələrin ortaya çıxmaması üçün mərkəzin rəhbərliyi növbəti sorğularında daha böyük auditoriyanın əhatə olunmasını və nəticələrin cəmiyyətin fikrini düzgün ifadə etməsini təmin edəcək!

 

CƏLAL MƏMMƏDOV

“AzPolitika.info”