“Qarabağ məsələsində erməni lobbisi ilə mübarizə aparmışam” – TÜRKİYƏLİ MİLLƏT VƏKİLİ

    12

    Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili seçilən Azərbaycan əsilli Şamil Ayrım gələcək planları ilə bağlı açıqlama verib.

    Qeyd edək ki, Şamil Ayrım Türkiyə Böyük Millət Məclisinə üçüncü dəfə millət vəkili seçilir. Bundan əvvəl XX və XXI dönəm millət vəkili olub.

    O, həmin vaxtlarda da Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına xüsusi diqqət ayırdığını bildirib.

    “Bundan sonra da Türkiyə-Azərbaycan qardaşlığı daha çox inkişaf edəcək. Əvvəlki dönəmlərdə də Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, həm də Mərmərə Qrupunun rəhbər müavini olaraq, iki qardaş ölkə arasında əlaqələrin inkişafına çalışmışam. Mənim Azərbaycana ürək bağlılığım var. Buralara Azərbaycan müstəqilliyini əldə etdiyi gündən gəlirəm”.

    Ş.Ayrım Azərbaycanı hər sahədə müdafiə etdiyini diqqətə çatdırıb: “Hər sahədə Azərbaycanı müdafiə etmişəm, xüsusilə, Dağlıq Qarabağ məsələsində erməni lobbisi ilə mübarizə aparmışam və bundan sonra da aparacam. Qardaş Azərbaycanın torpaqların hücum edən və nəzarətində saxlayan Ermənistan işğalçı dövlətdir. İşğal etdiyi torpaqlardan geri çəkilməlidir. Yeni dönəmdə də millət vəkili olaraq Azərbaycanın haqlı davası – Qarabağ məsələsində fəaliyyətlərim davam edəcək. Qürur duyuram ki, Azərbaycan bölgədə hər gün inkişaf edən bir dövlətdir. Hörmətli prezident İlham Əliyevin liderliyi Azərbaycanı regionda təhlükəsiz, sabit ölkəyə çevrilib. Bu dostlarını sevindirir, düşmənlərə isə qorxu verir”.

    Elnur Eltürk