Qarabağ zəfəri: 2020-də Türkiyənin xarici siyasətdə ən böyük nailiyyəti

273
Anadolu Ajansı, Türkiyə
06.01.2021
Müəllif: Gülsüm İncekaya

Müşahidəçilərin fikrincə, Dağlıq Qarabağ zəfəri Türkiyə üçün Qafqazdan Orta Asiyayadək uzanan regionda yeni dövrün başlanğıcıdır.

2020-ci ildə Türkiyənin Azərbaycana verdiyi sabit və davamlı, konkret həllə yönəlmiş dəstəyi nəticəsində Dağlıq Qarabağ erməni işğalından azad olundu. Bununla yanaşı, bir əsr idi arzulanan Naxçıvan dəhlizinin açılması isə Türkiyə üçün Qafqazdan Orta Asiyayadək uzanan regionda yeni dövrün başlanğıcıdır.

Türkiyə 2020-ci ildə bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə aparmaqla yanaşı, Aralıq dənizinin şərqində, Liviyada, Suriyada, İraq və Qafqazda ciddi xarici siyasətlə də məşğul olub.

ATƏT-in Minks qrupu və BMT-nin qərarlarına baxmayaraq, həlli tapılmayan Dağlıq Qarabağ münaqişəsində məhz Türkiyənin hərbi, siyasi və diplomatik səyləri öz nəticəsini verib. Ermənistanın sərhəd pozuntusu və hücumları ilə başlamış Qarabağ müharibəsi 44 gün kimi qısa müddətdə Azərbaycanın qələbəsi ilə başa çatıb. Başqa sözlə, Azərbaycan 30 ildir işğal altında olan ərazilərini Türkiyənin də dəstəyi ilə azad edib. Üstəlik, bu müharibə nəticəsində bir əsrdir türk dünyasının arzusu olan Naxçıvan-Azərbaycan dəhlizinin açılması haqda qərar qəbul olunub. Başqa sözlə, Azərbaycanın qələbəsi Türkiyənin Orta Asiyanın türk respublikaları ilə əlaqəsini də təmin edir.

Müşahidəçilər hesab edir ki, 2020-ci ildə Türkiyə xarici siyasətinin ən böyük uğuru Qarabağ zəfəridir. Bununla Ankara regionda siyasi, hərbi və iqtisadi çəkisini xeyli artırıb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Prof. Dr. Aygun Attar, Milli Müdafiə Universitetinin müəllimi Prof. Dr. İbrahim Ethem Atnur və Marmara Universitetinin Ünsiyyət fakültəsinin müəllimi Prof. Dr. Giray Saynur Derman “Anadolu” agentliyinə açıqlamalarında 2020-ci il üçün Türkiyənin xarici siyasətini, onun Qafqaza təsirini təhlil ediblər.

Prof. Dr. Aygün Attar də hesab edir ki, 2020-ci ildə Türkiyənin xarici siyasətində iz qoyan ən mühüm hadisə Qarabağ siyasətidir. Onun fikrincə, bu, yalnız qardaşlıq, “bir millət, iki dövlət” kontekstində qəbul edilməməlidir. Məsələ ondadır ki, ciddi geosiyasi təhdidlərin olduğu Cənubi Qafqaz bölgəsində Rusiyanın hakim güc olduğu mesajını mütəmadi şəkildə verilməkdədir. Attar, Türkiyənin bölgəyə buna rəğmən yerləşdiyini, belə bir şəraitdə uğur qazandığını xatırladır.

Aygün Attar bildirir ki, Bakı 30 il idi davam edən Qarabağ problemində ATƏT-in Minsk qrupunun uğursuz olması səbəbilə de-fakto Türkiyəni danışıqlar masasına cəlb edib: “BMT tərəfindən qəbul edilmiş qərarların icra edilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinin yaratdığı məyusluq nəticəsində Azərbaycan de-fakto ATƏT-i prosesdən kənarlaşdırıb, danışıqlarda Türkiyəynin iştirak etməsinin vacibliyini ortaya qoyub. Nəticədə Qarabağ problemi Türkiyənin xarici siyasətinin istiqamətlərindən birinə çevrilib. 44 günlük müharibə zamanı Türkiyə prosesdə fəal oyunçu kimi iştirak edib”.

Naxçıvana dəhlizin açılmasına gəlincə, Attar hesab edir ki, bu da prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qəti mövqeyi nəticəsində mümkün olub. Bunu böyük uğur kimi qiymətləndirən Aygün Attar deyib: “Cənubi Qafqazla bağlı geosiyasət, həmçinin Türkiyənin təhlükəsizliyi baxımından son dərəcə vacib olan bu dəhlizin açılması Ankaranın xarici siyasətinin uğuru, bir əsrlik arzusunun reallaşması deməkdir”.

Prezident Ərdoğanın Bakıda təşkil olunmuş Qələbə paradına dəvət edilməsi və orada böyük bir heyətlə iştirakını Türkiyənin xarici siyasəti baxımından Cənubi Qafqaz regionunda yeni dövrün başlanğıcı sayan Attar hesab edir ki, bu hadisə 2020-ci ildə ciddi iz qoyub.

“Türkiyəyə qarşı çirkin təbliğat iflasa uğradı”

Prof. Dr. İbrahim Ethem Atnur isə bildirir ki, qəti, davamlı və konkret həllə hesablanmış xarici siyasət yürüdən Türkiyə son hadisələrdə də açıq şəkildə Azərbaycanın yanında olub, onun haqlı mübarizəsinə dəstək verib.

O, Ankaranın 1990-cı illərdə də Azərbaycanın yanında olduğunu, ancaq bu dəfə bütün diplomatik alətlərindən istifadə edildiyini və nəticədə uğur qazanıldığını söyləyib. “Azərbaycan Türkiyədən çox aydın və mütəmadi dəstək aldı. Türkiyə özü də bu xarici siyasətdən çox fayda götürdü. Məhz bu siyasət nəticəsində 30 ildir həll olunmayan Qarabağ münaqişəsi çözüldü, üstəlik, Türkiyənin 100 illik arzusu olan Naxçıvan dəhlizinin açılması haqda qərar qəbul edildi”, – deyə o, bildirib.

Atnur xatırladıb ki, hələ 1918-ci ildə Türkiyə ilə türk dünyası arasında Zəngəzur vasitəsi ilə əlaqənin təmini ən böyük hədəf olub: “O vaxtı bu, mümkün olmamış, ikinci fürsət 1992-ci ildə yaranmışdı. Amma bu dəfə də Türkiyənin məsələ ilə lazımi qədər maraqlanmaması üzündən fürsət əldən çıxmışdı. Ankaranın qətiyyətli mövqeyli nəticəsində bu gün fürsətdən istifadə olundu”.

Atnur hesab edir ki, Ankaranın məhz bu cür cəsur xarici siyasət yürütməsi bəzi ölkə və qrupları narahat edib. Onun fikrincə, İsrail, ABŞ və Fransa Türkiyəni məhz bu üzdən “ekspansionist, islamçı və ihvançı” adlandırıb, Qarabağ qələbəsindən sonra isə “turançı” və “türkçü” təbliğatına başlanılıb. “Qarabağ cəbhəsindəki uğur Azərbaycanla son illərdəki hərbi, ticari və mədəni yaxınlaşmanın, təlim-təchizat razılaşmalarının nəticəsidir. Qarabağ məsələsində məhz Türkiyənin fəal xarici siyasəti İranın regionda rahat hərəkətinə mane olur. Üstəlik, Türkiyə və Azərbaycandakı ictimai təşkilatların son dönəmdə İrandakı türkləri bu məsələyə cəlb etməsi, bu dəfə Tehranın Ermənistana hərbi-siyasi dəstəyinin qarşısını alıb”, – deyə Atnur qeyd edib.

“Türkiyə Cənubi Qafqazda gücünü daha da artırdı”

Prof. Dr. Giray Seynur Derman da əmindir ki, 30 il idi həllini tapmayan, “dondurulmuş münaqişə”yə çevrilmiş Qarabağ probleminin Ankaranın dəstəyi ilə həlli 2020-ci ildə Türkiyənin xarici siyasətdəki ən əhəmiyyətli nəaliyyətidir. O da hesab edir ki, bu mənada daha bir ciddi uğur Azərbaycanın əsas hissəsilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılması qərarıdır: “Türkiyə ilə Azərbaycan bir-birinə düz bir əsrdən sonra ilk dəfə quru yolu ilə bağlanacaq və bu, Ermənistanın İran sərhədinə yaxın bölgəsində açılacaq dəhlizlə baş verəcək. Qarabağla bağlı razılaşmanın 9-cu maddəsinə uyğun olaraq, regionda kommunikasiyalar bərpa ediləcək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat yolu inşa olunacaq. Bununla, Naxçıvan “Türk qapısı” statusu qazanacaq”.

Derman hesab edir ki, Naxçıvan dəhlizi Bakı-Tbilisi-Qars marşrutuna ciddi dəstək olacaq, tarixi İpək Yolunu daha da canlandıracaq. Üstəlik, o, Türkiyə ilə Orta Asiyanın türk respublikalarını quru yolu ilə bir-birinə bağlayacaq.

Bir sözlə, Derman hesab edir ki, Türkiyə Dağlıq Qarabağda Azərbaycana tam dəstək verməklə, beynəlxalq arenada da böyük uğur qazanıb. Onun fikrincə, Cənubi Qafqazın böyük oyunçusu olan Ankara, bununla regional gücünü daha da artırıb: “Azərbaycan-Türkiyə tərəfdaşlığı ilə yaranmış yeni şərait türk dövlətləri arasında birliyi gücləndirəcək. Dekabrın 10-da, Azərbaycanın qürur günundə Bakının Azadlıq meydanında möhtəşəm parad təşkil olunmuşdu. Paradda Türkiyə və Azərbaycanın dövlət başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan da iştirak edirdilər. Onlar paraddakı çıxışlarında iki dövlətin birlik və bərabərliyindən danışır, bu birliyin gücünü bütün dünyaya nümayiş etdirirdilər. Regionda həlledici söz sahibi olan Türkiyənin Azərbaycanla dostluğu daha da güclənib. Bakıdakı paradda Türkiyə və Azərbaycan əsgərlərinin birgə iştirakı da türk dünyasının birliyi baxımından əhəmiyyətli mesaj idi”.

Derman fikrini belə tamamlayıb: “102 il əvvəl Nuri Killigil Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı ermənilərdən xilas etmişdi. Türkiyə bu gün də Azərbaycan xalqının yanında olduğunu nümayiş etdirdi. Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” olan ölkələrimiz və xalqlarımız bu sevinci eyni anda yaşadı”.

(Türk dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı