Qarabağ üçün ayrıca investisiya proqramı, yoxsa…

87

Ekspertlər deyir ki, investisiya cəlbində üstünlük Azərbaycanı dəstəkləyən ölkələrə verilməlidir

Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərinin bərpası – ən azı yaxın on il ərzində ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri olacaq. Bu məsələ ölkə rəhbərliyinin çıxışlarında da dəfələrlə vurğulanıb. Dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bildirib: “Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.

Vətən müharibəsi başlayan ilk günlərdən etibarən Azərbaycanda işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı ilə bağlı fəal müzakirələr gedir. Bununla bağlı çoxsaylı analizlər verilməkdədir. Uzun müddət işğal altında olduğu üçün ərazilərin real potensialı barədə rəsmi statistikada da məlumat qıtlığı var və bu, eksperlərin məsələni hərtərəfli analiz etməsi üçün çətinliklər yaradır. Buna baxmayaraq, bir çox nüfuzlu ekspertlər kifayət qədər rasional təkliflərlə çıxış edirlər.

Belə ekspertlərdən biri olan iqtisadçı Rövşən Ağayev bildirir ki, azad olunmuş bölgələrdə təbii ehtiyatlar var, lakin həmin ehtiyatların iqtisadiyyatımız üçün yüksək həcmdə əlavə dəyər yaradacağı ilə bağlı gözləntilər real hesablamalara əsaslanmır: “Bir real fakt deyim, aydın olsun. Hazırda Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95 faizini neft-qaz sektoru təmin edir. Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 milyon manatı da keçmir. Yəni mövcud Ümumi Daxili Məhsulun 0.12 faizi qədər. Kəlbəcər və Zəngilan qiymətli metal istismarı baxımından Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensiala malik olsa belə, bu, yeni iqtisadi dövriyyəyə qoşulmuş ərazilərimizin sahəsi və əhalisi baxımından yenə də böyük məbləğ deyil”.

İqtisadçı Rövşən Ağayev.

Rövşən Ağayev

Ekspertin fikrincə, azad olunmuş bölgələrin ən böyük potensialı əgər doğru təşkil edilərsə, turizmlə bağlı olacaq: “Tibbi turizm üçün unikal imkanlar var. Eyni dərəcədə tarixi və istirahət turizmi üçün də. Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazanclarından çox ola bilər – söhbət ən azı 1.5 milyard dollardan gedir.

İkinci böyük potensialı olan sahə aqrar sektordur. 7 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 535 min hektar təşkil edir. Ağdam, Füzuli və Cəbrayıl əsasən bitkiçilik üçün əlverişlidir. Bu 3 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi sahəsi 290 min hektar təşkil edir ki, ondan da təxminən üçdə ikisi əkinə yararlıdır. Yerdə qalanı örüş və biçənək torpaqlarıdır.

Zəngilan və Qubadlı həm əkinçilik, həm də heyvandarlığın inkişafı üçün imkanlara malikdir. Bu 2 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 67 min hektardır ki, ondan təxminən üçdə biri əkinə yararlı, yerdə qalanı örüş və biçənək əraziləridir. Kəlbəcər və Laçının kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 180 min hektar təşkil edir ki, ondan ən yaxşı halda 15 faizi əkinə yararlıdır. Bu iki rayonun torpaqları əsasən heyvandarlıq üçün əlverişlidir. 7 rayonun bazasında hesablasaq, kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu heyvandarlıq üçün əlverişlidir.

Deməli, digər potensial sahə kimi aqrar sektora əsaslanan emal sənayesinin qurulması perspektivləri var. Azərbaycan kərə yağının 50 faizini, ət və ət məhsullarının 15 faizə qədərini xaricdən alır. Bu asılılıqdan qurtarmaq mümkündür. Əlavə olaraq, ixracyönümlü emal edilmiş (konservləşdirilmiş) ət məhsullarının emalının təşkili perspektivlərini araşdırmaq mümkündür”.

Qarabağda iqtisadi inkişafla bağlı xüsusi investisiya proqramının qəbul olunması, əraziyə sərmayə cəlb etmək üçün xüsusi şərtlərin tətbiqi kimi təkliflər də səslədirilməkdədir. Bu zaman əsas diqqətin Azərbaycanı müharibə dövründə dəstəkləyən dövlətlərin şirkətlərinə verilməsi təklif olunur.  İqtisadçı-ekspert Elman Sadiqovun fikrincə, azad olunan ərazilərə xarici investisiyaların cəlbi zamanı risklərin yüksək olması ilə bağlı deyilən fikirlərdə həqiqət var: “Ərazi münaqişə bölgəsi olub, yenidən münaqişə olması ehtimalı tamamilə kənara qoyulmayıb. Lakin dünyanın bir çox ərazilərində belə problemlər olub və bu, investisiya cəlbinə mane olmayıb. Yəni investisiya yalnız hər şeyin ideal vəziyyətdə olduğu ərazilərə yatırılmır. Buna qalsaydı, indiyədək dünyada çox az yerlərə investisiya cəlb etmək mümkün olardı. İnvestorlar heç də həmişə tamamilə risksiz yerlərə getmirlər. Risklər həmişə var və əksər hallarda dövlətin verdiyi təminat investorlar üçün yetərli olur”.

ABA-nın eksperti Elman Sadıqov “Gündəm” verilişinin qonağı olub – VİDEO –  ABA

Elman Sadiqov

Ekspert qeyd edir ki, investisiya cəlbində digər məsələlər də var: “İnvestisiyaların repartrasiyası, xarici investorlara yaradılan şərait, biznes mühiti, vergi, maliyyə, valyutanın kursu kimi məsələlər də mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, azad rəqabət mühitinin, mülkiyyət toxunulmazlığının təmin olunması var. Bütün bu məsələlər həll olunursa, investor həvəslə gəlir və investisiya yatırır. İşğaldan azad olunan bölgəmizə gəlincə, oralara hələ işğal altında olarkən investorlar gəlirdi. Məsələn, Azərbaycanın bütün etirazlarına, BMT qətnamələrinə baxmayaraq, Kəlbəcər rayonuna xarici investisiyaların cəlbi mümkün olmuşdu. Digər bir sıra ərazilərimizə də həmçinin. Yəni məsələ bundan ibarətdir ki, xarici investisiya gəlirli layihələr üzrə hər hansı regiona gedə bilir. Biz azad olunan bölgəmizə investisiya cəlb edərkən tanıdıq-tanımadıq bütün investorları dəvət etməməliyik. Əlbəttə, böyük maliyyə qurumları, potensial investorlar arasında təbliğat tədbirləri həyata keçirmək lazımdır. Lakin ərazidə uzunmüddətli investisiyaları nəzərə tutan layihələrin icrası zamanı seçim edərkən əsas üstünlüyü Azərbaycana dost olan ölkələrə vermək mütləqdir. O ölkələrə ki, Vətən müharibəsində Azərbaycanı dəstəklədilər, qələbəmiz üçün sevindilər. Bu ölkələrin xaricdə investisiya yatırmaq istəyən sahibkarlarını, şirkətlərini işğaldan azad olunan ərazilərimizə cəlb etməyə çalışmalıyıq”.

Elman Sadıqov - Publika.Az

E.Sadiqovun sözlərinə görə, Azərbaycanın haqq davasına dəstək verən dost ölkələrin sərmayədarlarına lazım olan bütün şərait yaradılmalıdır: “Xüsusilə söhbət gedir Türkiyə, İsrail, Ukrayna və sair dövlətlərdən. ”Niyə azad olunan ərazilərə xarici investisiyaları cəlb etməliyik” – sualına cavab budur ki, xarici investisiya tamamilə yeni kültür, yeni münasibətlər, müasir texnologiyalar gətirir özü ilə. Bu baxımdan, Türkiyə, İsrail kimi ölkələrin texnologiyalarının bölgələrimizin iqtisadiyyatında tətbiqi bizə böyük fayda gətirə bilər”.

Azərbaycan dövlətinin azad olunan bölgələrdə əsas işi ərazilərin minalardan təmizlənməsi, əhalinin bölgəyə dönüşü üçün infrastrukturun, yaşayış məskənlərinin yaradılmasından ibarət olmalıdır: “Bundan sonra dövlət bölgədə yerini yerli və xarici biznesə verməlidir. Əlbəttə, əlverişli biznes mühiti yaratmaq şərtilə. Çünki investisiyaların bölgəyə gəlib-gəlməməsi məhz yaradılacaq biznes, investisiya mühitindən asılı olacaq. Yəni xarici investor ərazidə xarici təhdiddən o qədər də qorxmur, çünki bu kimi hallarda onun hüquqlarını qoruyan beynəlxalq sənədlər, instansiyalar var. Xüsusilə də söhbət dünya birliyinin qeyd-şərtsiz Azərbaycan ərazisi kimi tanıdığı bölgədə. İnvestoru əsas maraqlandıran məsələ investisiya mühitidir – bu mühit onun biznesinin inkişafına əngəllər qoymursa, yatırım etməyə tərəddüdləri olmayacaq. Ümumiyyətlə, bizdə xarici investisiyaların cəlbində əsas məqam məhz mühitlə bağlıdır. Mühit əlverişli olarsa, investisiya cəlbi də yüksək olar”.

Bu müsahibimiz də qeyd edir ki, işğaldan azad olunan ərazilərdə əsas diqqət turizm və kənd təsərrüfatının inkişafı məsələlərinə yönəldilməlidir: “Bu bölgədə ən böyük inkişaf potensialı məhz turizm və kənd təsərrüfatındadır. Turizm sahəsində biz qardaş Türkiyənin, kənd təsərrüfatı sahəsində isə İsrailin təcrübəsini rahatlıqla tətbiq edə bilərik. Xüsusilə bu bölgədə kənd təsərrüfatının inkişafı Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynaya bilər – həm heyvandarlığın, həm də bitkiçiliyin, kənd təsərrüfatı emalının inkişaf potensialı çox yüksəkdir. Qızıl yataqlarının, resursların hasilatı onsuz da baş tutacaq. Buna görə də faydalı qazıntılardan daha çox biz diqqəti qeyd etdiyim iki sahədə cəmləməliyik. Məsələyə kompleks və konseptual yanaşmamız olmalıdır – heyvandarlığı inkişaf etdirərkən ət, süd məhsulları ilə yanaşı xalça, kilim istehsalını da nəzərə almalıyıq. Bitkiçiliyi inkişaf etdirərkən buğda, pambıqla yanaşı, şərab, şəkər istehsalına şərait yaratmalıyıq. Yəni həyata keçirilən bütün layihələr bir-birinə bağlı, bir-birini tamamlayan olmalıdır. Bu halda bölgəyə xarici investisiyaların cəlbi və sürətli iqtisadi inkişafı təmin etmək çətin olmayacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”