“Qarabağ savaşındakı uğurumuz Azərbaycanı bütün dünyaya tanıtdırdı” – ALMANİYADA YAŞAYAN SOYDAŞIMIZ

843

Rəna Nizami: “Artıq bütün dünya bilir ki, Azərbaycanın mərd, cəsur və qorxmaz igidləri var”

“Alman qadın “youtobe”-da qələbələrimizə baxıb, ona azərbaycanlı kişi tapmağımı istəmişdi”

2020-ci ilin 10 noyabrı Azərbaycan tarixinə Böyük Qələbə günü kimi daxil oldu. Azərbaycan xalqı bu şanlı Qələbəni – əzəli, tarixi torpaqlarımızın işğaldan azad edilməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini bayram edir. Tarixi qələbimiz xaricdə yaşayan soydaşlarımız tərəfindən də böyük coşquyla qeyd olunur.

Hurriyyet.org-un əməkdaşı, Almaniyanın Essen şəhərində yaşayan soydaşımızla həmsöhbət olub. Rəna Nizami Azərbaycanın tarixi qələbəsinin Almaniyada yaşayan soydaşlarımız tərəfindən də böyük coşquyla qeyd olunduğunu deyib:

“Çox gözəl sevinc hissi yaşayıram. İllərdir həsrətlə gözlədiyimiz an yetişib. Bayrağımızı Qarabağda dalğalandırdıq. İgid ordumuz bayrağımızı sancıb, bizlərə bu qələbəni yaşatdı. Qələbəmiz şəhidlərimizin qanı ilə yazıldı. Allah Şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun…

Xalqımızın birliyini görüb, çox sevindim. Bütün dünya bizim birliyimizə qibtə etdi. Hətta alman vətəndaşı olan bir qadın “youtobe”də bizim qələbələmizə dəfələrlə baxıb, sevindiyini söyləmişdi. Hətta demişdi ki, “mənə azərbaycanlı kişi tap” (gülümsəyir).

Vətənimdə olan mənzərə çox ürəkaçan oldu. Şirniyyat bişirib göndərən kim, ət bişirib göndərən kim… Çox gözəl mənzərə idi… Təəssüf ki, çox adam deyirdi ki, niyə sevinirsən?! Cavabında isə bildirirdim ki, əziz insanlar müharibədə uduzan tərəf  yox, udan tərəf biz olduğumuz üçün, qaçan yox, qovan biz olduğumuz üçün sevinirəm. İgid oğullarımız müharibəyə ağlayaraq yox, sevinərək, gülərək getdiyi üçün sevinirəm. İllərdir həsrətlə gözlədiyimiz torpaqlara qovuşduğumuz üçün sevinməliyik”.

Rəna xanım digər şəhərlərdə yaşayan soydaşlarımızla da mütəmadi olaraq əlaqə saxladığını bildirdi: “Mənim digər şəhərlərlə əlaqələrim çox yaxşıdır. Demək olar ki, Almaniya, hətta Avropadan da tanıyanlar var. Çünki müəyyən işlərdə vasitəçi oluram. Kimin nə dərdi, nə problemi olarsa, paylaşaraq həmin insanlara dəstək oluram”.

Xanım həmsöhbətim Dövlət Diaspora Komitəsinin fəaliyyətindən də danışdı: “Bir sıra diaspor təşkilatları və səfirliklər təmizlənsə çox gözəl olar. Bilmirəm ki, onlar kresloda nəyə görə oturublar?… Xalqın dərdi və problemi onların da dərdi və problemi olmalıdır. Amma təəssüf ki, bunu görmürük”.

R.Nizaminin sözlərinə görə, Almaniyada ölkəmizin lobbisi çox zəifdir: “Çox təəssüf ki, bizim lobbimiz çox zəifdir. Gəncədə və Bərdədə yaşanmış terroru erməni dığaları ermənilərə qarşı törədilən terror hadisəsi kimi dünyaya çatıdrmaq istəyirdilər. Guya ki, biz onlara qarşı terror törətmişik. Baxın, erməni xisləti budur. Erməni lobbisi o qədər yalanlar danışır ki, bir çox ölkələri özlərinin yalanlarına inandıra bilirlər”.

Həmsöhbətim hresab edir ki, müharibənin uğurlu nəticələnməsi Azərbaycanı bütün dünyaya tanıtdırdı: “Artıq bütün dünya bilir ki, Azərbaycanın mərd, cəsur və qorxmaz igidləri var. Ən əsası da, birlik nümayiş etdirən Azərbaycan xalqı var. Bu da bizi daha ruhlandırır və qürur hissləri yaşadır”.

YƏHYA,
Hurriyyet.org