“Qarabağ” neft yatağının üst modulları hazırlanır

60

 

Hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının üst modullarının dizayn-mühəndislik işləri yerinə yetirilir.

“Report” xəbər verir ki, bunu bu gün Bakı Dərin Özüllər Zavodunda keçirilən tədbirdə “Qarabağ” əməliyyat şirkətinin direktoru Tahir Dadaşov bildirib.

O qeyd edib ki, bu işləri “Wood” şirkəti yerinə yetirir: “İşlər yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq”.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

“Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. “Qarabağ” yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.