“Qarabağ məsələsində iqtidar-müxalifət arasında fikir ayrılığı mümkün deyil”

96

Natiq Cəfərli: “Prezident deyir ki, Qarabağın müstəqilliyi heç vaxt tanınmayacaq, torpaqlar mütləq azad edilməlidir, müharibə seçənəyi də masadadır, bu tezislər doğrudur!”

“Prezidenti ölkədə olan korrupsiyaya, qanunsuzluğa, siyasi həbslərə, qeyri-effektiv idarəetməyə görə qınamaq, tənqid etmək, onu seçkilərdə yenmək üçün çalışmaq caizdir, doğrudur, haqlı mövqedir”. “Hürriyyət”in məlumatına görə, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, amma bu, o demək deyil ki, prezident nə desə, özü də Qarabağla, işğalla bağlı fikir söyləsə, onun da əleyhinə çıxmaq lazımdır: “Hə, daha bir dəqiqləşmə, yoxsa yenə qarışdıracaqlar. Dediklərini etmir, edə bilmir, bu başqa məsələ, amma dedikləri düzdür axı?! Deyir ki, Qarabağın müstəqilliyi heç vaxt tanınmayacaq, torpaqlar mütləq azad edilməlidir, müharibə seçənəyi də masadadır. Bu tezislər doğrudur! Nə deyək, sırf əks mövqe olsun deyə, inad edək ki, yox e, Qarabağ müstəqil olsun, müharibəyə hazırlaşmayaq, torpaqlarımız azad edilməsin?! Bu nə təfəkkürdür axı?! Bir daha – bu sistem ilə bu dediklərini etmək mümkünsüz görünür, bu heç, bunu qoyduq qırağa, amma tezislərin özü doğrudur axı! Ümumiyyətlə, Qarabağın azadlığı, işğalın sona çatması haqqında tezis olaraq nə fərqli mövqe ola bilər ki?!” Politoloq bildirib ki, bu məsələdə iqtidar-müxalifət arasında fikir ayrılığı mümkün deyil: “Bəs o zaman məhz o tezisləri dəstəkləməkdə pis nə var?!”

Vazeh BƏHRAMOĞLU