Qarabağ: Ermənistanın ekoloji terroru təbiətə ciddi ziyan vurub

495
InterPRESS, Özbəkistan
06.12.2020

Müəlliflər: Əli Zülfüqaroğlu, Elnur Eltürk

Ermənistan Azərbaycan torpaqlarının 20%-dən çoxunu illər idi işğal altında saxlamasına rəğmən, sentyabrın 27-də yenidən Azərbaycana hücuma keçmişdi. Nəticədə Ermənistanın mülki əhaliyə qarşı terror hücumlarını davam etdirdiyini görən Bakı sülhə məcburetmə əməliyyatına başlamaq məcburiyyətində qalmışdı.

Ermənistan tərəflər arasında 44 gün davam etmiş müharibə zamanı da mülki əhalini hədəfə alırdı. Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhədən 100 kilometr uzaqda yerləşən, heç bir hərbi birləşmənin olmadığı Gəncə şəhərinə (bu, ölkənin ikinci böyük şəhəridir), daha sonra Bərdə, həmçinin Tərtər, Mingəçevir şəhərlərinə və digər mülki ərazilərə balisstik raket zərbələri endirib.

Nəticədə sentyabrın 27-dən tərəflər arasında atəşkəs sazişinin imzalandığı 10 noyabradək 93 dinc azərbaycanlı qətlə yetirilib, 407 nəfər yaralanıb. Ermənistanın mülki əhalinin sıx yaşadığı əraziləri hədəf seçməsi nəticəsində 504 mülki obyekt, 3326 şəxsi ev və 120 çoxmənzilli bina ziyan görüb.

Nəhayət, noyabrın 10-da Yerevan kapitulyasiyaya imza atıb. Nəticədə Ermənistan tərəfi Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz boşaltmaq məcburiyyətində qalıb. Amma onlar bu prosesi də normal icra etməyiblər. Ermənilər boşaltmalı olduqları ərazilərdə evlərə dünya mediasının gözü qarşısında od vurub, mal-qaranı güllələyib. Onlar ətraf mühitə də ciddi ziyan vurublar: ağaclar kütləvi şəkildə məhv edilib, bununla da ekoloji terror törədilib. Üstəlik, artıq qeyd etdiyimiz kimi, bütün bunlar beynəlxalq media nümayəndələrinin gözləri qarşısında baş verib.

Uzun illər davam etmiş erməni işğalına son qoyulması ilə, onların Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərləri necə məhv etdikləri tap çılpaqlığı ilə üzə çıxıb. İşğalın davam etdiyi təxminən 30 il ərzində bu ərazilərdəki yaşayış binaları, tarixi  abidələr, muzeylər və digər tikililər dağıdılıb, talan olunub. Bu dövrdə işğal altındakı ərazilərdə 600-dən çox sənaye və kənd təsərrüfatı, 700-dən artıq səhiyyə müəssisəsi, 700-dək məktəb, eləcə də milli mədəni irs nümunələri, məscidlər dağıdılb, meşələr məhv edilib.

Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, 40 mindən çox eksponatın toplandığı 22 muzey, 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi yerlə-yeksan edilib. Onların arasında Ağdam Çörək Muzeyi də var. Bundan başqa, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb.

Təkcə Şuşanın işğalı nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi məhv edilib. Şuşadakı muzeydən 5 minədək eksponat, eyni zamanda, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək eksponatı, dahi bəstəkar Üzeyir Hacıbəylinin, böyük xanəndə Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeylərinin, Ağdam, Qubadlı və Zəngilan Tarix-diyarşünaslıq muzeylərinin fondları qarət olunub. Cəbrayıl, Füzuli və Xocalı rayonlarındakı Tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında qeyri-qanuni arxeoloji qazıntılar aparıb, məzarları, qəbirüstü abidələri dağıdıb.

Bir sözlə, 30 ilə yaxın işğal altında qalmış ərazilərdə əsl ekoloji cinayət törədilib. Bu dövrdə bölgədə biomüxtəliflik məhv edilib, meşələr qırılıb, faydalı qazıntı yataqları talan edilib, su anbarları və ətraf mühit qəsdən çirkləndirilib. Ən əsası isə təcavüz nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olub və yaralanıb, bir milyondan çox insan doğma yurdundan didərgin düşüb. Bu bəşəri cinayətlərə görə Ermənistanın istər keçmiş, istərsə də indiki rəhbərliyi məsuliyyət daşıyır.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət əməllərinin qiymətləndirilməsi prosesinə yerli qiymətləndirmə şirkətləri cəlb edilib: “Bu işlər özəl sektorla dövlət qurumları arasında əməkdaşlıq prinsipi çərçivəsində həyata keçirilir. Özəl sektorun da öz təcrübəsi var və ondan da yararlanmaq nəzərdə tutulub. Prosesə beynəlxalq təşkilatlar, ayrı-ayrı müstəqil beynəlxalq təsisatlar da cəlb olunacaq. Prezident İlham Əliyevin müvafiq sərəncamında Xarici İşlər Nazirliyinin xəttilə bu prosesə bu qəbildən olan beynəlxalq təsisatların cəlbi nəzərdə tutulur. Ümumi zərərin qiymətləndirilməsindən, ümumi nəticəyə gəlinməsindən sonra bu məlumatlar XİN xəttilə beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Bu halların hər biri cinayətdir”.

Azərbaycanın Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsilə bağlı yaradılmış işçi qrupun son hesabatında Azərbaycana dəymiş zərərin 819 milyard olduğu bildirilir. Lakin rəqəm getdikcə artır. Odur ki, Ermənistan Azərbaycana son 30 ildə vurduğu maddi və mənəvi ziyana görə təzminat ödəməlidir.

Əslində bu, təkcə Azərbaycana deyil, bəşəriyyətə qarşı terror aktıdır. Bu gün dünyada münaqişə ocaqları çoxdur. Bu üzdən də, Ermənistanın mülki əhaliyə və ətraf mühitə qarşı törətdiyi terror aktları təhlükəli tendensiyaya çevrilə bilər. Bu cür vəhşiliklərin davam etməməsi, digər bölgələrdə də təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə beynəlxalq media məsələyə etinasız yanaşmamalıdır. Baş verənlərin daha çox işıqlandırılmasına, həqiqətlərin dünyaya çatdırılmasına ciddi ehtiyac var.

(Rus dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: InterPRESS