“Qarabağ” dekabradək xal fərqini saxlaya bilsə, asanlıqla çempion olacaq”

171
Diniyev 0:6-nı “Neftçi”yə yaraşdırmadı, “Sabah”dakı “qara zolaq”dan danışdı

Sport24.az Premyer Liqamızın IX turunu Şahin Diniyevlə müzakirə edib. AFFA Məşqçilər Komitəsinin üzvü olan bu təcrübəli mütəxəssis hər bir komandanın çıxışına toxunub.

– İlk olaraq turun ümumi mənzərəsini deyərdiniz…

– Lider “Sumqayıt”ın uduzması sensasiya deyil. “Neftçi”nin bu hesabla uduzmasını turun sensasiyası sayardım. Çünki bu komanda liderlik uğrunda mübarizə aparandı və 0:6 hesabıyla yenilir. “Qarabağ”a uduzması ola bilərdi, ancaq belə hesabla məğlubiyyətini sensasiya hesab edərdim. Qalan 2 matç bərabər səviyyədə keçdi. Bu görüşlərdə “Qəbələ”ylə “Sabah” uduzsalar da, qalib gələ də bilərdilər. Yəni, həmin qarşılaşmalarda aşkar favorit yox idi. Hər hansı biri qələbə çalsaydı, təəccüblü olmayacaqdı.

– Sizcə, “Neftçi” 90 dəqiqədə niyə belə aqibətlə üzləşdi?

– AFFA Məşqçilər Komitəsinin üzvləriylə birgə matçı stadiondan canlı izlədik. “Neftçi” bu oyunda heç özünə oxşamadı. Ustalıq səviyyəsini deməzdim, çünki komandada usta futbolçular var. Sadəcə, istəyin, motivasiyanın, qorxmağın – bunlardan birinin rolunun olması müşahidə olunurdu. Göründü ki. “Qarabağ”ın tez qol vurmasından sonra “Neftçi” tam “söndü”. Ancaq belə komandalar tez “sönməməlidi”. Tez-gecqol buraxmasına baxmayaraq, çempionluğa oynayan komandalardı və heyətində yetərincə səviyyəli futbolçular da var. Onların oyunun taleyini, matçın gedişatını dəyişə bilən futbolçuları çoxdu. Ancaq onların  heç biri meydanda görünmədi. Bəlkə Emin Mahmudovun yoxluğuna görəydi, kapitan kimi komandanı arxasınca aparacaq bir futbolçu görmədim. Komandanı çətin vəziyyətdən çıxaracaq gücdə olsun – belə oyunçunu görmədim. Sanki hərə özü üçün meydana çıxmışdı, kollektiv bir şəkildə “Neftçi” görə bilmədik.

– Necə düşünürsüz, “Neftçi” əzəli rəqibindən aldığı bu ağır məğlubiyyətdən özünə gələcə biləcəkmi? Belə bir məqamda vəziyyətdən çıxış yolu kimi hansı radikal dəyişikliklərə əl ata bilərlər? 

– Belə oyunlardan sonra həmişə ikili bir şey yaranır. Ya komanda özündə güc tapır, toparlanır, bir yumruq kimi birləşir, bundan dərs çıxarır. Burda analizdən, futbolçuların hansı tərəfdən dərs almasından asılı olacaq – bu, onlar üçün son belə məğlubiyyət olmalıdı. Onu demək istəyirəm ki, 0:6-nı “Neftçi”yə yaraşdırmıram. İkinci tərəfdən ola bilər ki, psixoloji cəhətdən tamam “sınacaqlar”, yığışa bilməyəcəklər. Bu sıradan “Neftçi” rəhbərliyinin, baş məşqçinin əl işi çox önəmli olacaq ki, hansı nəticə çıxaracaqlar. Radikal dəyişiklik heyətin birdən-birə dəyişilməsidi ki, bu şans çox azdı. Çünki qıraqda elə bir futbolçu olmayıb, “Neftçi”nin o qədər ehtiyat qüvvəsi yoxdu ki, birdən-birə radikal dəyişiklik etsin. Sadəcə, burda motivasiya, psixoloji cəhətdən dəyişiklik etmək mümkündü ki, futbolçular köklənsinlər, gözləri yansınlar. “Qarabağ”la oyunda göz yanmaq yox idi. İndisə bu sarıdan komandada nəyişə düzəltmək olar. “Neftçi”nin heyət, oyun baxımından bugünkü durumu budu. Motivasiyanın, psixoloji durumun tamam başqa bir istiqamətə aparılması bugünkü vəziyyətdə çox vacib olacaq.

– “Qarabağ” ilk dövrədə bir az yavaşıdı və ikinci dövrə başlayandan vulkan kimi püskürməyə başlayır – “Keşlə”ylə “Neftçi”nin hər birinə 6 qol vurdu. Bu o deməkdi ki, yenə həmin ssenari təkrarlanır və Qurban Qurbanovun komandası çempionluq mübarizəsində hamıdan bir addım öndə olacaq?

– Hələ 5-6 tur qalmış digər komandaların liderliyi, şərikli liderliyi, üçhakimiyyətlik olanda mətbuatda demişdim ki, “Qarabağ” dekabradək xal fərqini saxlaya bilsə, asanlıqla çempion olacaq. O vaxt idi ki, 5-6 komanda birdən çempionluq uğrunda mübarizə aparırdı, hansısa bir eyforiyaya qapıldı. Ancaq onda dedim ki, yox, “Qarabağ” dekabradək Avropa Liqasında heyəti rotasiya etməklə xal fərqini saxlaya bilsə, asanlıqla çempion olacaq. Buna çempionatın səviyyəsinin qalxması yox, komandaların səviyyəsinin aşağı düşməsinin bariz nümunəsi gətirib çıxarıb. Onda deyirdilər ki, komandaların səviyyəsi artıb, hamı “Qarabağ”la mübarizə aparacaq. Bildiyiniz kimi, ilk dövrədə Ağdam klubunun xal itkiləri çox oldu  Ancaq həmin vaxt bildirmişdim ki, xeyr belə deyil, deməyək ki, “Qarabağ”ın səviyyəsi aşağı düşüb. Komandaların səviyyəsi qalxmayıb, sadəcə, onda “Qarabağ”ın səviyyəsi bir az düşmüşdü. Bu da çempionatın yeni başlamasıyla paralel olaraq Çempionlar Liqasında çıxış etməyin gətirdiyi yorğunluğun, heyətdə rotasiyaların olmasının təsiri vardı. Ancaq komanda yenidən özündə güc tapdı, yenidən formasında pis nöqtəsinə çatdı və yenidən uğurlu çıxışıyla liderlik edir.

– Lider “Sumqayıt” 2 turdur qələbə qazanmır, ikisində də bombardiri Əli Qurbani zədə üzündən oynamır. Kənardan müşahidələr belə deməyə əsas verir ki, bu komanda bir futbolçudan asılıdı. Hər halda, ikinci hücumçusu, qol vuranı yoxdu…

– Burda da fikirlərim üst-üstə düşür. “Sumqayıt” lider olanda da buna toxunmuşdum. Keçən mövsümkü “Sumqayt”ı indiki arasında müqayisə edərkən demişdim ki, ötənilki komanda daha çox kollektiv şəkildə güclü idi, bu gün isə matçın taleyini həll edə bilən bir neçə individual futbolçusu var. Bunlar Əli Qurbani, Rəhim Sadıxov, Xəyal Nəcəfovdu. Onların oyunundan çox şey asılıdı. Bir qolla komanda qələbə qazanır və bununla da gedir. Keçən mövsüm isə belə hücumçu, hücum üçlüyü, hücumu tamamlayan yox idi, “Sumqayıt” kollektiv şəkildə daha güclü idi. Bu gün başqa mənzərənin olmasıyla razıyam. Ancaq deməzdim ki, “Sumqayıt” bir futbolçudan asılıdı. Bir neçə oyunçunun turlarda verdiyi xeyir böyük olub. Dəyişiklikdə də qeyri-adi bir şey görmürəm, çünki bu qədər futbolçunun gedişindən sonra yeni komandanın yaradılması üçün vaxta ehtiyac var.

– Ardıcıl 6-cı məğlubiyyətini alan “Sabah” düşdüyü bu “qara zolaq”dan necə çıxa bilər?

– Bu komandanın vəziyyəti çox çətindi. Oyun baxımından da bir işıqucu görmürəm. Bəxt, motivasiya, psixoloji baxımından hər şey çaşbaşdı, hər şey tərsinə olub. Komandada yaxşı səviyyəli futbolçular var. İndividual uğur var, kollektiv uğur yoxdu “Sabah”da. Burda məşqçilərdən asılıdı ki, yaxşı futbolçuları bir yerə yığıb eyni futbolu oynatdırmaq lazımdı. Bu, çox çətin məsələdi. “Sabah”ın hər bir oyununa baxıram, ancaq işıltını görmürəm. Ola bilər ki, Ramil Şeydayev son turda penaltini vursaydı, qalib gələ bilərdi. Bəlkə bir qələbə bunlara bir motivasiya verə, harasa çıxara bilər. Ancaq komanda şəklində nəsə eləmək, futbol fəlsəfəsi – bunları görə bilmərik. Çempionatın startında nəsə radikal bir dəyişiklik etmək olardı, ancaq indi yox. Futbolçu yığımı var, ancaq kollektiv şəklində hələlik yaxşı şeylər görünmür. Bunu deməkdə çətinlik çəkirəm ki, uğursuzluqdan çıxmaq üçün nə lazımdı. 7 oyun məğlubiyyətdi artıq, 2 oyundan sonra çıxmaq lazım idi. Klubda rəhbərlik, baş məqqçi çox düşünür vəziyyət haqda. Bu komanda məğlubiyyətə öyrəşməməlidi. Belə yaxşı oyunçularla bu qədər uduzmaq olmamalıdı.

– “Qəbələ” ilk qələbəsindən sonra yenidən uduzdu, onu məğlub edən “Keşlə”də də qeyri-sabitlik var. Bunları nəylə izah edərdiniz?

– “Qəbələ”nin oyun sistemi çox xoşuma gəlir. Daha maraqlı, yaxşı, şən bir futbol oynayır. Sadəcə, müdafiədə kobud səhvlərə yol verilir. Deyə bilmərəm təcrübənin çatmaması, sadəcə, müdafiə və hücumçu arasında balans yarada bilmirlər, bu, pozulur. Hərdən hücuma çox aludə olurlar, müdafiə yaddan çıxır. Həm də hesaba görə oynamaqda çətinlik çəkirlər. Təcrübəli olan komanda hesaba görə oynayır. “Qəbələ” becə başlayırsa, elə də bitirir, burda hesabın heç bir önəmi olmur. “Keşlə”yə gəlincə, stabil deyil, sabit oyun görmürəm. Bir tur yaxşı oynaya bilər. Misal üçün “Qarabağ”a qarşı çox yaxşı futbol göstərdi, ancaq sonra fərqli vəziyyət olur. Bəlkə də o stabiliyi tapmaq üçün zaman lazımdı.

– “Səbail” isə autsayderlər sırasında olsa da, sabit çıxış var, artıq 6 turdu uduzmur…

– “Səbail”də o sabit oyununun aparmasının ən böyük meyarı Premyer Liqada neçə illərdi çıxış edən təcrübəli futbolçularının olmasıdı – Rauf Əliyev, Əfran İsmayılov, Rahid Əmirquliyev. Onlar “Səbail”in özəyini təşkil edir, komandanın necə oynamasını idarə edir, istiqaməti yönəldir. Bu sarıdan “Səbail” şanslıdı ki, belə oyunçuları var. Hər bir komandaya uğurlar arzulayıram və ümid edirəm ki, üzləşdikləri çətinlikləri yenib yaxşı oyun nümayiş etdirəcəklər.