Qarabağ danışıqları Türkiyənin iştirakı ilə keçirilməlidir

99

Qardaş ölkə prosesdə iştirak etməsə, Rusiya nəyin bahasına olursa-olsun forpostu olan Ermənistanın maraqlarının təmin olunmasına çalışacaq

Ermənistan uzun illər məhz Kremlin havadarlığına arxalanaraq, Azərbaycanın işğal altındakı torpaqlarını özününküləşdirməyə, beynəlxalq ictimaiyyəti buna alışdırmağa çalışıb

Bildiyiniz kimi, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatdan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Artıq rəşadətli ordumuz işğal altında olan ərazilərimizin bir hissəsini düşmən tapdağından azad edib. Bu isə Ermənistanın, o cümlədən onun havadarlarının, əsasən də Rusiya və Fransanın ciddi şəkildə əndişələnməsinə, hətta panikaya düşməsinə səbəb olub. Məhz elə bu səbəbdən də Rusiyanın təklifiylə oktyabrın 9-da Moskvada Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. 11 saat davam edən görüşdə əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə humanitar atəşkəsin əldə edilməsi barədə razılığa gəlinib. Təbii ki, Ermənistan tərəfi bu dəfə də öz xislətini ortaya qoyaraq, humanitar atəşkəsə əməl etməyib. Hələ bu azmış kimi, Azərbaycanı ittiham etməyə davam edib.

Bugünlərdə isə Moskvada Lavrovla Mnatsakanyanın görüşü baş tutub. Görüşdən sonra keçirilən mətbuat konfransında adıçəkilən şəxslər tərəfindən səsləndirilən fikirlərə istinadla qəti əminliklə demək olar ki, Rusiya əlində olan bütün vasitələrdən istifadə edərək, qardaş Türkiyənin danışıqlar prosesində yer almamasına çalışır. Bu isə birmənalı şəkildə Azərbaycanın maraqlarına cavab vermir. Çünki Türkiyənin iştirakı olmadan keçirilən danışıqlar sonda Azərbaycana ziyan vura, hərbi əməliyyatlar zamanı ordumuzun əldə etdiyi uğurların masada təsdiqlənməməsinə, yaxud da münaqişənin həllinin daha bir neçə il uzatmasına gətirib çıxara bilər. Odur ki, rəsmi Bakı heç bir halda qardaş ölkənin iştirakı olmadan keçirilən danışıqların nəticəsini qəbul etməməlidir.

“Türkiyənin iştirakı və qarantorluğu olmadan qalıcı və uzunmüddətli sülhün bərqərar olması mümkün deyil”

Nəzərinizə çatdıraq ki, Azərbaycan Demokrat Partiyası, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, AĞ Partiya, Azad Demokratlar Partiyası, Ümid Partiyası, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası və Azərbaycan Xalq Partiyasının imzaladığı bəyanatda da məhz bu məsələyə toxunulub. Belə ki, Ermənistan və onun xarici havadarları tərəfindən Türkiyəyə qarşı aparılan qlobal miqyasda total hücumlara etirazlarını bildirən adıçəkilən 10 partiya Qarabağ məsələsinin həlli üçün aparılan danışıqlarda Türkiyənin bərabərhüquqlu və tamyetərli vasitəçi statusunda iştirakının təmin olunmasını zəruri sayır. “Bu məqsədlə Türkiyənin Minsk Qrupunun həmsədrlərindən biri olması məqsədəuyğundur” deyən siyasi partiyalar hesab edir ki, Azərbaycan Minsk Qrupu formatında danışıqlarda iştirakını bu şərtə bağlamalıdır. Onlar haqlı olaraq qeyd ediblər ki, Türkiyənin danışıqlar prosesində həmsədr ölkələrdən biri kimi iştirakı zərurəti Azərbaycan xalqının etimadı məsələsindən əlavə, onun müasir dünyada və regionda oynadığı rol, malik olduğu qeopolitik güc və hərbi-siyasi təsir imkanları ilə şərtlənir: “Türkiyə olmadan, müstəqil dövlətlər şəklində təşkil olunan Cənubi Qafqazdakı etnik və dövlətlərarası münaqişələrin və toqquşmaların, müharibələrin nizamlanmasının real olmadığı, bunun əksi olaraq effektiv şəkildə yalnız Türkiyənin iştirakı ilə nizamlanması mümkünlüyü 1918-1921-ci illər, o cümlədən Moskva və Qars müqavilələri, habelə 1992-1993-cü illərdə Azərbaycan-Ermənistan müharibəsinin nizamlanması təcrübəsi ilə təsdiq olunmuşdur. Beləliklə, regionda baş verən münaqişələrin tarixi və indiki gepolitik vəziyyət, şərtlər göstərir ki, Türkiyənin iştirakı və qarantorluğu olmadan qalıcı və uzunmüddətli sülhün bərqərar olması mümkün deyil. Türkiyəni münaqişənin nizamlanmasından kənarda saxlamaq, bu istiqamətdə gedən danışıqları mənasız edir. Bu reallıqdan çıxış edərək siyasi partiyalar hazırkı formatda aparılan nizamasalma mexanizminə alternativ və ya paralel olaraq Türkiyə-Rusiya vasitəçiliyi və qarantorluğu mexanizminin işə salınmasını və Azərbaycanın bu modelin reallaşması üçün addımlar atmasını faydalı sayırlar”.

“Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır”

Söz yox ki, rəsmi Bakı da məhz bu mövqedən çıxış edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində mövzuya dair səsləndirdiyi fikirlər də təsdiqləyir. Belə ki, “Biz qardaş Türkiyəni bu prosesdə görürük, bunu alqışlayırıq” deyən ölkə başçısı qeyd edib ki, de-yure, ya da de-fakto, fərq etməz, əsas odur ki, Türkiyə bu masada olmalıdır: “Minsk Qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə, mən artıq bir neçə dəfə demişəm ki, Minsk Qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu münaqişənin həll edilməsini istəyirlərsə, – biz bunu istəyirik, – elə ölkələr olmalıdır ki, onlar real həyatda sülhün təmin olunmasına xidmət edə bilsinlər. Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk Qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putinlə dəfələrlə görüşmüşdür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var. Bilirsiniz ki, Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun”. Prezident onu da bildirib ki, Türkiyə danışıqlar masasında olmasa, münaqişə həll edilə bilməz: “Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır. O ki qaldı, yenə də deyirəm, bu məsələnin formal tərəfinə, bu formal tərəf qala bilər, Minsk Qrupu da qala bilər, onsuz da 30 il ərzində bir nəticə hasil etmədi. Ancaq bu məsələ nə qədər tez həll olunarsa, o qədər də tez Minsk Qrupuna ehtiyac qalmayacaq”.

Rusiya tarix boyu bizi məhz ermənilərin əli ilə vurub və bu gün də eyni strategiyanı davam etdirməkdədir

Xülasə, bütün bunlar bir daha onu təsdiqləyir ki, qardaş Türkiyə danışıqlar masasında əyləşməsə, o zaman Rusiya nəyin bahasına olursa-olsun forpostu olan Ermənistanın maraqlarının təmin olunmasına çalışacaq, hətta Azərbaycanı əldə olunan anlaşmaya razı salmaq üçün təsir və təzyiqlər göstərəcək. Çünki heç kimə sirr deyil ki, Ermənistan uzun illər məhz Kremlin havadarlığına arxalanaraq, Azərbaycanın işğal altındakı torpaqlarını özününküləşdirməyə, beynəlxalq ictimaiyyəti buna alışdırmağa çalışıb. Ümumiyyətlə, Rusiya tarix boyu bizi məhz ermənilərin əli ilə vurub və bu gün də eyni strategiyanı davam etdirməkdədir. Odur ki, nəhayət, rəsmi Moskva yeritməkdə olduğu siyasətiylə Rusiya-Azərbaycan münasibətlərinə ciddi xələl gətirdiyini anlamalı və münaqişənin beynəlxalq hüquqa uyğun, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışmalıdır. Əks halda, Gürcüstan və Ukraynadan sonra Azərbaycan da Rusiya ilə əlaqələrini yenidən gözdən keçirməyə məcbur qalacaq. Bu isə Kremlin Cənubi Qafqazda təsirini heçə endirə bilər.

Vazeh BƏHRAMOĞLU