“Qarabağ” adı bir daha çəkilməsin! – Deputatlar

315

Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Qarabağla bağlı maraqlı təklif irəli sürüb. O, 27 sentyabrda başlayan və 10 noyabrda Ermənistanın tam məğlubiyyəti ilə bitən, nəticədə heç bir status verilməyəcəyi təsdiqlənən “Dağlıq Qarabağ”ın inzibati ərazi vahidi kimi mövcudluğuna de-fakto (de-yure DQMV 1991-ci ildə ləğv edilib – red.) son qoyulduğunu bildirib. Politoloq qeyd edib ki, hazırda beynəlxalq ictimaiyyətdə “Qarabağ” adı gələndə Azərbaycanın 4 rayonunu birləşdirən və təəssüf ki, inzibati-siyasi ərazi vahidi kimi anlaşılan bölgəmiz “sərhədləri ilə” təsəvvürlərdə canlanır. Buna görə də bu adın inzibati-ərazi vahidi kimi işlənməsindən tamamilə imtina etmək lazımdır.

Hurriyyet.org-un məlumatına görə, məsələ ilə bağlı Axar.az-a açıqlama verən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov Dağlıq Qarabağ muxtar vilayətinin 30 il öncə ləğv olunduğunu xatırladıb:

“Əlbəttə ki, bu təklifi dəstəkləyirəm. Azərbaycanda rayonlar 10 iqtisadi rayon üzrə qruplaşdırılıb. İşğaldan azad edilən ərazilərimiz isə iki iqtisadi rayon – Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının tərkib hissələridir. Yuxarı Qarabağ iqtisadi rayonuna Xankəndi, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər və keçmiş Ağdərə rayonu daxildir. Yəni Yuxarı (Dağlıq) Qarabağ deyəndə, iqtisadi rayonumuz göz önünə gəlməlidir ki, bu da hazırkı artıq tarixə qovuşan inzibati ərazi vahidindən tamamilə fərqlidir”.

Millət vəkili Vahid Əhmədov deyib ki, işğaldan azad edilən rayonlarda idarəetmə ilə bağlı məsələlər tədricən öz həllini tapmaqdadır:

“Artıq “Dağlıq Qarabağ” anlayışı de-fakto da yoxdur. Orda 4 rayonumuz var. Bu gün artıq Şuşaya komendant təyin edildi. Hesab edirəm ki, edilən təklif müsbətdir. Bu ərazilər öz adı ilə – Xocavənd rayonu, Xocalı rayonu, Şuşa rayonu, Xankəndi şəhəri və s. adlanmalı və inzibati-ərazi olaraq da bu rayonların adı çəkilməlidir”.

Millət vəkili Aydın Mirzazadə bildirib ki, təklif gələcəkdə yeni konfliktlərin yaranmaması üçün müsbətdir:

“Bölgənin tarixi adı öz qüvvəsində qala bilər. Lakin inzibati ərazi olaraq işğaldan azad edilən torpaqlara ölkənin digər rayonları kimi yanaşmaq lazımdır. Bu yolla qısa zamanda bölgədə həyat əvvəlki axarına düşə bilər”.

Millət vəkili Elman Nəsirov da qeyd edib ki, cənab Prezident öz çıxışında Qarabağda status məsələsinin olmayacağını dəfələrlə vurğulayıb:

“Son zamanlar erməni mətbuatı, eyni zamanda ermənilərə yaxın olan rus mətbuatında heç zaman istinad edilməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnamələrinə istinad göstərilir. Bu, heç də təsadüfi deyil. Çünki bu qətnamələrdə “Dağlıq Qarabağ muxtar vilayəti” sözü işlədilib. Bu mənada ermənilərin indi və gələcəkdə bu kimi iddialarının qarşısını almaq üçün Qarabağ adını inzibati ərazi olaraq ifadələrimizdən çıxarmalıyıq. Azərbaycanın digər regionlarında inzibati bölgü necədirsə, işğaldan azad edilən ərazilərə də eyni münasibət göstərilməlidir. Təklif son siyasi proseslərin fonunda çox zəruridir”.

Millət vəkili Fazil Mustafa da düşünür ki, Qarabağ adı ortadan qaldırılmalıdır:

“İlk başda qəribə səslənsə də, doğru təşəbbüsdür. Mədəni məfhum kimi gündəmdə, yaddaşlarda qala bilər. Lakin Qarabağ adı heç bir halda siyasi məfhum olaraq işlədilməməlidir. Ona görə bu, məntiqli fikirdir. Bizim bu fikri dəstəkləyən yeni təkliflərimiz də var. Sadəcə, müharibə bitəndən sonra bu təkliflər ilə çıxış edəcəyik. Gələcəkdə bir də bənzər siyasi proseslər ilə üzləşməmək üçün Qarabağ adı siyasi inzibati olaraq bir daha çəkilməməlidir”.