“Qarabağ” 2-3 tur qalib gələndən sonra izləyicilərindən aralanacaq”

45
Arif Əsədov “Neftçi”dən gördüyü sürprizdən, “Sabah”la bağlı siqnaldan danışdı

Premyer Liqamızda ikinci dövrə start götürdü. Sport24.az-ın “Mütəxəssis rəyi” rubrikasının budəfəki qonağı Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov VIII turu dəyərləndirib.

– Turla bağlı sizin üçün əsas diqqətçəkən məqam nələr oldu?

– İlk növbədə “Neftçi”nin başqa oyun sistemiylə çıxış etməyi. Adətən öyrəşmişik ki, bu komanda 4 müdafiəçiylə oynayır. Ancaq bu dəfə 3-ü mərkəz olmaqla 5-li müdafiə idi. Oyunlara gəlincə, hansısa bir sensasiya olduğunu deməzdim. Hardasa gözlənilən nəticələr oldu. Sadəcə, “Qarabağ”ın “Keşlə”ni bu hesabla udmağı gözlənilməz oldu.

– “Neftçi”nin müdafiəsində bu dəyişiklik həmin sistemlə oynayan rəqibə görə idi və nə dərəcədə müsbət effekt verdi?

– Bu dəyişiklik sürpriz oldu. Səbəbini dəqiq bilmirəm ki, baş məşqçi Füzuli Məmmədov niyə bu taktiki sxemi seçmişdi. Ola bilər ki, əlindəki “material”a görə, mərkəz müdafiəçilərinin bir neçəsini oynatmaq baxımından bu addımı atdı. Komanda müdafiə baxımından pis görünmədi. Sadəcə, hiss olunurdu ki, hələ bu sistemin üzərində işləmək lazımdı. “Sumqayıt”da isə bu sistem artıq “oturuşub”. Bir neçə ildir belə oynayır və hansısa futbolçunu buraxanda, oyun planında sistemə təsir göstərmir.

– “Neftçi”də hücumçu kimi vinger Namiq Ələsgərov çıxış edirdi. Bəs, bu yerdəyişmə sizin üçün nə dərəcədə gözlənilməz oldu və hansı nəticəni çıxarmağa əsas verdi?

– Əlbəttə, Namiq daha effektli cinahda oynayır. Bu sistem elədi ki, müdafiəçilər çoxaldıqca, ön xətt oyunçularının sayı azalmalıdı. Ola bilər Füzuli müəllim Namiqin son oyunlarda bombardirlik keyfiyyətlərinə görə mərkəz hücumçusu kimi oynamağı daha effektiv sayıb ki, qollarının davamı gəlsin.

– Sönük keçən Sumqayıtdakı oyunda dəqiq vurulmayan penalti daha çox yadda qaldı. Sizcə, “Neftçi”nin qapıçısı Aqil Məmmədov bu gözəl qurtarışıyla miliyə qaytarılmasıyla bağlı bir mesaj verdimi?

– Bundan qabaq “Sumqayıt”da penaltini Rəhim Sadıxov yerinə yetirərək qol vurmuşdu. İndi də zərbəni vurğama daha çox o, inamlı görünə bilərdi. Ancaq Elvin Məmmədov nöqtəyə yaxınlaşdı. Təcrübəli futbolçudu, vura bilməməsi bir daha onu göstərir ki, artıq penaltidən qol vurmaq da 50-50-di. Yəni, daha heç kim deyə bilməz ki, penalti artıq yüzfaizlik qoldu. Nəzər alaq ki, “Sumqayıt” artıq 3-cü penaltini boşa verib bə bu, artıq komanda üçün problemə çevrilib. Belə götürəndə, onlara daha çox oyundan qol vurmaq daha sərfəlidi, nəinki penaltidən. Hiss olunurdu ki, Aqil özünəinamlı idi. Bədən hərəkətləri də var ki, rəqibinə təsir edirdi. Alqışalayiqdi ki, Məmmədov belə güclü, dəqiq zərbəni çıxardı və komandasını məğlubiyyətdən xilas etdi. Milli baxımından gəlincə, hər bir futbolçu nəzarətimizdədi, diqqət mərkəzimizdədi. Aqil də o cümlədən. Çağırıb-çağırmamaq artıq baş məşqçiyə aid olan məsələdi.

– Əli Qurbani zədələnərək xeyli müddətə sıradan çıxıb və milinin qarşıdakı oyunlarına çağırılmayacaq…

– Bu, ilk olaraq “Sumqayıt” üçün böyük itkidi. Komandanın ikinci forvardı yoxdu və hücum potensialı böyük faiz etibarilə azalıb. Çünki Əli elə keyfiyyətlərə malik futbolçu idi ki, rəqib müdafiəsini təkbaşına gərginlikdə saxlayırdı – hava ötürmələrində, topu özündə saxlamaq, ən əsası, cərimə meydanı daxilində son nöqtəni qoymaq baxımından. Harda kiçik bir boşluq olurdu, orda Qurbanini olurdu. Bu sarıdan “Sumqayıt”a onun yoxluğunda çətinlik olacaq. Onu da nəzərə alaq ki, milliləşdirilmiş futbolçu oldu və de Byazi də onu bəyənərək dəvət etmişdi, millinin də onunla bağlı planları bar idi. Amma təəssüf ki, zədə aldı. Təbii ki, bundan heç kim sığortalanmayıb.

– “Zirə” “Səbail”lə matçda favorit sayılsa, evdə oynasa da, qələbə qazana bilməyərək, vacib xallar itirdi. Komandada hücumda problemlər özünü göstərir – son 3 oyunda cəmi 1 qol vurub. Bunu nəylə əlaqələndirərdiniz?

– Təbii ki, “Zirə”də hücumçu problemi hiss olunur. Baxsaq, bu mövqedə Davot Volkov oynadılır, o, bizə “Qəbələ”dən də daha çox sağ cinah yarımmüdafəçisi kimi tanışdı. “Zirə”də irəlidə bəzən rotasiyalar edilir. Hiss olunur ki, bu komandanın sırf hücumçuya ehtiyacı var. Bəli, sizinlə razıyam ki,  “Zirə” bu matçda favorit idi, bundan qabaq lider də olmuşdu. Evdə oynayaraq qalib gəlməyə şansı da var idi. Komandaların oyununa baxsaq, “Zirə” daha çox istəkli idi və bəlkə bu, komandanın əksinə işləyirdi. “Səbail” isə daha rahat oynayırdı, çünki itiriləsi bir şeyi yox idi. Bu baxımdan “Zirə” ötürmə səhvləri olurdu, sonluqda bəzın düzgün qərarlar verilmirdi. Riçard Almeydanın Azərbaycana qayıdışı, Ağalaba Ramazanovun əsas heyətə dönüşü oldu. Hələ hiss olunur ki, tam formada olmasalar da, gələcək oyunlarda “Zirə”nin gücünə güc qata bilərlər. Məlumdu ki, futbolçu bir neçə matç oynamayanda, ona çətindi tez bir zamanda formaya düşmək. Ağabalada bu, özünü göstərir.

– Oyundan sonra mətbuat konfransında “Səbail”in baş məşqçisi Aftandil Hcaıyevin bir çağırışı oldu ki, hücumçusu Rauf Əliyevi milliyə çağırmaq pis olmazdı. Sizcə, Rauf hazırkı formasında millimizə faydalı ola bilərmi?

– Rauf ən üstün cəhətlərindən biri oldu ki, daim meydana çıxanda, nəyi var, onu qoyur, yüz faiz gücüylə oynayır. Mübarizdi, çalışqanlığı var, istəklidi, komandanı arxasınca aparmağı görünür. Bunlar əlindən alınası deyil. Alqışalayiqdi ki, Rauf bu yaşda o keyfiyyətləri özündə saxlayır. Təbii ki, görürsən çatışmazlıqları da olur. Məsələn, birəbirdə lazımı keyfiyyətləri olmur. Milinin heyəti ilə yekun qərarı baş məşqçi verir. Onun öz baxışı var. Hamı kimi, Əliyev də diqqət məkəzindədi. Qurbaninin yoxluğunda yeni hücumçu olaraq kimə seçim ediləcək, bu, artıq baş məşqçinin qərarı olacaq.

– “Qəbələ” ilk qələbəsini yalnız indi qazandı. Sizcə, bu, niyə belə uzun çəkdi?

– De Byaziylə “Qəbələ”nin bir neçə matçında olmuşuq. Həmişə izlədiyimizdə oyunları xoşumuza gəlib. Hər matçda baxımlı futbol göstərib, üstün tərəf olub. Sadəcə, görürsən ki, qələbə olmurdu, ya 1 xalla kifayətlənirdi, ya da uduzurdu. Hiss olunurdu ki, bu komandanın potensialı var, sadəcə. bir qələbə lazımdı ki, özünəinam gəlsin. Fikrimcə, bu qələbə “Qəbələ”yə çox vacib idi ki, gələcək oyunlarda komanda daha inamlı olsun. Baş məşqçi Elmar Baxşıyev də hər matçdan sonra bildirdi ki, öz komandasına inanır və qələbənin gələcəyini görür. Bu qələbə də gəldi və növbəti oyunlarda onlar üçün böyük kömək olacaq.

– Ardıcıl 5-ci, ümumilikdı 6-cı məğlubiyyətini alan “Sabah”. Yaxşı heyəti olan bu komandanın uğursuzluğunun əsas səbəbini nədə görürsünüz?

– Bu qədər ardıcıl məğlubiyyət komandanın daxilində hansına problemlərin olduğuna siqnaldı. Ola bilər ki, 1-2 oyun uduzasan, sonra qələbə qazanasan. Burda başa düşmək olar ki, bəzi nüansların təsiri mümkündü. Amma 5 oyun dalbadal uduzmaq – bu, artıq qlobal bir problemin olduğunu göstərir. Hiss olunur ki, futbolçular potensiallarından aşağı çıxış edirlər. Bu da ümumi komandaya təsir göstərir. Kimisə demək olmaz ki, bu futbolçu oyun səviyyəsini azaldıb, kimisə artırıb. “Sabah”da komanda şəklində eniş var. Təbii ki, daxildə nə baş verdiyini bilmirik.

– “Sabah”da milli üzvləri olan Bəhlul Mustazadəylə Təmkin Xəlilzadə 1 aya yaxındı oynamırlar. Vəziyyətləriylə maraqlanmısınız?

– Təbii ki, bütün milli futbolçularıyla məşqçilər maraqlanırlar. Hansılarda zədələr olanda, həkimlər də klublarla əlaqədə olurlar və aldıqları informasiyaları baş məşqçiyə çatdırırlar. Hər ikisinin oynamaması sırf zədələrlə bağlıdı. Bildiyiniz kimi., Bəhlulun millinin son matçında zədəsi oldu və əvəzləndi. Gələndən sonra da bununla bağlı problemi oldu. Həkim də bizə dedi ki, uzunmüddətli zədəyə oxşayır. Təmkində də problem eynidi. Ancaq son vaxtlar tam gücüylə komandayla məşq edir. İnşallah, milliöncəsi son tura baxaq, yəqin ki, meydana çıxar. Təbii ki, biz də istərdik milli futbolçularımız oynasın.

– “Keşlə”nin 1:6 hesabıyla yenilməsi nəyin nəticəsidi və sizcə, bu komanda qısa müddətdə özünə gələcəkmi?

– Buraxdığı ilk qol kuryoz oldu və sonrakı gedişata öz təsirini göstərdi. Belə matçlarda 12-ci dəqiqədə 0:2 uduzursan, özü də rəqib “Qarabağ”dı. Gərək komanda o gücdə olsun ki, oyunu çevirərək qələbə çalsın. Bəli, “Keşlə” 1 qol vurdu, oyunu bərabərləşdirdi. Amma müdafiələrində olan boşluqlar çox gözə dəyərdi. “Qarabağ”ın demək olar bütün hücumları təhlükəli idi. Müdafiəndə boşluğun olması hücumdakıları da gərginlikdə saxlayır. Futbolda belə hesablar da olur. Hesab edirəm ki, baş məşqçi Yunis Hüseynov bu vəziyyətdə komandanı çıxarmaq gücündədi. Psixoloki duruma qaydasına salacaq ki, növbəti oyunlardan bu uğursuzluğun əvəzini çıxsın.

– Hazırda iki “cəhbə”də çıxış edən “Qarabağ” necə təsir bağışlayır?

– “Qarabağ”da o proses gedir ki, artıq iki heyət formalaşdırır baş məşqçi Qurban Qurbanov. Bir heyət beynəlxalq oyunlarda çıxış edir, digəri yerli çempionatda. Qurban müəllim heyətdə rotasiyalar edir. dəqiqələr baxımından elə edir ki, hamıya eyni güc düşsün. Fikrimcə, “Qarabağ” yavaş-yavaş istədiyi formanı alacaq.

– Sizcə, “Qarabağ” bu darmadağınla rəqiblərinə göstərdi ki, yenə çempionluğu əldən buraxmayacaq, yoxsa sıx qrafikdə yenə büdrəmələrinin olacağını gözləyirsiniz?

– Belə olacağını düşünmürəm. Komandalar gərək vaxtında “Qarabağ”ın büdrəmələrindən istifadə edərdi. Çünki ilk dövrədə çoxlu xal itirdi və kim ki çempionluğa oynayırdı, bundan yararlanmalı idi. Amma edə bilmədilər. Əksinə, özləri də xal itirdilər və “Qarabağ” balansı qorudu. Məncə, Qurban Qurbanovun komandası 2-3 tur qalib gələndən sonra izləyicilərindən aralanacaq. Yenə də “Qarabağ”ı çempionluğa əsas favorit görürəm.