“Qapıya xanımını göndərmək Azərbaycan kişisinə yaraşan davranış deyil” – Fəzail Ağamalı

339

“Hələ də dünyanı narahat edən və özünün gətirdiyi faciələrlə hər birimizdə böyük narahatçılıq doğuran koronovirus pandemiyası təəssüflər olsun ki, Azərbaycanda da ağır nəticələr verməkdədir. Dəfələrlə söylədiyimiz kimi, bir daha təkrar edirəm Azərbaycan dövləti bununla bağlı özündən asılı olan bütün mümkün olan tədbirləri yüksək səviyyədə həyata keçirib və keçirməkdə davam edir”.

 

Bu fikirləri açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

 

F.Ağamalı deyib ki, Azərbaycanın koronovirusa qarşı mübarizə təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən dəfələrlə təqdir olunub və yüksək qiymətləndirilib: “Azərbaycan dövləti təkcə ölkəmizdə deyil, eyni zamanda ehtiyacı olan 29 ölkəyə yardım əlini uzatmaqdadı. Əminəm ki, bundan sonra da bu proses davam edəcək. Lakin təəssüf edirəm ki, siyasi dəllallar yaranmış ağır durumda belə ən müxtəlif şəkildə Azərbaycana qarşı qarayaxmalarını davam etdirirlər. Bunun bir hissəsi xaricdə oturan və anti-Azərbaycan qüvvələrinə xidmət edən satqınlardır. Digərləri isə Bakıda özünü “siyasətçi” qiyafəsində təqdim edərək, görülən işlərə kölgə salmağa və əldə olunan uğurları ictimai rəydə gözdən salmağa çalışırlar. Bu siyasi dəllallar yaranmış stiuasiyadan öz məkrli məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir, timsah davranışları ilə özlərini ifadə edirlər”.

 

İyunun 8-də Yasamal rayonu ərazisində bir qrup sakinlə polis arasında yaşanan insidentə də toxunan deputat həmin hadisəni təxribat adlandırıb: “Təəssüf doğuran digər məsələ iyunun 8-də vətəndaşlardan biri sərt karantin rejiminin tələblərinə əməl etmədiyinə görə polis əməkdaşları tərəfindən evinə qayıtması xahiş edilir və təkidli tələblərə məhəl qoyamayan həmin vətəndaş polisə müqavimət göstərməyə başlayır. Vəziyyəti hündürmərtəbəli binadan müşahidə edən səviyyəsiz və düşüncəsi aşağı olan insanlar polis əməkdaşlarının başlarına zibillər yağdırır, butulkalarla xəsarət yetirirlər. Əslində binanın sakinləri vətəndaşları xəstəlikdən qoruyan, onların gecələr rahat yatmasını təmin edən, küçələrdə sərbəst şəkildə gəzməsinə imkan yaradan, müstəqilliyimiz uğrunda şəhid verən, qan tökən və indiyədək Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında ciddi yeri və rolu olan, koronovirus dövründə böyük fədəkarlıq və əzm göstərən polislərimizə bu cür münasibət göstərməli deyildilər. Əgər sakinlər nədənsə narazı idilərsə, “102” xidmətinə zəng vurub həmin polis nəfərləri haqqında məlumat verə bilərdilər.

 

Çox təəssüf ki, belə sivil davranış olmadı. Yaranmış situasiyaya təbii olaraq Daxili İşlər Naziri biganə qala bilməzdi. Ona görə də polis üzərinə zibil və müxtəlif əşyalar yağdıranlar müəyyənləşdirildikdən sonra məhkəmənin qərarı ilə həmin adamların barəsində hüquqi addımlar atıldı. Polis tərəfindən bu addım atılır, həmin vətəndaşın qapısı döyülür, qapıya qadın çıxır. Polisi qarşılamaq əvəzinə, yorğan-döşəkdə gizlənib, qapıya xanımını göndərmək, qadının arxasında gizlənmək Azərbaycan kişisinə yaraşan davranış deyil. Burada təxribat məqamları da ola bilər.

 

Təsadüfi deyil ki, həmin hadisədən dərhal sonra siyasət dəllaları, xaricdə oturan milli satqınlar və Avropa Şurasında Azərbaycan əleyhinə böhtan yağdıranlar eyni platformadan çıxış edir. Niyyət, Azərbaycan polisini gözdən salmaq, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, cəmiyyətdə polisə qarşı nifrət toxumu səpmək və insanların fikirləri üzərində manupulyasiya apararaq, ölkəni xaosa sürükləmək. İstisna etmirəm ki, bu, ölkə Prezidenti tərəfindən Daxili İşlər Naziri təyin edildikdən  sonra özünün yüksək peşəkarlığı, şəffaf fəaliyyəti, Daxili İşlər Nazirliyinin fəaliyyətini daha yüksək səviyyədə qurmaq vəzifəsini hədəfləyən və bu yolda uğurlu addımlar atan Vilayət Eyvazova qarşı təxribat da ola bilər.

 

Bu gün Azərbaycan polisinin başına zibil tökənlər Azərbaycan dövlətinin varlığına  külüng çalanlardır. Ancaq onlar böyük səhvə yol verirlər. Bu gün Azərbaycan xalqı ölkə Prezidenti ilə bərabərdir və polis də bu xalqa və dövlətə yüksək səviyyədə xidmət etməkdədir”.

 

F.Ağamalı təklif edib ki, “Alov Qüllələrin”də Azərbaycan polisinin fədakarlığı nümayiş etdirilsin: “Pandemiya dövründə fədəkarlıq göstərən tibb işçilərimizin şərəfinə Bakıdakı “Alov qüllələri”ndə görüntülər yayımlanır. Bu, ölkə Prezidentinin təşəbbüsü ilə böyük alqışa layiq hadisə kimi xalqımızda rəğbət qazandırıb. Təklif edərdim ki, pandemiya dövründə tibb işçilərimiz qədər böyük fədəkarlıq göstərən, saatlarla ayaq üstündə, yüksək peşəkarlıqla xalqımız arasında təmkinlə, yüksək mədəniyyətlə maarifləndirmə işi aparan, Operativ Qərargahın qəbul etdiyi qaydalara məhəl qoymayan, ipə-sapa yatmayan insanların və bəzi pozucu qüvvələrin qarşısını almaqda polisimiz xüsusi əzm nümayiş etdirən polisimizin də şərəfinə “Alov qüllələri”ndə görünütləri yayılsın. Bu, Azərbaycan xalqının polisimizə olan böyük rəğbətinin və diqqətinin ifadəsi olardı”. \\Demokrat.az