Qapalı məkanlarda maska taxmaq məcburi oldu

21

Vətəndaş qəbulu həyata keçirilən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər hazılanıb.
Hurriyyet.org-un məlumatına görə, sənəd vətəndaş qəbulu həyata keçirən qurumların (ASAN xidmət və DOST mərkəzləri, vətəndaş qəbulu ilə məşğul olan qurumlar və s.) işçilərinin və müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırmaların faktlarına əsaslanaraq tərtib olunub.

İnsanların sıx toplandığı digər ictimai yerlərdə olduğu kimi, vətəndaş qəbulu həyata keçirən qurum mərkəzlərində yoluxma ehtimalı yüksəkdir. Müraciət edən vətəndaşlar öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətdə olurlar. Xidmət mərkəzlərinin hər bir heyət üzvü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə, (əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, burun və ağıza toxunmamaq, tənəffüs gigiyenasına riayət etmək) və xəstəliyə uyğun simptomlar varsa evdə qalaraq, tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidir.

Aşağıdakı şərtlər təmin olunmalıdır:

Müraciət edən vətəndaşları məlumatlandırmaq məqsədilə infoqrafların müəssisənin giriş-çıxış qapılarında və rahat görünən digər yerlərdə asılması və hər bir vətəndaşa təqdim olunması;

COVID-19 xəstəliyi ilə bağlı xüsusi karantin rejimi bitənə qədər əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə elektron növbə sisteminin tətbiq edilməsi və müəssisənin fəaliyyətdə olduğu saatlarda insanların sosial məsafə saxlaması (2 metrdən az olmamaq şərti ilə);

Vətəndaş qəbulu həyata keçirən qurum mərkəzlərində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, tibbi maska və həmçinin dezinfeksiya məhlulundan istifadə etmələri;

Müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması;

Zalların və otaqların mütəmadi havalandırılması;

Təmizlik və dezinfeksiya işlərinin bu metodiki göstərişlərdə qeyd edilənlərə uyğun olaraq həyata keçirilməsinin təşkili;

Dezinfeksiyaedicidən istifadəetmək üçün müəssisə qurğularla təmin olunmalıdır;

İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;

İşçi heyətinin sağlamlığından əmin olunması, heyət arasında xəstə işçilərin evdə qalması ilə bağlı maarifləndirmənin həyata keçirilməsi;

Müəssisədə daxili rabitə qovşağı vasitəsilə müntəzəm olaraq vətəndaşların koronavirus infeksiyasının profilaktikası üzrə metodiki göstərişlər barədə məlumatlandırılması təmin edilməlidir.

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri müəssisənin xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə (giriş-çıxış, zallar və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;

Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;

Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir. Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;

Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir. Vətəndaş qəbulu həyata keçirən qurumlarda dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Şəxsi əşyaların və sənədlərin saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

Ödəniş və digər terminalları (spirt tərkibli məhlul və ya digər).

İşçi heyət gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır;

Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla və vətəndaşdan qəbul edilən sənədlərlə təmasdan sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;  Tibbi maskalar iş növbələri arasında dəyişdirilməlidir;

Qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir.

İş zamanı özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir.