“Qanunvericilik torpaq payı olanları işsiz saymır” – Rövşən Ağayev

426

“Azərbaycanın məşğulluq və sığorta qanunvericiliyi yalnız əmək müqavilələrilə işləyənləri işsizlikdən sığortalayır. Bizdə iqtisadi fəal əhalinin hər 3 nəfərindən yalnız 1-i əmək müqaviləsilə çalışır. Bu o deməkdir ki, iqtisadi fəal əhalinin 70%-ə qədəri istənilən böhran situasiyasında sosial risk altındadır”.

 

Bunu iqtisadçı Rövşən Ağayev deyib.

 

O bildirib ki, Beynəlxalq Əmək Təşkilatının hazırladığı qlobal sosial müdafiə hesabatına görə, Azərbaycan dünyada işsizlikdən sığorta ilə ən məhdud səviyyədə əhatə olunan ölkələr sırasındadır: “Hesabata görə, ölkəmizdə potensial işsizlərin ən yaxşı halda 2-3%-i işsizlik müavinəti ala bilir. İnkişaf etmiş ölkələrdə həmin göstərici 60%-dən aşağı deyil.

 

Azərbaycanda problem yalnız işsizliyin etibarlı ölçü sisteminin olmamasından qaynaqlanmır. Əsas problem hüquqidir. Yuxarıda qeyd etdiyim kimi, qanunvericlik yalnız əmək müqavailəsi əsasında çalışan əmək qabiliyyətli insanları sığortalayır.

 

Vergi Məcəlləsinin 220.5 və 220.10-cu maddələrilə sadələşdirilmiş vergi ödəyiciləri olan bir sıra fəaliyyətlər həm gəlir əldə etmə, həm sosial risk səviyyəsinə, həm də fəaliyyətin xarakterinə görə muzdlu fəaliyyətə yaxındırlar və onların işsizlik sığortasından kənarda saxlanaması xeyli sayda əmək qabiliyyətli insanı iqtisadi böhranlar zamanı sosial cəhətdən müdafiəsiz saxlayır. Onların sərbəst peşə sahibləri statusu alıb işsılik sığortasına cəlbi vacibdir.

 

Bura çəkməçi, pinəçi, fərdi foto və audio-video xidmətləri göstərənlər, saatsaz, televizor, soyuducu və digər məişət cihazlarının təmir edənlər, ev qulluqçuları, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə və fərdi sürücülər, bağban, aşbaz, gözətçi və ofisiantlar, dərzilər və sair daxildir”.

 

Analitik qeyd edib ki, məşğulluq qanunvericliyi torpaq payı olanları işsiz saymır və işsizlik sığortasının əhatəsinə daxil etmir: “Halbuki 4 nəfərlik ailə üçün 1 hektar torpaq heç yaşayış minimumu səviyyəsində gəlir əldə etməyə imkan vemir. Torpağın sahəsinə fərq qoymadan bütün torpaq payı alan kənd əhalisini ucdantutma məşğul saymaq bir ayrı ciddi iqtisadi problemdir.

 

Hətta bu məqamı kənara qoysaq, birdən hansısa səbəbdən həmin torpaq ailənin əlindən çıxdı, o zaman işsizlik sığortası olmayan bu insanlar nəyə görə avtomatik işsizlikdən sığortalanmasınlar?!” \\Pravda