“Qanunlara məhəl qoymayan məmurlara qarşı görülən tədbirlər davamlı olmalıdır” – Yunus Oğuz

6

“Hətta aztəminatlı vətəndaşların cibinə girməkdən belə çəkinməyən icra başçıları əvvəl-axır qanun qarşısında cavab verəcəklər”.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə hakimiyyətinin rüşvətxor məmurlara, xüsusilə, fəaliyyətində ciddi qanunsuzluqlara yol verən bir sıra rayon icra başçılarının vəzifələrindən götürülərək, cinayət məsuliyyətinə cəlb edilmələrinə münasibət bildirən Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz deyib.

“Dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin davamlı olması arzuediləndir. İnsanların rahatlığını təmin etməyən, onların problemlərinin həllinə yardım göstərməyən, hətta aztəminatlı vətəndaşların cibinə girməkdən belə çəkinməyən icra başçıları və onların nümayəndələri əvvəl-axır qanun qarşısında cavab verəcəklər.

Vətəndaşların problemləri ilə nəinki maraqlanmayan, hətta onlara əlavə çətinliklər yaradan məmurlar insaları təkcə prezidentdən yox, dövlətdən də narazı salırlar.
Düşünürəm ki, bu yöndə atılan addımlar düzgündür. Hər kəs bilməlidir ki, xalqın nökəri xalqa nifrət etməməlidir, xalqı başının üstündə tutmalıdır. Öz vəzifəsindən sui-istifadə edənlər isə ifşa olunan məmurlardan ibrət götürməlidirlər”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirəsalınmaz qərarlar ölkəmizin həmin bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır.

Ancaq dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda, dövlətçiliyə, xalqa əks mövqedə duran insanlar var. Onlar ölkəmizdə pandemiya dövründə aparılan sosial dəstək siyasətinə qarşı hüquqa və mənəviyyata sığmayan hərəkətlər ediblər.

Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama ittihamları ilə həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon icra hakimiyyətlərinin başçılarının taleyindən nəticə çıxarmayan növbəti şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır.

Prezident İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqlar verib. Buna baxmayaraq, Biləsuvarın icra başçısı dövlətin mənafeyinə ciddi zərbə vurub, pandemiya dövründə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəyib.

Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar.