Qafqazda yeni dönəm

153

İkinci Qarabağ müharibəsindən sonra regionda güclərin təsir imkanları daha fərqli məcrada inkişaf etməyə başlamışdır. Qafqazı daim təsir altında saxlamaq istəyən Rusiyanın “parçala və hökm sür” ( təhdid) siyasəti iflas mərhələsindədir.

Rusiyanın Osetiya və Abxaziyada rolu Gürcüstanı bu ölkəyə dost olmayan qonşu münasibətləri sərgiləməyə vadar etdi. Rusiya “rəngli inqilab”dan sonra Qərbin Gürcüstanda möhkəmlənə biləcək ehtimallarından qorxaraq, müxtəlif bəhanə ilə Gurcustan ərazisinə girib, orada mövqelərini müvəqqəti də olsa, saxlaya bildi. Amma bu regionda mövcudluğu yerli əhalinin kəskin etirazı ilə nəticələndiyindən, etibarlı qonşu statusunu itirdi.

Sovetlər birliyinin süqutundan sonra müstəqil olmaq imkanları əldə edən respublikalarda öz təsirini saxlamaq istəyən Rusiya dolayı yolla münaqişə törədən tərəfə çevrilərək, bu münaqişələrdən istifadə etməyə başladı. Məsələn, siyası alətlər vasitəsilə bu ölkələrdə seçki prosesinə təsir edib, hakimiyyətləri öz istəklərinə uyğun formalaşdırmaq yolu tutaraq, Qərbin Qafqaza girişinə əngəl olmaq istədi. Elə bu siyasətin nəticəsidir ki, Qafqazda Qarabağ adlı problem formalaşmışdı.

27 illik problemi həll etmək, torpaqlarını işğaldan azad etmək istəyən Azərbaycan öz etibarlı müttəfiqi Türkiyə ilə 2-ci Qarabağ savaşına başlayanda, Rusiya yeni nüfuz sahibinin regiona girişinə maneə yaratmaq istədi. Zatən Türkiyə bir sıra iqtisadi layihələrdə iştirak edərək, Gürcüstan və Azərbaycanda etibarlı tərəfdaş statusunu qazanmişdı. Rusiyanın həm Ermənistanda Qərbin təsir etmək istədiyi hakimiyyəti öz təsirinə salmaq, həm də Türkiyəni regiona buraxmamaq üçün apardığı oyunda mütləq Qafqaza yenidən girmək imkanları axtardığı açıq-aşkar görünürdü.

2-ci Qarabağ müharibəsinin yekunlaşmağa doğru getdiyi dönəmdə təzyiqləri artırıb, sülhməramlılar kontekstində ilkin olaraq oyunun birinci mərhələsindən uduşlu çıxmaq istəyərək, siyasi şahmat oyununun növbəti addımları üçün vaxt qazanmaq şansını əldən vermədi. Rusiyanın mövcud iqtisadi və sosial vəziyyəti ürəkaçan olmadığından, yaxın perspektivdə öz hegemonluğunu qoruyub-saxlamaq üçün imkanları məhdud görünür. Nəzərə alaq ki, Rusiya öz qonşuluğunda olan Ukrayna, Gürcüstan, Moldova, Latviya, Estoniya, Litva, Polşa, Azərbaycan ilə xoş olmayan munasibətlərdədir.

Rusiya Qafqazda yeganə təsir mexanizmi kimi istifadə etdiyi Ermənistanda mövcud hakimiyyəti ya öz diqtəsinə uyğun hala gətirmək, ya da tam rusmeylli hakimiyyət ilə əvəzləməyi yaxın dönəmdə vəzifəsi kimi dəyərləndirir. Rusiya məğlub olan Ermənistanda anti-Rusiya tendensiyasının qarşısını yaxın perspektivdə almaq iqtidarında olmayacaq. Qərb fürsətdən istifadə edib, bu və ya digər şəkildə (qaçqınlar və s. yardim adı ilə) Ermənistana maliyyə yardımları edərək, Qərb institutlarının daha möhkəmlənməsi üçün şərait yaradacaq.

2-ci Qarabağ müharibəsinin yekunu olaraq imzalanmış sənədin icrasının tam şəkildə həyata keçirilməsi regionda strateji baxımdan infrastruktur layihələrinin mövcudluğuna gətirib çıxardacaq ki, bu da Rusiyasız Qafqaz regionunu formalaşdıra bilər.

Rəşid MANSUR