Qadına qarşı quldurluq edən sürücü və sərnişin saxlanıldı

60

Abşeronda qadına qarşı quldurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə  müraciət edən Xırdalan şəhər sakini Ş.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini S.Mehralıyev və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.