“Qadağalar, cərimələr rüşvətxorluğun artımına gətirib çıxara bilər” – QUBAD İBADOĞLU

156

“Virus vergisinin toplanması başa çatmamış aprelin 5-dən virus cərimələri gəlir. Belə ki, 17 mart 2020-ci ildə İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə görə, karantin rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Hüquqi şəxslərlərə gəlincə, onlar da 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər. Yəqin ki, aprelin 5-dən tətbiqinə başlanacaq bu cərimələrin də 25 faizi stimullaşdırma fonduna yönəldilər. Bu da daha çox cərimə yazılmasına gətirib çıxaracaq. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu qeyd edib.

“Getdikcə koronavirus məhbuslarının sayı artacaq”

Q. İbadoğlu diqqətə çatdırıb ki, bununla yanaşı, 17 mart 2020-ci ildə Cinayət Məcəlləsində də bununla bağlı müvafiq dəyişikliklər edilib: “Həmin dəyişikliklərə görə, karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda 2500 manatda 5000 manatadək cərimə, yaxud 2 ilədək, bu hal başqasının ölümü ilə nəticələnərsə, onda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Deməli, getdikcə koronavirus məhbuslarının sayı artacaq. Fikirləşirəm ki, bəxtimiz gətirib ki, Avropa Şurasına üzv ölkə olduğumuza görə, Azərbaycanda ölüm hökmü ləğv olunub”.

Q. İbadoğlu hesab edir ki, belə qadağalar, cərimələr rüşvətxorluğun artımına gətirib çıxara bilər: “Odur ki, soruşmaq istərdim, sizcə, maarifləndirmə yolu ilə əhalinin karantin rejiminin qaydalarına əməl etməsinə nail ola bilərikmi?”

Şamo EMİN, Hurriyyet.org