Qərbi Azərbaycanın qədim, coğrafi yerləri

420

Göyçə gölünün əhatəsi boyunca yaşayan müsəlmantürk kəndləri

Fəal tektonik dağ əmələgəlmə proseslərinin intensivliyi ilə fərqlənən Pəmbək, Göyçə, Basarkeçər və Gəyən dağ silsilələrininin əhatəsində yerləşən Qərbi Azərbaycanın ən hündür (1926 m) dağ gölü Göyçə və ona bitişik ətrafı e.ə.  III-II minilliklərdə qədim yaşayış yerlərinin (Toğluca, Pəmbək, Cil, Ağbulaq,  Ərdəniş, Babacan…) paylanması və etno-morfoloji genezisi türk mənşəli toponimlərlə ifadə olunmuşdur.

Qərbi Azərbaycanın Göyçə gölü ətrafının landşaftı, relyef formaları, ümumilikdə təbii-coğrafi şəraiti yüksək dağ iqliminin təsiri və Alp-Himalay qurşağının geoloji-tektonik strukturlarının müxtəlifliyinə və rəngarənrəngliyinə görə hündürlük üzrə dəyişilərək əsrarəngiz lövhələr əmələ gətirmişdir.

Göyçə gölünün şərq hissəsi ilə (400-500 m orta hündürlüklü düzən sahələr, eləcə də Şərqi Göyçə silsiləsi ilə) zəncirvari Şahdağ və Keçəldağ dağları arasında quru düzənliklər, yüksəkliklər, yaylalar, çayarası dərələr, meşə örtüyü və subalp və alp çəmənlikləri geniş sahələr tutmaqla, həm də Tovuz, Gədəbəy, Daşkəsən  və Kəlbəcər rayonları ilə əlaqə yaratmaqda “təbii körpü” rolunu oynamışdır.

Eləcə də, gölün şərq hissəsini tutan bu ərazilər şimal-qərbdən cənub-şərqə doğru Dilican vadisi ilə Basarkeçər-Söyüdlü mahalı arasında qədim tarixi-coğrafi keçmişimizi də qoruyub saxlamaqdadır.

İnzibati-ərazi bölgüsünə uyğun olaraq, Göyçə gölünü şərq hissəsi iki nahiyəni – Çəmbərək və Basarkeçər – əhatə edirdi, onların sərhəddi Cil və Babacan kəndlərinin arasından keçirdi.

Gölün Dilican vadisi yaxınlığında, Pəmbək və Soyuqbulaq dağlarının ətəyində yerləşən Toxluca kəndi göldən 3-4 km aralıdır. Kənddən 7-8 km şimal-şərqə tərəf 2743 m hündürlükdə mənbəyi olan Toxluca çayına Çaldaş dağından və Düzyurd aşırımından başlanan xırda çaylar da (Çaldaş dağından 3-4 km cənub-şərqdə ucalan Qorquddağdan (2740 m) başlayan Gözəldərə çayı…) qovuşur, sonda ümumən bu çaylar Göyçə gölünə tökülür.

Düzyurd aşrımının şimal-şərqindən axan Qaraqoyunlu çayı Əmirxeyir kəndindən keçərək Toxluca çayına sağdan qovuşur. Bu kənddən 3-4 km cənub-şərqə tərəf Cantəpə dağı (2427 m) ucalır.

Birbaşa tökülən çaylardan biri də Toxluca və Ağbulaq kəndləri arasından axan Cələçaydır. Ağbulaq kəndi Böyük Yal dağının  (2631 m) ətəyində, göldən 3 km aralıdır. Bu kənddən cənuba doğru, gölün lap kənarında Şorca kəndi salınıb, Adatəpə yarımadasına bitişik, aralarına Çatırdüzü düşüb.

Yarımadanın qərbində Üçdaş burnu “yuyulur”, hüdudunda isə tektonik-vulkanogen mənşəli Adatəpə (2400 m), Şişgüney (2304 m), Çətindərə (2126 m) və Qaraman dağları (1998 m) ucalır, ərazidə yayda quruyan, əsasən yağış və yeraltı sularla qidalanan  Ortagüney və Şeytangüney çayları axır.

Pəmbək dağlarının cənub ətəklərindən Şişqaya kəndinədək (Basarkeçər silsiləsinədək) gölətrafı alçaq-tərəlikli düzənlik-təpəlik sahələr (Toxluca-Qızılkənd-Sadanaxaç kəndləri boyunca) həm də  otlaq-örüş və dəmyə əkin yerləri kimi böyük təsərrüfat əhəmiyyətinə malikdir.

Ağbulaq kəndinin cənub-şərqində, 7-8 km aralıda Sarıbaş dağı (2442 m) ucalır, ətrafında qış-yurd yerləri paylanmışdı. Bu kənddən 2 km cənuba tərəf, gölün kənarındakı Şorca kəndinin də ətrafı  otlaq-örüş yerləri kimi əhəmiyyətli idi.

Bunları nəzərə alaraq, 1956-cı ildə Qərbi Azərbaycanda ilk olaraq mərkəzi  Çəmbərək nahiyəsinin Toxluca kəndində yerləşən elmi-tədqiqat və təsərrüfat təmayüllü Dövlət Damazlıq-Cins qoyunçuluq (heyvandarlıq) birliyi yaradılmışdır. Bu mərkəz Rusiya Federasiyasının Stavropol diyarının müvafiq elmi-tədqiqat və dövlət müəssisələri ilə əlaqələr yaratmış və yüksək cinsli heyvanlar yetişdirmişdir. Belə ki, artıq 1970-ci illərdə bu mərkəzdə yüksək məhsulvermə qabiliyyətli 25 min başa yaxın xırda buynuzlu davar və 3200 baş mal-qara saxlanılırdı (dövət təsrrüfatlarında “Merinos”, fərdi təsrrüfatlarda “Balbas”cinsinə üstünlük verilirdi).

Nahiyənin Əmirxeyir, Ağbulaq, Pəmbək, Dərəkənd… kəndlərini əhatə edən orta və yüksək hündürlüklü dağ silsilələrinin yay otlaqları güllü-çiçəkli ot örtüyünün növ zənginliyinə görə fərlənməsi həm də təbii yem bazasının əhəmiyyətini xeyli dərəcədə artırmışdır. Həmin yaylaqlar ümumilikdə Dilican-Baçarkeçər mahalının qədim oğuz yurd yerləri kimi bu günümüzədək türkdilli antro, oro və hidrotoponimlərin, xristianlığa qədərki və əski Alban mədəniyyəti daş-maddi abidələrinin geniş yayaıldığını da bir daha sübut etməkdədir.

XIX əsrin 40-50-ci illərində Gümrü şəhərinə və ətrafına Osmanlı türkiyəsinin Qars, Ərzurum və İqdır vilayətlərindən ibtidai hay sürüsünün köçürülməsi ilə yaxınlığdakı (3-4 km aralıda) Pəmbək kəndinin türk mənşəli ailələri köçməyə məcbur olmuş və indiki Pəmbək kəndində məskunlaşmağa məcbur olmuşlar, köhnə kəndləri artıq Gümrü şəhərinə bitişikdir.

1988-ci ilədək Pəmbək kəndində 360 ailə yaşayıb.

Pəmbək kəndinin üst hissəsində, şimal-şərqdə, Dərəkənd kəndinə tərəf qədim Alban qəbirstanlığı salınmışdı, orda qoç, at, buğa təsvirli qəbir daşları üstünlük təşkil edirdi. “Daraman qayası”ndan keçib Mollabulağının (bu bulağın suyu o qədr gur axırdı ki, birbaşa Göyçə gölünə tökülürdü) üstündən ötüb Dərəkənd kəndindən (40-50 ev olardı) keçib (Keçəkdağ silsiləsi boyunca) Gədəbəy rayonunun Mutudərə, Arıqıran kəndlərinə çatmaq olur (Pəmbək kəndindən 20 km-lik məsafədə). Bu hissədə yayılan “Orucoğlu”, “İsti dərə”, “Turşsu yaylağı”, “Çayqarışan”, “Sənəmin yurdu”, “Əmir Əhməd yurdu”, “İskəndər yurdu”, “Murtuzəli yurdu”, “Xonçalı yurdu” (40 hektar sahədə biçənək yeri ilə yanaşı taxıl-arpa əkilirdi), “Səməd yurdu”…yaylaqlar həm də əski yurd-ocaq yerləri, mövsümü yaşayış məskənləri olmuşdur. Yurd yerlərinin kalafaları 1960-1970-ci illərədək qalırdı.

Bu yaylaqlardan qonşu Qazax, Ağstafa, Tovuz, Şəmkir… nahiyələrinin tərəkəmə elatı yayda istifadə edib, qışda isə Ceyrançöl düzünə köçürlərmiş.

Həmin yerlərlə bağlı xalqımızın milli-mənvi irs nümunələri yaddaşlarda indi də qorunub-saxlanılmaqdadır.

Pəmbək kəndinin 2 km-dəki “Səməd yurdu”nun sahibi olmuş Səməd ağa haqqında bir el deyimində bildirilir ki, yaylaqda biçin vaxtı Ağa günorta yeməyinə bir heyvan kəsdirir, asdırır binədə ki, biçinçilərin  naharı dadlı-yağlı olsun. İməciliyə gələnlər də, Ağanın səxavətindən və mərhəmətindən istifadə edib nahardan sonra işləmirlər, aralarından bir ötkəmi olan deyir ki, Ağanı razı salmaq mənlikdır. Elə də olur, axşamtərəfi Səməd ağa gəlir, görür ki, biçinçilər uzanıb, sərin, bum-buz bulaq suyundan içib dincəlməkdədir və səbəbini soruşur. “Ötkəm” biçinçi üzünü tutur Ağaya ki, qul xətasız, Ağa kərəmsiz olmaz, hər gün Ağa sən oldun, bu gün də mən oldum…

Səməd ağa aqil idi, əmin idi ki, onsuz da işi başa vurmamış biçinçilər burdan gedəsi deyillər ki…

Göyçə gölünün əhatəsi boyunca yaşayan kökənli müsəlman-türk kəndlərinin qiymətli əkin, örüş yerlərində 1975-1977-ci illərdə göldən 30-50 m aralıda, eni  1 km olan (bütünlüklə gölü əhatə edən) meşə zolağı salında, həmin kəndlərin qüvvəsi hesabına, həm meyvə ağacları (ərik, alma,qoz, iydə, çaytikanı…), həm də digər meşə ağacları (xan çinar, şam, qaraağac, akasiya…) əkməklə.

İndi həmin zolaqda haylar istirahət-sanatoriya zonası, göl rekreasiya mərkəzləri… yaratmış, beynəlxalq turizm əhəmiyyətli mərkəzə çevirmişlər.

Amma Qərbi Azərbaycanın təbii-coğrafi zənginliyi bununla bitmir, əlvə bilgilərlə növbəti yazılarımızda.

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi 

Müəllifdən: Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Pəmbək kənd sakini Bəymalı Gülmalı oğlunun (1950) fikirlərindən istifadə olunub.