“Qərbi Azərbaycanı urvatdan salmayın!” – ELDAR SABİROĞLU

153

Nöqtə qoymağın vaxtıdır. Nə qədər qərbi azərbaycanlı deyib o yurdun şitini-duzunu çıxaracağıq. Hərə bir təşkilat yaradır, yəqin arxasında da kimsə durur, başlayırlar didişməyə. Həm bölgənin insanlarını üz-üzə qoyub düşmən edirlər, həm də birisi “dərin” ağlı ilə meydana çıxıb qərbi azərbaycanlılar Azərbaycan xalqının avanqardıdır deyə sərsəm fikir səsləndirərək millətin içərisinə nifaq toxumu səpir. Vahid Azərbaycan xalqı var. Bu cür yanaşma və məsuliyyətsiz bəyanatlarla o torpağın tarixinə, qədim mədəniyyətinə arzu etdiyimiz töhfəni qətiyyən verə bilmərik. Sabah bakılı, qarabağlı, naxçıvanlı çıxıb o cür açıq mövqe sərgiləyəndə bizə necə pis təsir edərsə, Rizvan Talıbov, sənin ehtiyatsız bir sözün də onlara eyni tərzdə toxunur və incidir.

Bir də Qərbi Azərbaycanla bağlı nə qədər təşkilat, ictimai birlik yaradıb o yurdu urvatdan, hörmətdən salmaq olar!? Uzağı iki təşkilatla kifayətlənmək o qədərmi çətindir!? Az qala gündə müxtəlif adlarla bir təşkilat zühur edir. Bu lazım deyil. Artıq həmən o Qərbi Azərbaycan dediyimiz yerin, yurdun özü bölünə-bölünə gedir. İrəvanlı, Göyçəli, Dərələyəzli, Zəngəzurlu, Vedibasarlı, Zəngibasarlı, Ağbabalı deyə özümüz parçalanmışıq. Halbuki 20 il öncə bu cür bölünməmişdik. Əgər səhvim varsa, məni anladın. Bəlkə doğrudan qəbahət işlədirəm!?

Bir təklifim var. Gəlin əvvəlcə silaha sarılıb hamılıqla Qarabağ uğrunda savaşa başlayaq. Azərbaycanın Respublıkasının içini düşməndən təmizləndikdən sonra Qərbi Azərbaycanla bağlı hərbi doktrinamızın tələblərini yerinə yetirmək üzərində düşünək!!!!

Eldar SABİROĞLU